«Duzlu göl»ü şəxsi mülkünə çevirən PA rəsmisinin qardaşı oğlunun dəstəsi köçkünlərə hücuma keçdi
Bakının Suraxanı rayonundakı “duzlu göl” ətrafında məskunlaşan və xırda ticarətlə məşğul olan məcburi köçkünlərlə PA şöbə müdiri Novruz Məmmədovun adamları arasında qarşıdurma olub. Bunu “Turan”a məcburi köçkün Səxavət Məmmədov bildirib. Onun sözlərinə görə, dünən N.Məmmədovun adamları Suraxanı rayon məhkəməsinin qərarına istinad edərək məcburi köçkünləri məskunlaşdıqları ərazidən çıxarmaq üçün zorakılığa əl atıblar. Nəticədə bir neçə nəfər bərk döyülüb, iki nəfər isə ciddi xəsarət alıb.
S.Məmmədov bildirib ki, qaçqınların üzərinə “hücum”a N.Məmmədovun qardaşı oğlu Ənvər Məmmədov başçılıq edib. Amma Suraxanı rayon polis idarəsi 30 saylı bölməsinin əməkdaşları hadisə yerinə gələrək, olayın böyüməsinin qarşısını alıblar.
S.Məmmədov Qarabağdan qaçqın düşdükləri 1993-cü ildən bu yana bu göl ətrafında məskunlaşaraq yay zamanı buraya gələn vətəndaşlara xırda ticarət xidməti göstərdiklərini deyib.
Bu ətrafda 47 məcburi köçkün ailəsi məskunlaşıb.
Son 5-6 ildə məcburi köçkünlər özlərini müxtəlif adlar altında təqdim edən insanlar tərəfindən təzyiqlərə məruz qalırlar. Belə ki, adı çəkilən ərazini PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun aldığı deyilir. Məcburi köçkünlər təzyiq edənlər sırasında N.Məmmədovun qardaşı oğlu Ənvər Məmmədovun da adını çəkirlər. Bu yer məsələsilə bağlı Suraxanı rayon məhkəməsində məhkəmə prosesi olub, N.Məmmədovun adamları prosesi udub.
Amma məcburi köçkünlər dövlət başçısı Ilham Əliyevin məcburi köçkünlər öz yerlərinə qayıdana, ya yeni qəsəbələrdə yerləşdirilənə kimi məskunlaşdıqları yerlərdən çıxarılmaması haqda 2004-cü ildə imzaladığı sərəncamı yada salaraq, bu addımların qanunsuz olduğunu bildirirlər.”Bu adamlar dövlət başçısının sərəncamını saymır, zor gücünə bizi ərazidən çıxarmaq istəyirlər”, – deyə S.Məmmədov qeyd edib.
Məcburi köçkünlərin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə “Turan”a bildirib ki, baş verən hadisə ilə bağlı şikayət hazırlanır və cümə günü məcburi köçkünlərin PA binası önündə aksiya keçirməsi nəzərdə tutulur.