Bayden Əliyevdən üz döndərdi

Azərbaycan hakimiyyətinin «ABŞ-la buzlar əriyir» şousu fiaskoya uğradı

Azərbaycan hakimiyyəti həyəcanlı günlər yaşamaqdadır. Bunu hakimiyyətyönlü medianın “Əliyevlə Obama anlaşdı” sərlövhəli yazılarının içərisini oxuyarkən, anlamaq çətin olmur. Hər bu tip məqalənin mətnində bir-birini təkzib edən psevdoarqumentlərlə sübut edilməyə çalışılır ki, Qərblə Azərbaycan hakimiyyəti arasında buzlar əriyir. Amma dediyimiz kimi, arqumentlər də heç bir məntiq və xəbər yükü tanımır. Ən yaxşı halda isə, təşkil edilmiş bloq yazılarına istinadlar var. Elə isə sual olunur: belədirsə, daha bu yazılara və əsaslandırmalara nə ehtiyac var?
Göründüyü kimi, Cənubi Qafqazda baş verən son olaylar bu regionda hadisələrin daha sinxron xarakter aldığını göstərir. Bir tərəfdən Gürcüstana Rusiyanın sübut olunmuş siyasi provokasiyası, digər tərəfdən də Ermənistanda siyasi hakimiyyətin müxalifətlə dil tapmaq cəhdləri diqqəti cəlb edir.
Ermənistanda rejimin yumşalması həm də onunla nəticələndi ki, Rusiya Tiflisi qarışdıraraq demokratik dünyaya öz oyun sahəsində müqavimət göstərdi. Ikincilər isə şəffaflıq prinsipinə əməl edərək Kremli ifşa etdilər. Bu proseslərin işığında Azərbaycanda baş verən həbs və repressiyalar da diqqəti cəlb edən başlıca hadisələr oldu. Görünür ki, Qərb indi növbəti dalğa kimi, Azərbaycan hakimiyyətindən yumşalma tələbini gücləndirib. Hakimiyyət isə indidən belə rəy yaratmaq istəyir ki, bu yumşalmalar təzyiqlərin deyil, əməkdaşlığın nəticəsidir. Ona görə də bu cür təlaşlı arqumentasiyalarla “buzlar əriyir” anonsları verilir.
ABŞ-la Azərbaycan arasında bir istiləşmə olsaydı, təbii ki, 3 gün öncə Italiyada səfərdə olan bu ölkənin vitse-prezidenti Jozef Baydenlə Ilham Əliyev arasında görüş keçirilərdi. Nəinki görüş olmadı, hətta üç addımlıq məsafədə salamlaşma belə, müşahidə edilmədi. Amma elə həmin tədbirdən sonra Bayden Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşdü və öz dəstəyini ifadə etdi. Ilham Əliyev isə yalnız Moldovanın prezidentilə görüşə bildi.
Göründüyü kimi, hakim düşərgənin apardığı və təbliğ etdiyi siyasət heç də real hadisələrə əsaslanmır. Əgər real yaxınlaşma olsaydı, bunu ABŞ-ın rəsmən ikinci şəxsi ifadə edərdi.

Seymur Həzi