Barak Obama: «Biz Ukraynaya öz ərazisinə nəzarət etmək məsələsində yardım göstərəcəyik»
Ukrayna hökuməti separatçıların Mariupol şəhərində törətdiklərindən sonra təcili BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edir. Ukrayna tərəfinin yaydığı məlumata görə, qondarma Donetsk Xalq Respublikasının silahlılarının şəhərini atəşə tutması nəticəsində ən azı 30 nəfər dinc sakin qətlə yetirilib, 102 nəfər yaralanıb.
“Mən ”Böyük yeddilik” ölkələrinin, eləcə də BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin səfirlərilə görüşdüm. Biz Qərbdəki müttəfiqlərimizə və Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edirik. BMT Təhlükəsizlik Şurasının təcili toplantısı keçirilməlidir”, – deyə Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib.
Ukraynada vəziyyətin gərginləşməsilə əlaqədar Avropa Ittifaqı Rusiyaya qarşı sanksiyaları daha da ağırlaşdıra bilər. Avropa Birliyinə üzv olan dövlətlərin xarici işlər nazirlərinin Ukraynadakı olaylarla əlaqədar yanvarın 29-na təcili toplantısı təyin olunub. Bu barədə Avropa Birliyinin təhlükəsizlik siyasəti və xarici məsələlər üzrə ali komissarı Federika Mogerini məlumat verib.
Eyni zamanda, bu gün ATƏT-in Daimi Şurasının da Ukrayna olayları ilə əlaqədar iclası keçiriləcək.
Hindistanda səfərdə olan ABŞ prezidenti Barak Obama da jurnalistlərə açıqlamasında Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib. ABŞ prezidenti eyni zamanda, bu məsələdə Rusiyaya təzyiq məqsədilə yeni addımlar atmağa hazır olduğunu bəyan edib: “Atəşkəs rejiminin pozulması nəticəsində vəziyyətin gərginləşməsindən çox narahatıq. Rusiyanın qarşısını almaq üçün lazım olan addımları atacağıq”.
Obama eyni zamanda, Ukraynadakı hərəkətlərinə görə Rusiyaya qarşı iqtisadi təzyiqi artıracaqlarını vurğulayıb. ABŞ prezidenti Ukraynanın şərqində hərbi əməliyyatların bərpası ilə əlaqədar Rusiyaya münasibətdə birliyi qoruyub saxlamağın vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Rusiyanın separatçıları dəstəkləməsi atəşkəsin pozulmasına gətirib çıxarıb: “Rusiya ilə hərbi münaqişəyə başlamaq məqsədəuyğun olmazdı. Ancaq biz Ukraynaya öz ərazisinə nəzarət etmək məsələsində yardım göstərəcəyik”.
Öz növbəsində ABŞ dövlət katibi Con Kerri də Rusiyanı separatçılara dəstəyi dərhal dayandırmağa çağırıb. Bildirib ki, əks halda, Moskvaya təzyiq sərtləşdiriləcək: “Rusiyanı separatçılara dəstəyi dərhal dayandırmağa, Ukrayna ilə sərhədi bağlamağa, yaraqlıları və silahları ordan çıxarmağa, onlara maliyyə dəstəyini dayandırmağa çağırırıq. Əks halda, ABŞ və beynəlxalq ictimaiyyətin Rusiyaya, onun tərəfdarlarına qarşı təzyiqləri artacaq”.
Bu arada, Ukrayna Donetsk və Luqanskdə yaradılan separatçı respublikaların terror təşkilatı kimi tanınması üçün Haaqa tribunalına müraciət edəcək. Müraciətdə separatçıların insanlığa qarşı cinayətləri barədə məlumat da yer alacaq.
Dünən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası fövqəladə toplantıda Nazirlər Kabinetinə Haaqa Beynəlxalq Tribunalına müraciət üçün prosedura başlamağı tapşırıb.
Ukraynanın keçmiş baş naziri, “Batkivşina” partiyasının rəhbəri Yuliya Timoşenko və Radikal Partiyanın sədri Oleq Lyaçko eyni bəyanatla çıxış ediblər.
Onlar Luqansk və Donetsk vilayətləri ərazisində hərbi vəziyyət elan olunmasını tələb ediblər.
Lyaçko bildirib ki, bu təkliflə bağlı parlamentin fraksiya rəhbərlərinin prezident Poroşenko ilə görüşünün təşkilinə çalışacaq.