Tarix dərsliyindəki saxtakarlığa sərt etiraz

Cəmil Həsənli alimlərimizin tariximizi təhrif etməsindən yazdı

“Hecə olur ki, bu gün Yaqub Mahmudov türkçü olur, biz anti-türkçü…”

 

Tarix humanitar elmdir. Yəni onu dəqiq olmayan elmlər siyahısına salıblar. Amma tarixi faktlar da mövcuddur və bu faktları danmaq mümkün deyil. Bəlkə də eramızdan əvvəl baş vermiş hansısa hadisəni yanlış təsəvvür etmək, qiymətləndirmək mümkündür. Amma yaxın tarixin xeyli dəlilləri var və bu, bütün tarixçilərə məlumdur.

Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli öz “facebook” səhifəsində yazdığı qeydlərlə göstərdi ki, bugün məqsədli şəkildə Azərbaycan tarixi saxtalaşdırılır. Tarixçi alim orta məktəbin tarix dərsliyində “Azərbaycan xanlıqları” mövzusunun yarımçıq işlənildiyini yazır: 

“Yaqub Mahmudov, Hafiz Cabbarov və Leyla Hüseynovanın yazdığı “Azərbaycan tarixi. Ata yurdu” adlı ümumtəhsil məktəblərinin 5-ci sinifi üçün yazılmış dərslikdə “Azərbayjanın parçalanması” paraqrafında Şimali Azərbaycan xanlıqlarının, demək olar, hamısının adı keçsə də, Talış xanlığı haqqında bir kəlmə də yoxdur. Məsələn, Gülüstan müqaviləsi ilə bağlı müəlliflər yazırlar ki, “Naxçıvan və İrəvan xanlıqlarından, Ordubad mahalından başqa, Araz çayından şimaldakı bütün Azərbaycan torpaqları Rusiya imperiyası tərəfindən işğal edildi”. Yaxşı, Talış xanlığı Araz çayından və həmin çay Kürə qovuşduqdan sonra Kür çayından şimalda yerləşmir. Bəs, Gülüstan müqaviləsinə görə hazırda vətənimizin bir hissəsi olan bu xanlığın taleyi necə oldu? Maraqlıdır, eyni yanaşma Türkmənçay müqaviləsi haqqında verilən məlumatda da təkrar olunmuşdur. 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsilə bağlı dərsliyin 110-ju səhifəsində qeyd edilir ki, bu müqavilə ilə “Naxçıvan və İrəvan xanlıqları da Rusiyanın əsarətinə düşdü. Ölkəmizin və xalqımızın parçalanması rəsmiləşdirildi. Azərbaycanın Araz çayından şimaldakı bütün torpaqları Rusiya tərəfindən işğal olundu”. Yenə sual olunur: Bəs Talış xanlığı harada qaldı? Bu xanlığın əraziləri İranın tərkibində qaldı, yoxsa Rusiya tərəfindən işğal olunmuş torpaqlara qatıldı? Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik və Muğan rayonlarının 5-ci sinif şagirdləri onların “Ata yurdu” hesab edilən torpaqların bu sülh müqavilələrinə görə İranda qalması barədə nətijə çıxarmalıdır. Çünki dərslik şagirdə öyrədir ki, “Azərbaycanın Araz çayından şimaldakı bütün torpaqları Rusiya tərəfindən işğal olundu”. Mən başa düşə bilmirəm, Gülüstan müqaviləsindən söhbət gedirsə, burada Kür çayından cənubda yerləşən Talış xanlığının və ona məxsus ərazilərin də Rusiya imperiyasının tərkibinə keçdiyini göstərməyin müəlliflər üçün çətinliyi nədədir? Arazdan şimalda yerləşən Şəki, Qarabağ, Gəncə, Şirvan, Quba, Bakı, Naxçıvan və İrəvan xanlıqlarının əraziləri kimi, su qovşağından jənubda yerləşən Talış xanlığının əraziləri də tarixi və hazırkı vətənimizin, müəlliflərin tez-tez təkrarladıqları “Ata yurdu”muzun bir guşəsidir. Dərsliyin xanlıqlarla bağlı əvvəlki paraqraflarına diqqət yetirəndə gördüm ki, bu xanlığın ərazilərinə müəlliflərin şagirdlərə təlqin etdikləri “Ata yurdu”un hüdudlarında yer yoxdur. Məsələn, dərsliyin “İlk müstəqil Azərbaycan xanlıqları” adlı 26-cı paraqrafı bütövlükdə Şəki xanlığından və Çələbi xanın qəhrəmanlığından, “Şuşa qalası” adlı 27-ci paraqrafı Qarabağ xanlığının taleyindən və Pənahəli xanın igidliyindən, “İrəvan xanlığı” adlı 28-ci paraqrafı bu xanlığın ərazilərində olan tarixi torpaqlarımızın taleyindən, “Gəncə niyə Yelzavetpol adlandı” adlı 29-cu paraqrafi isə qəhraman Javad xanın rus ordularına qarşı dirənişindən bəhs edir. Digər xanlıqların (Şirvan, Naxçıvan, Bakı, Quba, Dərbənd) adları isə müxtəlif paraqraflarda tez-tez anılır. Çox yaxşı. Bəs Talış xanlığının, bütün xanlar kimi, eyni dərəcədə öz yurduna bağlı olan və 28 il xanlıq taxtında oturmuş Mir Mustafa xanın adı niyə heç olmasa ötəri də olsa bir yerdə çəkilmir. Bu təsadüfdür, yoxsa müəlliflər məqsədli şəkildə bu xanlığın ərazilərini “Ata yurdu”n hüdudlarından çıxarıblar? Məsələn, Lənkəran məktəblərinin 5-ci sinfində oxuyan şagirdlər sevə-sevə Çələbi xanın, Cavad xanın, Pənahəli xanın igidliyindən xəbər tutduğu halda, “Ata yurdu” haqqında ilkin məlumatlar verən dərslikdə niyə Talış xanlığının heç olmasa adın eşitməməlidir? Yoxsa, müəlliflərin cızdığı “Ata yurdu” xəritəsində bu xanlığın torpaqlarına yer yoxdur? Bəlkə, bu şagirdlərin öz babaları ilə fəxr etmək haqqı yoxdur? Hər necə olursa-olsun, bunu etmək olmaz. Bizim bir vətənimiz var: Azərbaycan! Onun bütün guşəsi bizim üçün əzizdir. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Dərslikləri isə xırda hislərdən uzaq olan kamil müəlliflər yazmalıdır.

Mehdibəy Səfərov: “Tarixə belə yanaşma ayrı-seçkilik əlamətidir və təsadüfi insanların konyunktur maraqlarından doğan əməldir”

Cəmil Həsənlinin üzə çıxardığı bu məsələyə “Azəri-Talış” birliyinin sədri Mehdibəy Səfərov da münasibət bildirdi. O, “Azadlıq”a açıqlamasında bildirdi ki, tarixə bu formada yanaşma ayrı-seçkilik yaradır və xoşagəlməz nəticələrə gətirir: “Cəmil Həsənlinin Azərbaycan tarixinə bu qədər mənviyyatlı, obyektiv yanaşması məni çox təsirləndirdi. Biz bilirik ki, Cəmil müəllim elmə təsadüfi gələnlərdən, şəxsi mənafeyini güdənlərdən deyil. Amma onun bu qədər cəsarətlə bu məsələni gündəmə gətirməsi növbəti dəfə Cəmil müəllimin böyüklüyünü təsdiqlədi. Kimlərsə öz şəxsi maraqları, şəxsi ədavətləri konteksindən məsələyə yanaşıb, tarixi saxtalaşdırırsa, bu çox bağışlanmaz əməldir”.

Mehdibəy Səfərov onu da əlavə etdi ki, bu yanşama talış kökənli insanların Azərbaycana münasibətini dəyişir: “Biz Azərbaycanı bölməməli, ayrı-seçkilik etməməliyik. Biz, tariximizi düzgün yazmaqla qardaşlıq hissini, vətənpərvərlik duyğusunu aşılamalıyıq. Əlbəttə ki, Lənkəranda yaşayan bir gənj tarix kitabında Talış xanlığı haqqında məlumat görmürsə, onun Azərbaycana olan məhəbbətinə az da olsa xələl gəlir. Ona görə də Cəmil müəllim bu məsələni düzgün olaraq gündəmə gətirib və mən ona dərin təşəkkürümü bildirirəm. Talış xanı Azərbaycanın bütövlüyü uğrunda, Rusiyanın işğalından qorumaq üçün mübarizə aparıb. Yaqub Mahmudov adında birisi tarix institutuna gəlib və öz konyunktur maraqlarına uyğun manevr edir, Azərbaycan tarixinə zərər verir”.


Yaqub Mahmudov: “Azərbaycanda Talış xanlığı olmayıb, Səfəvi dövlətinin bir qolu olan Lənkəran xanlığı olub”

Dərslik müəllifi Yaqub Mahmudov isə məsələ ilə bağlı “teleqraf.az”a bunları söyləyib: “Azərbaycanın tarixini, türklərin tarixini təhrif etmək istəyənlər istəklərinə nail oldular. Mən bu gün də hesab edirəm ki, orta məktəblərdə “Azərbaycan tarixi. Ata yurdu” fənni keçirilməlidir. Ata yurdu bizim üçün müqəddəsdir. 5-ji sinif uşaqları üçün “Ata yurdu” daha müqəddəsdir, çünki vətən anlayışı onlarda yeni-yeni formalaşır. Adıçəkilən dərslik tədris olunmadığı üçün düşünürəm ki, iradlar əbəsdir. Qaldı ki, Cəmil Həsənlinin Talış xanlığı ilə bağlı iddialarına, demək istəyirəm ki, Azərbaycanda Talış xanlığı olmayıb, Lənkəran xanlığı olub. Lənkəran xanlığı Səfəvi dövlətinin bir qolu olub və əsl Azərbaycan türk xanlığıdır. Lənkəran xanları səfəvi nəslindən olublar, türk olublar”.

Cəmil Həsənli: “Hecə olur ki, bu gün Yaqub Mahmudov türkçü olur, biz anti-türkçü…”

“Dünənki statusumla bağlı Yaqub müəllimin teleqraf.com-a verdiyi açıqlama ilə tanış oldum. Birincisi deməliyəm ki, hazırda Yaqub Mahmudov və daha iki müəllifin hazırladığı “Azərbaycan tarixi. Ata yurdu” dərsliyindən orta məktəblərin 5-ci siniflərində dərslik kimi istifadə edilir. Həmin dərsliyi də bizim uşaqlara oxuduqları məktəbdə dərslik kimi veriblər. Yaqub müəllimin orta məktəblərdə “Azərbaycan tarixi. Ata yurdu” fənni keçirilməlidir fikri ilə razıyam. Amma açıqlamada onun “Azərbaycanın tarixini, türklərin tarixini təhrif etmək istəyənlər istəklərinə nail oldular” fikri tamamilə yersizdir. Çünki, Yaqub müəllimin türk tarixinin müdafiəçisi rolunda çıxış etməsi ən azı tarixin özünə ironiyadır və bu tarixin təhrif edilməsi istiqamətində onun müstəsna “xidmətləri” olmuşdur. 

Mübahisə subyekti olan Talış xanlığına gəldikdə isə, bir anlığa qəbul edək ki, Yaqub Mahmudovun iddia etdiyi kimi, doğrudan da Talış xanlığı olmayıb, Lənkəran xanlığı olub. Bu halda adı çəkilən dərslikdə 5 səhifə Şəki xanlığı haqqında yazanda ən azı bir cümlə də Lənkəran xanlığı haqqında yazmaq pis olmazdı. Yeri gəlmişkən, əgər dərslikdə 5 səhifə Lənkəran xanlığı haqqında yazılıb, bir jümlə belə Şəki xanlığı haqqında yazılmasaydı, mən eyninlə bunun yolverilməz olduğunu bildirəcəkdim. Lakin “Lənkəran xanlığı” ifadəsinə gəldikdə, bu bir az tarixi hoqqabazlıqdır. Haradan götürüb bunu Yaqub Mahmudov, hansı tarixi mənbədə Talış xanlığının adının “Lənkərən xanlığı” olduğu göstərilib. Onun “Lənkəran xanlığı Səfəvi dövlətinin bir qolu olub… Lənkəran xanları səfəvi nəslindən olublar, türk olublar” sözlərinə gəldikdə, tək “Lənkərən xanlığı” deyil, bütün Azərbaycan xanlıqları Səfəvi dövlətindən törəmədir, Dövləti Aliyeyi Səfəviyyənin varisləridir və onun müxtəlif qollarıdır. Tək Lənkəran xanları deyil, kiçik istisnalarla bütün Azərbaycan xanları vaxtilə Səfəvi xanədanı tərəfindən əyalətlərə bəylərbəyi kimi göndərilən türk əmirlərin varisləridir. 

Əslində, bizim narahatçılığımız kimin türk, kimin talış olması məsələsindən çox uzaqdır. Mənzurumuz yüksək elmi titulu olan, Tarix İnstitutuna rəhbərlik edən, Milli Məclisdə təmsil olunan bir şəxsin vətənimizin müxtəlif guşələrinə fərqli münasibət sərgiləməsindədir. Keçək “Lənkərən xanlığı” məsələsinə. Çox uzağa getməyək. Yaqub Mahmudov 2009-cu ildə “Azərbaycan: Beynəlxalq münasibətlər və diplomatiya tarixi. 1639-1828” adlı sənədlər toplusu nəşr edib. Bu topluda yer alan sənədlərdən biri də “Gülüstan müqavilə”sinin mətni və onun müəlliflər tərəfindən şərhidir. Müqavilənin III maddəsinə görə, Əlahəzrət şah Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Talış xanlıqlarının Rusiyanın himayəsi altına keçməsini təsdiq edir. Talış xanlığı ifadəsi təxminən 4 dəfə müqavilədə təkrarlanır. Yəni Rus sekretarları ilə İran mirzələri o qədər savadsız idilər “Lənkərən xanlığı” ifadəsi ilə Talış xanlığı ifadəsini bir-birindən ayıra bilmirdilər. 

Toplunun 431-ci səhifəsində Yaqub Mahmudov yazır: “Rusiya tərəfindən Gülüstan müqaviləsini imzalayan Nikolay-Rtişşev isə hökumətin təlimatında Talış xanlığının müstəqilliyinin tanınması haqqındakı göstərişi ölkənin mənafeyinə əlverişli şəkildə dəyişdirərək, xanlığın Rusiya himayəsində qalmasına nail oldu”. Beş il bundan əvvəl işlətdiyi ifadədən Yaqub Mahmudovun bu gün imtina etməsi nə ilə bağlıdır və nejə olur ki, bu gün o, türkçü olur, biz anti-türkçü. Tarixi həqiqətlərdən belə ifadələr altında pərdələnib yayınmaq yaxşı hal deyil. 

Hər halda son 200 ildə əlimizdə Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərindən daha mötəbər mənbə yoxdur. Yaqub Mahmudovun rəhbərlik etdiyi institut da bu böyük mütəfəkkirin adını daşıyır və Abbasqulu ağa həmin əsərində yazır: “Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ji (=1813) ildə, təşrini əvvəl (oktyabr) ayının 12-də, Rusiya ilə İran dövlətləri arasında əhdnamə bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ, Talış, Şəki, Şirvan, Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona həmhüdud olan ölkələri Rusiya dövlətinə tərk etdi. Onlar haqqında hər jür iddiadan əl çəkdi”. Belə olan halda Yaqub Mahmudov “Lənkəran xanlığı” ifadəsini haradan uydurur. Bunu tarixə həvəs göstərən birisi desə, dərd yarı, baza tarix müəssisəsinə rəhbərlik edən bir şəxsin yaxın keçmişimizi belə kobud şəkildə təhrif etməsinə nə deyəsən. Bütövlükdə Qafqaz, xüsusilə Cənubi Qafqazda XIX əsrin əvvəllərində jərəyan edən hadisələr haqqında ən qiymətli mənbə sayılan 12 cildlik “Aktı Kavkazskoy arxeoqrafiçeskoy komissii” seriyasında Talış xanlığının adı 100 dəfədən artıq çəkilir.

Müstəqillik dövründə rəhmətlik Ziya Bünyadov və Yusif Yusifovun redaktəsi ilə nəşr olunmuş “Azərbaycan tarixi” dərsliyində, professor Süleyman Əliyarlının redaktəsi ilə 1996-cı ildə nəşr olunmuş “Azərbaycan tarixi” dərsliyində Talış xanlığı ifadəsi dəfələrlə işləndiyi halda, Yaqub Mahmudov heç kimə sübut edə bilməz ki, o, professor Yusif Yusifov və professor Süleyman Əliyarlıdan daha artıq türkçüdür. Hələ ki, xalqlar bu günlərini və gələcəklərini necə görmək istədiklərini xəyal edə bilərlər, keçmişi bu günün arzularına uyğun təqdim etmək cəhdləri bir qayda olaraq tarixi həqiqətdən yayınmaq meylləri yaradır. Gəlin bundan uzaq olaq. Tarix olduğu kimi təqdim ediləndə öz gözəlliyini saxlayır”.

S.Novruz