Səməd Seyidov və Asim Mollazadə ABŞ-da nə danışacaq?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asim Mollazadə ABŞ-da səfərdə olacaqlar.

Parlamentdən APA-ya verilən məlumata görə, deputatlar yanvarın 30-da Vaşinqton şəhərində keçiriləcək Atlantik Şuranın konfransında iştirak edəcəklər.

Tədbirdə “Avropanın Şərqində transatlantik strategiyaya doğru” mövzusu ətrafında müzakirələr aparılacaq. Toplantıda deputatlar məsələ barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər fevralın 4-də başa çatacaq.

2013-cü ildə də Milli Məclisin 4 deputatı -Səməd Seyidov, Sevinc Fətəliyeva, Sahibə Cəfərova və Asim Mollazadə ABŞ-a səfər etmişdilər. Onlar Vaşinqtonda Con Hopkins Institutunda lobbiçilər və ekspertlər qarşısında çıxış edərək Azərbaycanın qarşısında duran məsələlərdən danışmışdılar. “Ölkəyə təhlükə şimaldan və cənubdan gəlir” deyən Səməd Seyidov əlavə etmişdi ki, Azərbaycanı ABŞ ilə yaxın olmaq cəhdlərinə görə “sendviç kimi” əzirlər.

Indi Azərbaycan hakimiyyətilə ABŞ arasında münasibətlər gərgindir. Hətta o səviyyədədi ki, Bakı ABŞ səfirliyi üçün  yeni binanın tikilməsi ilə bağlı müqavilədən imtina edib. Bu baxımdan Səməd Seyidovla Asim Mollazadənin bu dəfə nə deyəcəkləri maraq doğurur.