Klintondan Azərbaycana demokratiya tələbi

Elmar Məmmədyarov ABŞ dövlət katibi ilə görüşdən əvvəl Bakı ilə nəyi müzakirə edib?

Fransada yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli barəsində başlanan sifarişli cinayət işinə xitam verilməsinin səbəbi barədə redaksiyamıza maraqlı məlumat daxil olub. Xatırladaq ki, bu il aprelin 1-də Elnur Məcidli barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsinə həvalə edilmişdi.
Iyunun 2-də isə sözügedən cinayət işinin icraatının dayandırılması qərara alınıb. Respublika Prokurorluğu cinayət işinə hansı səbəbdən xitam verilməsinə aydınlıq gətirməyib. “Azadlıq”a daxil olan məlumatlarda isə deyilir ki, Elnur Məcidli barəsində başlanan cinayət işinə xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ dövlət katibi Hillari Klintonla görüşü ərəfəsində xitam verilməsi təsadüfi deyil.
Bildirilir ki, Elmar Məmmədyarov Hillari Klintonla görüşdən əvvəl Azərbaycan hakimiyyətinin ABŞ-dakı lobbi qrupları ilə təmasda olub. Nazirin diqqətinə çatdırılıb ki, ABŞ dövlət katibi ilə görüşdə Azərbaycandakı 2 aprel aksiyasından sonra şiddətlənən repressiya dalğası ciddi müzakirə ediləcək və nəticə heç də yaxşı olmayacaq. Qarşı tərəfi bir qədər yumşaltmaq üçün hansısa tədbirlər görülməsinə zərurət var. Bundan sonra Elmar Məmmədyarov Bakı ilə əlaqə saxlayaraq lobbi qruplarının mesajını “yuxarılara” çatdırıb. Prezident Administrasiyasında aparılan müzakirələrdən sonra belə qərara gəlinib ki, ilkin mərhələ üçün Elnur Məcidli barəsində başlanan qondarma cinayət işinə xitam verilməsi daha məqsədəuyğundur.
Bununla belə, Elmar Məmmədyarovun Hillari Klintonla görüşü zamanı ABŞ dövlət katibi Azərbaycandakı siyasi məhbusların taleyi ilə maraqlanıb. Nazir həbs edilənlərin cinayət işi ilə bağlı obyektiv araşdırma aparılacağını vəd edib. 
Bu arada “Turan” Informasiya Agentliyi məlumat yayıb ki, Elmar Məmmədyarovla Hillari Klinton arasında olan görüşün böyük hissəsi insan hüquqları və demokratiya sahəsindəki vəziyyətə həsr olunub. Xüsusən, gənc fəalların həbsi və xarici QHT-lərin ölkədən sıxışdırılıb çıxarılması  məsələsinə toxunulub. Lakin mətbuat qarşısına çıxan Klinton və Məmmədyarov bu mövzulardan söz açmayıblar.

Informasiya şöbəsi