Arif Əliyev: «Orada mətbu orqanlarının bərpa olunacağına inanmıram»
Bir müddət öncə ticarət qadağan edilən metro stansiyalarında həmin köşklərin fəaliyyəti yenidən bəpra oluna bilər. Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-də ticarət köşklərinin ləğv edilməsindən sonra ilk dəfə olaraq “Koroğlu” metrosunda ticarət obyekti açılır.
Məlumatlara görə metro stansiyalarındakı keçidlərdə güllə yanaşı dərman satışı da həyata keçiriləcək. Dərmanların saxlanma şəraiti, onun stansiyalarda satışının hansı kriteriyalarla aparılması başqa bir yazı mövzusu olsa da, köşklərdə gül və ya dərman satılması bugünün reallığıyla elə də rentabelli deyil. Gül-çiçəyə gündəlik tələbat olmadığı və apteklərin bolluğu bunu deməyə əsas verir. Lakin metro stansiyalarında köşklərin yığışdırılması ilk növbədə mətbuata ziyan vurdu ki, indi bu məsələ yenidən gündəmə gəlirkən, ilk növbədə qəzet satışını bərpa etmək məsələsi reallaşır. Elə isə, qəzet satışı yenidən bərpa oluna bilərmi?
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ölkədə baş verənlərin sərəncamlarla əsaslandırıldığını bildirir. A.Əliyevin fikrincə, hansısa məmurun gül və ya dərmanla bağlı biznesi olduğu üçün bu sahə maraq altına düşüb:
“Ona görə də bu məsələdə məntiq və qanunauyğunluq axtarmaq yersizdir. Köşklərin fəaliyyəti bərpa olunsa belə, metro stansiyalarında mətbu orqanların yenidən satışının bərpa olunmasına inanmıram”.
Nigar