Əliyevlə görüş Norveç şahzadəsinə problem yaradıb

Helsinki Komitəsi Bakıya səfərə hazırlaşan Hakonu insan haqları məsələsini qaldırmağa çağırıb

Şahzadə Heydər Əliyevin qəbrinə gül qoyacaqsa, o zaman Elmar Hüseynovun qəbrinə də gül qoyması məqsədəuyğundur

Norveç Helsinki Komitəsinin baş katibi Byorn Engesland və informasiya departamentinin rəhbəri Berit Lindeman varis şahzadə Hakonun iyunun 6-7-də ənənəvi “Xəzər Neft-Qaz” sərgisində iştirak üçün Bakıya gözlənilən səfəri ilə bağlı Norveç XIN-ə açıq məktub göndəriblər.
“XIN və Neft və Energetika Nazirliyi bizim şahzadə Hakonun planları ilə bağlı fikrimiz haqqında məlumatlıdır. Ümid edirik ki, şahzadə gedəcəksə, səfər proqramı elə təşkil olunacaq ki, səfər insan hüquqları sahəsində əsas problemlərə toxunsun. 10 il əvvəl Avropa Şurasına daxil olmasına baxmayaraq, ölkə bir neçə kiçik öhdəliyi yerinə yetirib. Buna görə varis şahzadənin səfər proqramı böyük rəmzi əhəmiyyət daşıyacaq”, – deyə müraciətdə bildirilir.
Mayın 26-da redaktor Eynulla Fətullayev 4 illik həbsdən sonra amnistiya ilə azad olunub. Baxmayaraq ki, Avropa Insan Hüquqları Məhkəməsi 2010-cu ilin aprelində onun dərhal azad edilməsini tələb etmişdi. Bu, Azərbaycan hakimiyyətinin Məhkəmənin qərarına münasibətini göstərir. Helsinki Komitəsi hesab edir ki, Norveç hakimiyyəti azərbaycanlı həmkarları ilə görüşlərdə bu məsələləri qaldırmalıdır.
Avropa Şurasına daxil olmasına və iri xarici investisiyalara baxmayaraq, bu 10 ildə Azərbaycanda insan hüquqlarına riayət olunması getdikcə pisləşib. Neft gəlirləri artdıqca Azərbaycan hakimiyyətinin qəddarlığı da artıb ki, bu da siyasi iradənin olmadığını göstərir. Son aylar baş verən repressiyaları xalqın ərəb inqilablarının təsiri altında üsyan edəcəyi qorxusu ilə əlaqələndirmək olar.

Statoil qarşısında şərt

Bir tərəfdən Norveç hakimiyyəti insan hüquqlarının təşviqini istəyir, digər tərəfdən ölkədə Norveç şirkətlərinin, xüsusən Statoil-in maraqlarını və investisiyalarını müdafiə etmək istəyir. Azərbaycan dünyada ən çox korrupsiyaya uğramış ölkələrdən biridir. Demokratiya və müstəqil məhkəmə sistemi olmadan, Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə istənilən səylər böyük nəticə verməyəcək.
Statoil Azərbaycanda insan hüquqlarının möhkəmlənməsinə şərait yaratmalıdır. Insan hüquqları ilə məşğul olan təşkilatları və müstəqil və müxalif KIV-ləri dəstəkləməli, onlara reklam verməlidir. Statoil insan hüquqları da daxil olmaqla, siyasi məsələlər üzrə Norveç hakimiyyəti qarşısında məsuliyyət daşıyır.

Şahzadə Əliyevdən nələri tələb etməlidir?

Buna görə Norveç nümayəndə heyəti Azərbaycan hakimiyyəti qarşısında aşağıdakı məsələləri qaldırmalıdır:
Son etiraz aksiyaları zamanı həbs olunmuş fəalların, ilk növbədə Cabbar Savalan, Bəxtiyar Hacıyev, Rüfət Hacıbəyli, Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslı, Əhəd Məmmədli və Sahib Kərimovun azad edilməsi.
Bundan başqa, hələ 2005-ci ildə həbs olunmuş Ruslan Bəşirli azad olunmalıdır. Daha bir nəfərin taleyi narahatlıq doğurur. Bu, 1995-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə 2008-ci ildə 13 il müddətinə həbs edilmiş Məmmədəli Əliyevdir. O, həbsdə artıq ürək əməliyyatı keçirib və siyasi məhbus hesab olunur. Son 10 ildə Azərbaycan hakimiyyəti seçki qanunvericiliyini müzakirə edir və dəyişir, lakin indiyədək seçki sistemi əhalinin etimadını qazanmayıb, seçkilər isə ATƏT-in tənqidinə səbəb olur. Hakimiyyət partiyalar və vətəndaş cəmiyyəti ilə real məsləhətləşmələr əsasında bu və digər problemlərin həllini tapmalıdır.
Bakıda Insan Hüquqları Evi (Norveç təşəbbüsü) hakimiyyət tərəfindən zorla bağlanıb. Nümayəndə heyəti bu məsələni qaldırmalı və onun fəaliyyətinin bərpasına nail olmalıdır.
Nümayəndə heyəti, həmçinin müstəqil KIV-lərə təzyiqlərə son qoyulması haqqında məsələ qaldırmalıdır. Naxçıvandakı vəziyyət xüsusi narahatlıq doğurur. Burada insan haqları, xüsusilə kobud şəkildə pozulur. Bu, güclü təzyiqlərə məruz qalan hüquq müdafiəçisi Məlahət Nəsibovaya da aiddir.

Əliyevin məzarını ziyarət edəcəksə…

“Nümayəndə heyətinin Bakıda vətəndaş cəmiyyəti ilə görüş keçirmək planlarını alqışlayırıq və iştirakçıları diqqətlə seçməyi, onların insan hüquqları ilə məşğul olan məşhur təşkilatların nümayəndələri olduğundan əmin olmağı xahiş edirik. Varis şahzadə və nümayəndə heyətinin digər üzvlərinin gənc siyasi məhbuslara dəstək komitəsi ilə görüşməsi yerinə düşərdi. Nümayəndə heyəti, həmçinin Eynulla Fətullayevə və onun ailəsinə baş çəkməlidir.
Prezident Heydər Əliyevin qəbrinə gül qoyulması mərasimi də planlaşdırılır. Buna görə varis şahzadə Hakonun qətlə yetirilmiş redaktor Elmar Hüseynovun qəbrinə də gül qoyması məqsədəuyğun olardı”, – deyə müraciətdə qeyd edilir(Turan).