Kodlaşdırılmış siyasət

Ruslar da hərdənbir maraqlı şeylər yazırlar. Bugünlərdə gözüm bir statistik cədvələ sataşdı. Məlum olur ki, Rusiya əhalisinin dörddə üç hissəsi indilər az təminatlılara və ən çox ehtiyacı olanlara aiddir. Lakin bu məni bir o qədər də narahat etmədi. Rusların problemidir, qoy, özləri həll etsinlər. Düşündüm ki, bəlkə biz daha yaxşı vəziyyətdə olarıq. Amma təəssüf…

Yaxşı vəziyyətdə, nə qədər təəccüblü olsa da, Belarusdur. Daha pis vəziyyətdəsə Azərbaycan, Qazaxıstan və Ukraynadır. Azərbaycanda aztəminatlılar əhalinin 85,4 faizini təşkil edir. Iki göstəricinin cəmi, yəni aztəminatlılar və ən çox ehtiyacı olan insanların sayı əhalinin 90 faizindən çoxdur. Doğrusu, mən bilmirəm buna nə dərəcədə inanmaq olar. Hər halda, bu da bir sosioloji tədqiqatdır, bilmək və xəbərdar olmaq ziyanlı deyil.Təbii ki, ölkədə həyat burada təsvir edilən qədər də qaranlıq deyil. Üstəlik, məlum deyil ki, bu ədədlər hansı metodika əsasında alınıb. Nə isə.Bu tədqiqatda mənim razılaşmalı olduğum bir şey varsa, o da budur ki, keçmiş SSRI-nin yerində xalis anti-sosial dövlətlər yaranıb. Ədədlərlə razılaşmaya bilərəm, amma bu fikirlə tam razıyam.

Ilk baxışda bunlar liberal dövlət modellərinə bənzəyirlər. Amma əslində, belədir və ya başqa cürdür? Təbii ki, liberal dövlət tək özünütəminatla xarakterizə olunmur, onun başqa keyfiyyətləri də olmalıdır. Bəli, sosial öhdəliklərdən söz düşəndə liberal dövlət modeli bunların xoşuna gəlir, lakin insanlara heç olmasa, minimal azadlıqlar və müstəqillik vermək haqda söhbət gedəndə o saat liberal dövlət modelindən çəkinirlər. Bir sözlə, bu ölkədə heç nə, eləcə də liberal dövlət modeli öz mahiyyətində qəbul olunmur.

Razılaşdığım digər məqam milli sərvətin bölünməsindəki anti-sosiallıqdır. Bəli, bununla bağlı mən istənilən ədədə inana bilərəm. Ədalətli paylaşdırma mexanizmi yoxdur, polyarizasiya kritik həddə çatıb, bir ifrat dərəcədə varlılar və bir də kasıblar var. Lenin sağ olsaydı, buna çürüyən kapitalizm və ərəfə deyərdi! Amma elə onsuz da bu rejimin sərt və inhisarçı mahiyyəti hamıya aydındır.

Qəribədir, Avropada sosial hüquqlar çox güclüdür. Biz də Avropa Şurasının üzvüyük və Sosial Xartiyaya qoşulmuşuq. Səhv etmirəmsə, Sosial Xartiyanın əsas tələblərindən biri minimum əməkhaqqının ehtiyac zənbili tərtibində olması və onunla indeksləşdirilməsidir. Amma təəssüf…Rusiyanı ÜTT-yə Gürcüstan buraxmır, bəs bizə kim mane olur?

Bu, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) məsələsi də maraqlıdır. Gürcülər neçə illərdir Rusiyanı bu təşkilatdan kənarda saxlayır. Biz də hələ təşkilata üzv deyilik. Doğrusu, əvvəllər elə bilirdim ki, Ermənistan bunun qarşısını alır. Bir neçə ekspertdən soruşdum, lakin onlar mənim şübhəmi bölüşmədi və mən lap çaşıb qaldım. Bəs onda biz niyə bu təşkilatın üzvü deyilik? Bəzi ehtimallara görə məsələ statusa ilişib qalıb. Belə ki, dövlətlər ÜTT-yə statusla qəbul olunurlar və bizimkilər də çalışırlar ki, ölkə əlverişli status alsın.

Amma suallar yaranır. Bəs Ermənistan və Gürcüstan bu təşkilata hansı statusla daxil olublar? Necə olub ki, onlar bu təşkilata bizdən əvvəl üzv ola biliblər? Hər halda, bu sualların cavabı mənə aydın deyil.

Hə, siyasət qapalı aparılır və biz heç nəyin səbəbini bilmirik. Hamı kodla, sirlə danışır. Əsas da xarici siyasətdə. Guya xarici siyasətdə aydınlıq olsa, dünya dağılacaq! Indi bu sözləri deyəndə başqa bir məsələ yadıma düşdü. Bəli, Qarabağ problemi və bu ay Kazanda gözlənilən ümid dolu görüş.Sirlərlə dolu Kazan görüşü

Ümidlər, optimizm dolu bəyanatlar… Bu fonda biz sanki tapmaca tapmaqla məşğuluq. Məsələyə aydınlıq gətirilsə, hər şey olduğu tək insanlara təqdim olunsa, nə baş verə bilər? Bəlkə müxalifətdən və ya ictimai rəydən ehtiyat edirlər? Güman etmirəm ki, indiki vəziyyətində bunlar xarici siyasətin incə mətləbləri üçün hansısa formada əngəl ola bilərlər. Sadəcə, bu hakimiyyət hesabat verməyə, aydınlıq gətirməyə, məlumatlandırmağa ehtiyac duymur.Ona görə də hər şeyi “kod”laşdırırlar, guya ki, çox ciddi işlə məşğuldular!