“Əliyevi tənqid edən jurnalistin həbs müddəti uzadıldı”
ATƏT bir daha Əliyevi repressiyaları dayandırmağa çağırdı
Araşdırmaçı jurnalist Xədicə Ismayılın barəsində həbs-qətimkan tədbirinin daha iki ay uzadılmasına dair məhkəmə qərarına dərhal ATƏT-dən reaksiya verilib. Bu barədə Böyük Britaniyanın “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycanda prezident Ilham Əliyevi tənqid edən jurnalistin barəsində ilkin istintaq dövrü üçün seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadıldı. Bu da keçmiş sovet ölkəsi olan Azərbaycanda mətbuat azadlığıyla bağlı ATƏT nümayəndələrinin narahatlığını daha da artırır.
Xəbərdə qeyd olunur ki, hüquq müdafiəçiləri və tənqidçilər Əliyevi ölkə fərqli fikirləri boğmaqda, opponentlərini həbsxanaya saldırmaqda ittiham edir. Bu fikirdə olanların əsaslandığı faktlardan biri də “Azadlıq” radiosunun jurnalisti Xədicə Ismayılın həbsidir.
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç dünən bir daha Azərbaycan hökumətini həbsdəki bütün jurnalistləri və ifadə azadlığını müdafiə edənləri, o cümlədən Xədicə Ismayılı azad etməyə çağırıb.
“Miyatoviç Azərbaycanda media azadlığı sahəsində vəziyyətin sürətlə pisləşməsi, o cümlədən ”Azadlıq” radiosunun Bakı bürosuna və Reportyorların Azadlıq və Təhlükəsizlik Institutuna hücumla əlaqədar növbəti dəfə narahatlığını ifadə edib”, – deyə ATƏT-in bəyanatında bildirilir.
Neft-qaz məsələsində Bakının Rusiyaya alternativ olması Qərbin Azərbaycanda insan haqlarının pisləşməsinə tənqidi yanaşmasının qarşısını alır.
Əhalisi əsasən müsəlman olan bu keçmiş sovet ölkəsinin rəhbərliyi iddia edir ki, təxminən 9 milyon vətəndaş söz azadlığından tam şəkildə istifadə edə bilir, ölkədə müxalifət mətbuatı var.
Yanvarın 27-də barəsində həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadılan Xədicə Ismayıl dekabrın 5-də həbs olunub. O, keçmiş həmkarını intihara vadar etməkdə ittiham olunur. Bu ittiham üzrə onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Ümumiyyətlə, ötən il Azərbaycanda çoxlu sayda jurnalist və hüquq müdafiəçiləri həbs olunub. Onların əksəriyyətinə qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq, xuliqanlıq kimi ittihamlar irəli sürülüb. Onların vəkilləri bu işlərin siyasi motivli olduğunu bildirdiklərinə görə müdafiə prosesindən uzaqlaşdırılıb. Bu da hökumətin fərqli fikirlilərə qarşı repressiyalarının tərkib hissəsidir.
Informasiya şöbəsi


