Səbail rayonunda bütün müxalifət partiyaları bir araya gəldi
Ictimai Palatanın daha bir rayon – Səbail şöbəsi təsis olundu. Təsis yığıncağı ötən gün Müsavat partiyasının mərkəzi ofisində keçirildi. Ictimai Palatanın Koordinasiya Şurasının (IP KŞ) üzvü Pənah Hüseyn, regional komissiya üzvləri Rövşən Quliyev, Mustafa Hacıbəyli, palatanın üzvü Nurəddin Məmmədli də Səbail şöbəsinin toplantısında iştirak edirdilər.
6 partiya bir yerdə
Iclas zamanı məlumat verildi ki, Səbail şöbəsinin təsisinə 120 şəxs qatılıb. Onlar Müsavat, AXCP, KXCP, ADP, AXP, VHP üzvləri və bitərəflərdir.
Səsvermə yolu ilə təsisçilər IP-nin rayon şöbəsini təsdiq etdilər. Daha bir səsvermə ilə isə şöbənin 12 nəfərdən ibarət əlaqələndirmə şurası seçildi.
Təşkilati işlər həll olunduqdan sonra yığıncaq iştirakçıları gündəlikdəki başqa məsələlərin müzakirəsinə vaxt ayırdılar. Bu məsələlər ictimai-siyasi vəziyyət və IP-nin 19 iyuna təyin etdiyi mitinqlə bağlı idi.
“Mini-böhran geridə qaldı”
IP KŞ-nin üzvü Pənah Hüseyn və IP üzvləri Nurəddin Məmmədli, Mustafa Hacıbəyli gündəlikdəki məsələlər barədə çıxışlar etdilər. IP-nin 29 aprel və mitinq qərarı verilən sonuncu 21 may sessiyası arasında müqayisəli təhlil aparan Pənah Hüseyn bildirdi ki, bütün parametrlərinə görə (ciddi sənədlərin qəbulu, ovqat, iclasın səmərəliliyi) ikinci sessiya seçilib.
Natiq bu müqayisəni onunla uzlaşdırdı ki, artıq hakimiyyətin 2 aprel mitinqindən sonra başladığı repressiyalar təsirini itirib: “Etiraf etmək lazımdır ki, biz mini-böhran yaşadıq. O mərhələ artıq geridə qaldı. Novxanıda 28 may mitinqi ilə IP öz mütəşəkkilliyi və yüksək ovqatı ilə hakimiyyətə ciddi bir siqnal verdi”.
Mitinq mütləq olacaq
Beynəlxaq demokratikləşmə tendensiyasının artıq Qafqaza daxil olduğunu bildirən Pənah Hüseyn Azərbaycan hakimiyyətinin inadına baxmayaraq, burada da rejim dəyişikliyinin labüdlüyünü qeyd etdi.
“Mütləq mitinq keçirəcəyik” – deyən Pənah Hüseyn bu mitinqin dinc və razılaşdırılmış olması üçün IP-nin sonacan çalışacağını vurğuladı: “Hakimiyyət bu dəfə də mitinq üçün normal yer ayırmasa, IP Nərimanov parkında öz konstitusion hüquqlarını həyata keçirəcək”.
Köklü dəyişiklik üçün
IP üzvü, AXCP sədrinin müavini Nurəddin Məmmədli isə çıxışında IP-nin yaranma zərurəti və vəzifələri barədə danışdı. O dedi ki, Azərbaycanın indiki şəraitində heç bir ayrıca partiyanın hakimiyyət dəyişikliyi etməsi real deyil. Köklü dəyişiklik etmək üçün partiyaların, QHT-lərin və bütövlükdə cəmiyyətin birgə fəaliyyəti lazımdır. Buna görə də IP yaranıb. IP-ni hakimiyyətə alternativ qüvvə, komanda kimi qiymətləndirən Nurəddin Məmmədli hər bir IP üzvünü özünü belə bir statusda təsəvvür etməsinin vacibliyini qeyd etdi.
“IP-nin intellektual mübarizəsinə töhfə verin”
Nurəddin Məmmədlinin fikrincə, 19 iyunda güclü aksiya keçirməklə həm məhbəsdəki siyasi məhbuslara dəstək verilmiş olacaq, eyni zamanda dünya birliyinə Azərbaycanda ardıcıl və fədakar demokratik mübarizənin səngimədiyi göstəriləcək.
Nurəddin Məmmədli Səbail şöbəsinin fəallarını IP-nin intellektual mübarizəsində aktiv olmağa çağırış etdi. O dedi ki, IP-də müxtəlif komissiyalar yaranıb, hər kəs bu komissiyaların işində iştirak etməklə ümumi prosesə fayda verməlidir.
***
IP üzvü Mustafa Hacıbəyli də şöbə fəallarının 19 iyun mitinqində daha yaxşı təşkilatlanmış formada gəlməsini arzuladı. IP-nin Səbail şöbəsinin üzvü Fəxrəddin Ibayev, Mənsur Cəbrayılzadə də çıxış edərək gündəlikdəki məsələlərə münasibətini bildirdi. Sonda şöbə adından 2 aprel məhbuslarının dərhal azad olunması ilə bağlı bəyanat qəbul edildi.
Natiq Güləhmədoğlu


