Sabiq rəis Tacikistandan geri çağırıldıqdan sonra bir neçə dəfə nazirlikdə görünüb
Bakı Şəhər Baş Polis Idarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistanda səfiri olmuş Məhərrəm Əliyevin yüksək vəzifəyə gətiriləcəyi barədə xəbərlər hələ bir müddət əvvəl yayılmışdı. Həmin məlumatlarda iddia edilirdi ki, Məhərrəm Əliyev milli təhlükəsizlik nazirinin müavini təyin ediləcək. Generalın yaxınları da onun yeni təyinatı ilə xəbəri nə təsdiq, nə də təkzib etmişdilər. Lakin bu məlumatdan sonra səfir kimi səlahiyyət müddəti bitən Məhərrəm Əliyev geri çağırıldı. Bu, sabiq rəisin nazir müavini təyin ediləcəyi barədə xəbərin əsassız olmadığı ehtimallarını bir qədər də artırdı.
Dünən isə redaksiyamıza məlumat daxil olub ki, Məhərrəm Əliyev Tacikistandan geri çağırıldıqdan sonra bir neçə dəfə Milli Təhlükəsizlik Nazirliyində (MTN) görünüb. Onun MTN-də hansı səbəbdən olması barədə konkret məlumat yoxdur. Yalnız o bəllidir ki, Məhərrəm Əliyev MTN rəhbərliyi ilə görüşərək hansısa məsələlər barədə müzakirələr aparıb. Ehtimal edilir ki, müzakirələr sabiq rəisin yeni təyinatı ilə bağlı olub. Hər halda milli təhlükəsizlik nazirinin müavini kifayət qədər yüksək postdur və bu vəzifəyə təyin ediləcək şəxslə “tanışlıq söhbətləri” aparıla bilər.
Başqa bir məlumatda isə deyilir ki, Məhərrəm Əliyev artıq nazir müavini təyin edilib. Sadəcə bu xəbər hələ ictimaiyyətə açıqlanmır.
Informasiya şöbəsi



