Avropa Şurası Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin yenidən məhdudlaşdırılmasını müzakirə edir
Rusiyanı beynəlxalq bank sistemindən ayırmağı planlaşdırırlar
Dünən Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası başlayıb. AŞ PA-nın Böyük Britaniyadan olan deputatı Robert Uolter Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklifilə çıxış edib.
“Rusiya Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirmir, bu təşkilatın prinsiplərini ciddi şəkildə pozur”, – deyə britaniyalı deputat bildirib. O qeyd edib ki, bu cür davranışına görə bir sıra dövlətlər və təşkilatlar tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq olunub.
AŞ PA-nın qaydalarına görə, hər hansı dövlətin nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına dair təklif varsa, məsələ komissiyaların birində, daha sonra Assambleyanın iclasında müzakirəyə çıxarılır.
AŞ PA prezidenti Ann Broşür da bildirib ki, Rusiya nümayəndə heyətinin səlahiyyətilə bağlı məsələyə yanvarın 28-də baxılacaq. Assambleya üzvləri komissiyanın hazırladığı qətnamə layihəsini müzakirə edərək, səsverməyə çıxaracaq.
Narışkin Avropa Şurasını üzvlükdən çıxmaqla hədələdi
Rusiya isə nümayəndə heyətinə qarşı sanksiyanın tətbiqinin yolverilməzliyinə dair məruzə hazırlayıb. Hesab edir ki, bu addım Avropa Şurasının özünün Nizamnaməsinə ziddir. Bu barədə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib. Narışkin eyni zamanda, Avropa Şurasını bu təşkilatdan çıxmaqla hədələyib: “Rusiya AŞ PA seydanında dialoqu qiymətləndirir. Amma nümayəndə heyətimizin səlahiyyəti tam şəkildə təsdiqlənməsə, Rusiyanın bu təşkilata üzvlüyü dayandırılacaq. Buna görə məsuliyyət həmin qərarı qəbul edənlərin üzərində qalacaq”.
Xatırladaq ki, ötən ilin aprelində AŞ PA-nın yaz sessiyasında Krımın işğalı ilə əlaqədar bu ilin yanvarınadək Rusiya nümayəndə heyətinin səsvermə hüququ dondurulmuş, bu ölkədən olan deputatlar Assambleyanın bütün rəhbər orqanlarından xaric edilmişdi. Həmin vaxt rusiyalı deputatlar etiraz əlaməti olaraq, sessiyanı vaxtından əvvəl tərk etdilər və AŞ PA-nın işində iştirak etmədilər. O vaxtdan bəri Rusiya nümayəndə heyəti Strasburqa gəlmirdi. Onlar AŞ PA-nın yay və payız sessiyasında iştirak etməmişdilər.
Polşa prezidenti sanksiyaları ağırlaşdırmağı təklif edir
Hər dəfə AŞ PA-nın yanvar sessiyasında üzv dövlətlərin nümayəndə heyətlərinin səlahiyyətləri təsdiqlənməlidir.
Bu arada, Avropa Ittifaqı da Ukraynanın şərqində vəziyyətin gərginləşməsilə əlaqədar Avropa Ittifaqı da Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə qərar verə bilər. Xüsusən Almaniya və Polşa siyasətçiləri bu haqda bəyanatlarla çıxış edirlər.
Polşa prezidenti Bronislav Komarovski Avropa Ittifaqını Rusiyaya qarşı daha sərt sanksiyaları nəzərdən keçirməyə çağırıb. O bildirib ki, Ukraynanın şərqində baş verənlərə Qərb dünyasının reaksiyası çox sərt olmalıdır.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer də qeyd edib ki, kimsə kor-koranə sanksiyaların tərəfdarı deyil. Amma Ukraynanın şərqində separatçıların son addımları vəziyyəti bir qədər də ciddiləşdirib və Avropa mütləq buna reaksiya verməlidir.
Merkel Putinə nə deyib?
Almaniya kansleri Angela Merkel də vəziyyətin gərginləşməsilə əlaqədar Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko ilə telefonla danışıb. Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib. Danışıq zamanı Almaniya kansleri Moskvanı gərginliyin artmasından çəkinməyə, separatçılara təzyiq göstərməyə çağırıb.
Kremlin mətbuat xidməti də Merkellə Putin arasında telefon danışığı olduğunu təsdiqləyib.
Poroşenko ilə söhbətin mövzusuna gəlincə, Merkel Ukraynanın şərqində bugünlərdə baş vermiş hücum zamanı dinc sakinlərin dünyasını dəyişməsinə görə Poroşenkoya başsağlığı verib. Mariupol şəhərinin atəşə tutulması nəticəsində ən azı 30 nəfər dinc sakinin qətlə yetirilməsini Merkel “atəşkəs rejiminin pozulması” kimi qiymətləndirib.
“Rusiya bankları SWIFT-dən ayrılsa, ABŞ səfiri Moskvanı tərk etsin…”
Rusiyaya qarşı sanksiyalar sərtləşdirilərək bu ölkənin banklarının SWIFT-dən ayrılması Moskva ilə ABŞ arasında əlaqələrin qırılması anlamına gələcək. Bunu Davosda keçirilən Dünya Iqtisadi Forumunda “Vneştorqbank”ın (VTB) Idarə Heyətinin sədri Andrey Kostin deyib.
“Biz artıq banklararası hesabların lokal sistemini yaratmışıq. Bu da SWIFT-i əvəz edə bilər. Biz milli valyutada hesablar sisteminin yaradılmasına dair çinli tərəfdaşlarımızla danışıqlar aparırıq. Lakin bir məsələni qeyd etmək istəyirəm, əgər bu cür hallar (Rusiya banklarının SWIFT-dən ayrılması) baş versə, bu, Qərblə Şərq arasında qlobal münasibətlərin ciddi şəkildə pisləşməsinə gətirib çıxaracaq”, – deyə Kostin qeyd edib.
Onun sözlərinə görə, ayrılma məsələsi baş tutsa, ertəsi gün həm Rusiyanın Vaşinqtondakı, həm də ABŞ-ın Moskvadakı səfirləri bu ölkələri tərk edə bilərlər: “Çünki analoji hal bundan əvvəl də baş verib – ABŞ-la Iran arasında. Bunun nəticəsində iki ölkə arasında siyasi dialoq, mədəni və digər əlaqələr dayandırıldı. Başqa sözlə, belə bir qərar verilsə, deməli, Rusiya və ABŞ arasında heç bir əlaqə olmayacaq”.
Siyasət şöbəsi



