Aslan Aslanovun oğlunun qətli yenidən araşdırılacaq; qətlə görə ömürlük alan özünə yeni vəkil tutub
Milli Məclisin 2 fevral iclasında Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Lamiyə Quliyeva ilə bağlı baş verənlər müzakirə mövzusu olub. Deputat Zahid Oruc bildirib ki, Quliyevanın həbsxanada nikahdankənar uşaq dünyaya gətirməsi məsələsi ilə əlaqədar hüquqi qərar verilməli, günahkarlar cəzalandırılmalıdır.
Onun fikrincə, əks təqdirdə Penitensiar Xidmətin fəaliyyətinə ciddi kölgə düşür: “Ümumiyyətlə, Lamiyə Quliyevanın işi və həbsi ilə bağlı məsələdə günahkarlar cəzasını almalıdır. Prokuror, hakim, bu işi aparmış müstəntiq və başqa kim günahkardırsa, o, cəzalandırılmalıdır. Burada insan həyatı üzərindən qaralama kampaniyası aparılır, buna birdəfəlik hüquqi qiymət verilməlidir. Nəzərə alaq ki, bu məsələ dövlətə xəyanətdə ittiham olunan bəzi QHT rəhbərlərinin həbsi ərəfəsində gündəmə gətirilib. Bu məsələdə xüsusilə diqqətli olmaq lazımdır. Bu qadının ətrafında baş verən məhkəmə qərarı olayları kompleks olaraq bizim ədliyyə sisteminə ləkə gətirir”.
Deputat Iqbal Ağazadə də bu məsələ barədə danışıb. O, deyib ki, bütün hallarda həbsxanada cinayət baş verib və bir qadının üzərində qaranlıq oyun getdiyi ortadadır: “Penitensiar Xidmətlə bağlı qanunvericiliyə əsasən rəsmi nikahı olmayan istənilən məhkum içəridə yaxın münasibətdə ola bilməz. Artıq burada nəinki bu yaxınlıq baş verib, hətta naməlum atadan uşaq da dünyaya gəlib. Üstəlik, o qadının dilindən hələ bir müraciət də yayırlar. Indi bir ana və körpənin üzərində oyun gedir. Bu məsələyə aydınlıq gətirilməlidir. Üstəlik, o qadının cəzası hansısa nəzarətçiyə qarşı kobudluq etməsi faktına görə 6 il uzadılıb. Bu, nə dərəcədə ədalətli məhkəmə qərarıdır? Mən xahiş edirəm ki, Milli Məclis, xüsusilə qadın həmkarlarım o qadının hüquqlarının müdafiəsi istiqamətində fəal olsunlar və müvafiq qurumlar bu oyunun qarşısını alsın”.
Vitse-spiker Bahar Muradovanın isə baş verənlərə münasibəti belə olub: “On il əvvəl olmuş məsələnin indi bu şəkildə gündəmə gəlməsi Azərbaycanın məhkəmə sistemi ilə bağlı arzuolunmaz fikir yaratmaq istəyidir. Bu baxımdan məsələ araşdırılmalı, kim günahkardırsa, haqqında qərar verməlidir. Çünki Azərbaycan məhkəməsi obyektiv və ədalətlidir, ona ləkə gətirmək olmaz”.
Bu arada bəlli olub ki, Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən digər şəxs – Lamiyə Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyev yeni vəkil tutub və bu iş yenidən araşdırılacaq. Onun hüquqlarını tanınmış vəkil Adəm Məmmədov müdafiə edəcək. Adəm Məmmədov “Azadlıq”a məlumatı təsdiqləyib: “Əliyev Vüqar Ibrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd olunan cinayət işi üzrə Əliyev Vüqar Ibrahim oğlunun yaxın qohumları mənimlə müqavilə bağladılar. Hazırkı iş üzrə digər məhkum Quliyeva Lamiyə Sahib qızıdır. Hökmlə tanış olduqdan sonra belə qənaətə gəlirəm ki, ədalət bərpa olunacaq”.
Adəm Məmmədov bildirib ki, bir nəfərin öldürülməsinə məhkəmə təcrübəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının verilməsinin statistik göstəricilərdə faiz dərəcəsi sıfıra bərabərdir: “Əliyev Vüqar Ibrahim oğlunun həqiqətdə Aslan Aslanovun oğlunu öldürmədiyi məlumdur. Əgər bu işdə iştirak etsə belə, əvvəllər məhkum olunmamış və bir nəfərin ölümü ilə nəticələnən cinayət hadisəsinə görə ömürlük azadlıqdan məhrum edilməsi məntiqə və məqsədə uyğun deyil.
Aslan Aslanovun oğluna rəhmət və ailəsinə səbr diləyirik. Lakin bütün bunlara baxmayaraq, Aslan Aslanov məhkum Əliyev Vüqar Ibrahim oğlunun ömürlük azadlıqdan məhrum edilməsinə öz qulluq mövqeyindən istifadə edərək hüquq-mühafizə orqanlarına təsiri ilə nail olub”.



