Beynəlxalq mahnı müsabiqəsi üçün yeni arenanı komitə sədrinin sahibi olduğu şirkət inşa edəcək
2012-ci ildə Azərbaycanda keçiriləcək “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi üçün yeni arenanın tikilməsi “Azinko” şirkətinə tapşırılıb. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbə deyib ki, yeni arena Bayraq Meydanının yaxınlığında tikiləcək.
“Azinko” şirkəti əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənova məxsusdur. Şirkəti qardaşı, deputat Malik Həsənov idarə edir.
“Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi üçün yeni arenanın harada tikiləcəyi barədə rəsmi açıqlama isə hələ ki, verilməyib. Yalnız gənclər və idman naziri Azad Rəhimov bu məsələ ilə bağlı açıqlamasında yeni arenanın Bayraq Meydanında tikilə biləcəyinə işarə vurub. “Yeni arenanı 8 ay müddətində inşa etmək gücündə olan şirkət tapılsa, biz istərdik ki, bu, Bayraq Meydanının yaxınlığında tikilsin”,- deyə nazir bildirib. Azad Rəhimov deyib ki, əks-təqdirdə mahnı müsabiqəsi üçün Idman Konsert Kompleksi yenidən qurulacaq.
Mənbənin sözlərinə görə, bu məsələ ilə bağlı Kərəm Həsənovla ciddi söhbət olunub. Komitə sədri də “yuxarıları” sahibi olduğu şirkətin arenanı 8 aya tikə biləcəyinə inandırıb.
Oxucuların diqqətinə çatdıraq ki, Kərəm Həsənova məxsus “Azinko” şirkəti əsasən hakim ailənin marağında olan obyektlərin inşası ilə məşğul olur. Məsələn, Milli Məclislə üzbəüz ailəyə məxsus otelin və Heydər Əliyev Mərkəzinin tikintisini bu şirkət həyata keçirir.