Bayılda zorakı köçürmə başlayır

Ən uca Bayraq qonşularına dağ çəkir…

Ərəb inqilabları Bayıldakı söküntü işlərinə necə təsir göstərib?

 

Məsəl var deyirlər, “dişin ağrıyır çək qurtar, qonşun pisdir köç qurtar”. Məşhur Bayıl türməsinin yaxşı olduğunu kim deyə bilərdi? Təbii ki, heç kim… Ancaq türmənin qonşuları – Aqil Quliyev küçəsi 7 və 9, Fəthi Xoşginabi küçəsi 2, Aydın Nəsirov küçəsi 9, Elçin və Vüsal Hacıbabayevlər 3 və 10/12 ünvanlarında yaşayanların heç biri buradan köçmək istəmirdi. Iş elə gətirdi ki, tarix özü türməni buradan yox elədi, onun ərazisində Dövlət Bayrağı Meydanı salındı. Bir neçə gün əvvələdək dünyanın ən uca bayrağı adına iddia edən üçrəngli bayraq burada ucaldıldı. Indi o küçələrdə yaşayanların bayraq kimi yaxşı qonşusu var, ancaq onlar köçmək məcburiyyətindədirlər.
“Abadlıq” adlı dağıdıcılıq

Bəli, Dövlət Bayrağı Meydanına gedən yollarda binaların üzərindəkı “qara buludlar” getdikcə sıxlaşır. “Qəza vəziyyəti” yaratmaqla buradakı adamları evlərindən qovmaq mümkün olmadığından hökumət öz strukturlarını bir bəla kimi bu əraziyə səfərbər edib. Sözügedən ünvandakı mənzillərə 2 gün əvvəl əhalinin köçürülməsi məqsədilə Bakı Şəhər Icra Hakimiyyətində yaradılan komissiyanın sədri Eldar Yunusovun adı və imzası ilə bildiriş paylanılıb. Bildirişdə göstərilir ki, Bakı şəhərində aparılan abadlıq və quruculuq işlərinin (?!) tərkib hissəsi olaraq, onların evləri sökülməlidir. 

Boşaldılan ərazidən paytaxtın mərkəzi hissəsi ilə Bayıl qəsəbəsini birləşdirən yeni yolun çəkilməsi nəzərdə tutulub.
Söküntü işlərinin aparılması üçün Hacıbala Abutalıbov mayın 31-də 243 saylı sərəncam imzalayıb. Bildirişdə bu sərəncama istinad olunur. Evindən çıxarılan insanlara isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin qiymətləndirməsi əsas götürülərək hər kvadrat metr üçün 1500 (min beş yüz) manat təklif olunur.72 mənzilin axırına çıxan 71 saylı sərəncam

Xatırladaq ki, Aqil Quliyev 5 ünvanında yerləşən 72 mənzilli 9 mərtəbə də bu ilin yanvarında köç tələbilə bildiriş alıb. Bu bina düz Bayraq Meydanı ilə üzbəüzdür. Buradakı mənzillər də Hacıbala Abutalıbovun 15 fevral tarixli 71 saylı sərəncamına əsasən, “qara siyahıya” düşüb. 71 saylı sərəncamda da yazılıb ki, bayraq meydanı kompleksində “abadlıq və yaşıllıq işləri” görülməsi üçün 5 saylı ünvandakı bina köçürülməlidir.Aqil Quliyev-5 ünvanında yaşayanlara verilən bildirişlər qəribəliyilə seçilir. Yuxarıda söhbət açdığımız bildirişdən fərqli olaraq, bu ünvanda yaşayanlaya verilmiş bildirişlərdə nə imza var, nə də möhür. Bildirişin sonunda sadəcə, mücərrəd “köçürmə komissiyası” sözü yazılıb.Kompensasiyada fərqlilik

Daha bir fərq kompensasiya ilə bağlıdır. Buradakılara pul yox, ev təklif olunub. Təmirli olduğu bildirilən bu evlər, Badamdar, Keşlə qəsəbələrində, Yasamal rayonunda keçmiş Qələbə kinoteatrının arxasındadır. “Azinko” şirkətinin inşa etdiyi bu binaların real sahibi kimi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun adı çəkilir. Köçürülmə ilə bağlı iki müxtəlif kompensasiya təklifi alanların heç biri onunla razılaşmır. Biz əvvəlcə nədən eyni ərazidə bir yerə pul, başqasına mənzil təklif edildiyini aydınlaşdırmağa çalışdıq. Öyrəndik ki, sahələri az olan evlərə görə pul, nisbətən geniş evlərə görə isə mənzil verilməsi nəzərdə tutulub.

Ərəb inqilablarının Bayıla təsiri

Aqil Quliyev 5 ünvanındakı sakinlərə ilin əvvəlindən bu yana 4 dəfə bildiriş gəlib. Hər dəfə onlara bir həftə vaxt verilsə də, proses hələ ki, uzanır. Sakinlər deyir ki, ilin əvvəlində onlarla çox sərt davranırmışlar. Yəni, az qala, insanları qollarından tutub evlərindən küçəyə tullayacaq qədər kobud davranıblar. Ancaq araya ərəb inqilablarının düşməsi inzibati orqanların əhali ilə münasibətinin yumşalmasına səbəb olub. Niyyət isə dəyişməyib. Onlara hər gün “köçün” xəbərdarlıqları gəlir. Ötən 5 ayda təzyiqlərə dözməyib 72 ailədən 3-ü köçüb. Amma insanlar geri çəkilmək niyyətində deyillər.Bildiriş alan sakinlər deyir ki, prezidentə, onun xanımına onlarla məktub yazıblar, dəfələrlə Hacıbala Abutalıbovla görüşərək ədalətli kompensasiya istəyiblər: “Bizə təklif edilən evlər hər cəhətdən yararsızdır. Biz onlarla tanış olmuşuq. Təsəvvür edin ki, pəncərəsiz mətbəxi, otaqları olan evləri bizə sırımaq istəyirlər. Guya orada təmir aparılıb… 15-20 günə aparılan başdan sovdu təmirin nə olduğunu hamı bilir. Ona görə biz istəyirik ki, bazar qiymətlərinə uyğun pul kompensasiyası verilsin”.

Sakinlər daha bir ədalətsizlik kimi mənzillərin sahəsinin hesablanmasıyla bağlı məsələni qeyd edirlər. Onların bildirdiyinə görə, evlərinin sahəsinə eyvanları əlavə etmirlər, amma kompensasiya kimi təklif olunan mənzilin sahəsinə eyvan da daxildir. Bundan başqa, hazırkı evlərin sahəsi iç divarın, təklif olunan binanınkı isə çöl divarların ölçülərilə hesablanıb.

Merin meydan oxuması

Axırıncı dəfə meriyada olarkən, Hacıbala Abutalıbov sakinlərə etirazlarının qəbuledilməz olduğunu, hökumətin istədiyi kimi hərəkət edəcəyini bildirib. “Kimin narazılığı var, getsin, məni məhkəməyə versin” deyərək, o, sakinlərə meydan oxuyub.“Biz köçürülməyə etiraz etmirik. Ancaq köçürüksə, bizim də haqqımızı yeməsinlər. Kərəm Həsənovun ”deffekt”li binalarında yaşamaq bizə qalmayıb ki?”, – deyə sakinlərdən biri bizimlə söhbətində etirazını bildirir.

Ədalətli və qanuni kompensasiya tələbi

Pul kompensasiyası təklifi alanlar da məbləğin azlığından şikayətlənirlər. Onlar optimal məbləğ kimi, hər kvadratmetrə görə 3 (üç) min manatı məqbul sayır.Qeyd edək ki, pul kompensasiyası təklif olunan mənzillər 4 mərtəbəli binalarda yerləşir. Bəzi birmərtəbəli özütikililərə də bu aiddir. Həmin mənzillərin kvadratı az olduğundan sakinlər deyir ki, təklif olunan kompensasiyaya normal ev ala bilməzlər.

“Mənim evim 45 kvadratdır, buna 67 min 500 manat kompensasiya düşür. Indi düşünək; bizim bu evdən Qız qalasına 5 dəqiqəlik yoldur. Bizimlə eyni mövqedə olan ”Yeni həyat” şəhərciyindən də Qız Qalasına o qədərdir. Ədalətlidilərsə, elə bizə “Yeni həyat”dan ev versinlər də… Yaxud elə kompensasiya versinlər ki, indiki kimi əlverişli yerdə ev ala bilək. “Yeni həyat”da mənzilin bir kvadrat metri 5 min manatdır”, – deyə pul kompensasiyasının məbləğinin azlığından şikayətlənən sakin deyir.

Şikayətçilər düşünür ki, dövlət büdcəsindən onların evinin hər kvadrat metri üçün 3-4 min manat pul ayrılıb, lakin məmurlar onun tən yarısını mənimsəyiblər. Və ya mənimsəmək fikrindədilər.

Qızınmadılar istisinə, kor oldular tüstüsünə

Dünyanın ən uca bayrağı adına iddialı Bayrağın qonşuluğundakı sonuncu şikayətçini də eşidib reportajı bitiririk: “Üç il yarımdır ki, biz səsdən-küydən yata bilmirdik, toz-torpaq udurduq. Sevinirdik ki, qonşuluğumuzda gözəllik yaradılır. Nə biləydik ki, bu gözəllik bizi didərgin edəcək…

”Natiq Güləhmədoğlu