İlham Əliyev ölkədə valyuta böhranının anonsunu verdi
Samir Əliyev: «Hökumət manatın devalvasiyasına gedərsə, ucuzlaşma ən azı 10 faiz olacaq»
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən dövlət başçısı hökumətin manatla bağlı hansı siyasət yürüdəcəyinin anonsunu verib. I.Əliyevin manatla bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.
I.Əliyev etiraf edib ki, manatın həddən artıq möhkəmlənməsi yolverilməzdir: “Indi bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. Iqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.
Bundan əvvəl dünyadakı böhranın Azərbaycana təsir etməyəcəyi deyilsə də I.Əliyevin bu dəfəki fikirləri tam fərqli olub: “Ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişmişdir. Istisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. Istisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq”.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl də Mərkəzi Bankın (AMB) Idarə Heyətinin sədri Elman Rüstəmovun ölkədə baş verənlərlə bağlı təşviş dolu açıqlaması olmuşdu: “Bəzi iqtisadi güc mərkəzlərinin yürütdüyü məsuliyyətsiz, populist makroiqtisadi siyasət qlobal böhranın yaranmasına səbəb olub”.
Bəs manatın dəyəri nə qədər azaldıla bilər? Bu proses cəmiyyətdə panikaya səbəb ola bilərmi? Rusiya rublunun məzənnəsinin aşağı düşməsi Azərbaycan vətəndaşında elə fikir yarada bilər ki, oxşar hadisələr burada da olacaq.
Çünki iqtisadi proseslərdə panikanın yaşanması ciddi fəsadlar yarada bilər. Bir sıra ekspertlər hesab edir ki, manatın məzənnəsi ilə bağlı yarana biləcək problem əvvəlcədən nəzərə alınmalı idi. Hazırda manatın kursunun aşağı salınması ölkədə durumu qəlizləşdirə bilər.
Ölkə iqtisadiyyatının və büdcənin neftdən asılı olduğunu deyən iqtisadçı Samir Əliyev bildirdi ki, ixracın da 93 faizi neft və neft məhsullarından ibarətdir. Neft gəlirləri azaldığından ölkəyə gələn pulların da həcminin azaldığını söyləyən S.Əliyev vurğuladı ki, hazırkı dönəmdə hakimiyyət qeyri-neft sektorunu inkişaf etdirməyə hazırlaşır. Belə bir siyasətin yürüdlməsi üçünsə, milli valyuta baha olmamalıdır: “Qeyri-neft sektorunu inkişaf etdirmək istəyirsənsə, ölkənin məhsulları elə qiymətdə olmalıdır ki, onlar beynəlxalq rəqabətə dözsünlər. Bəzən fəxr ilə vurğulanır ki, Azərbaycanda manat güclü valyutadır. Amma diqqət yetirsək görərik ki, Azərbaycanın xarici tərəfdaşlarının və qonşu ölkələrin valyutaları manatdan ucuzdur. Bu isə o deməkdir ki, Azərbaycanın ixrac etdiyi məhsulların beynəlxalq bazara çıxışı baha başa gəlir. Əksinə, xaricdən gətirilən mallar isə Azərbaycanda yerli məhsula nisbətən ucuz olur. Bu isə qeyri-neft sektorunun inkişafına problemlər yaradır. Yaranmış vəziyyətdə çıxış yolu manatın ucuzlaşdırılmasıdır. Amma hazırda olduqca həssas dövürdür. Biz həmişə manatın ucuzlaşmasını təklif edirdik. Amma manatı neftin qiyməti düşməmişdən öncə ucuzlaşdırmaq lazım idi”.
S.Əliyev onu da vurğuladı ki, hazırkı dönəmdə manatın ucuzlaşması müəyyən panika yarada bilər. Məhz bu panikanı saxlamaq çox çətin ola bilər. Keçən ilin dekabrında Mərkəzi Bankın öz valyuta ehtiyatlarının səkkiz faizini xərclədiyini deyən S.Əliyev bildirdi ki, böyük ehtimalla yanvarda da eyni xərcləmə həyata keçiriləcək: “Manatı indiki səviyyədə saxlamaq çox çətin olacaq. Çünki neft ucuzdur. Dövlət başçısının çıxışından da bəlli olur ki, deyilənlər manatın devalvasiyası ilə bağlı ilkin siqnallardır. Söhbət avroya nisbətdə ucuzlaşmadan gedir. Amma Azərbaycan manatının kursu avroya nisbətdə qəbul edilmir. Manatın kursu dollara nisbətdə müəyyən edilir. Əgər dövlət başçısının dediyi kimi manatla avronu bərabərləşdirsək, o zaman bu o deməkdir ki, manat 11 faiz ucuzlaşmalıdır. Amma mən devalvasiya məsələsini qabartmaqda tələsməzdim. Əgər hökumət buna gedərsə, ucuzlaşma ən azı 10 faiz olacaq. Bu göstərici hətta 20-30 faiz civarında dəyişə bilər”.
Xəyal