Azərbaycanın ton yarımdan çox qızılı yoxa çıxıb

AXC hakimiyyətinin Əliyevlərə təhvil verdiyi 2 ton qızıldan 390 kiloqram qalıb

Qubad İbadoğlu: «Bununla bağlı əlaqədar orqanlar izahat verməlidir»

Maliyyə naziri Samir Şərifov ölkənin məcmu qızıl ehtiyatının 390 kiloqram olduğunu açıqlayıb. Bu da təxminən 19 milyon dollara bərabərdir. Nazir eyni zamanda qızıl fondunun yaradılması məsələsinin gündəmdə olmadığını deyib. 
Xatırladaq ki, qızıl hasilatı Azərbaycan hökuməti ilə “R.V.Investment Group Services” şirkəti (Böyük Britaniya) arasında “Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” imzalanmış saziş əsasında aparılır.
Nazirin açıqlamasından sonra kiçik araşdırma apardıq və ortalığa maraqlı faktlar çıxdı. Belə ki, AXC hakimiyyəti dövründə Ləl-Cəvahirat Fondu yaradılmışdı. Bir il ərzində fondda xeyli qızıl ehtiyatı toplandı. 1993-cü ildə hakimiyyət dəyişəndə Ləl-Cəvahirat Fondunda 2 ton qızıl var idi. Lakin qısa müddətdən sonra Heydər Əliyevin əmri ilə fond ləğv edildi. Oradakı qızılların taleyi isə naməlum qaldı. AXC hakimiyyəti dövründə baş nazir olmuş, sabiq deputat Pənah Hüseyn bizimlə söhbətində Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Ləl-Cəvahirat Fondunda 2 ton qızılın olduğunu təsdiqlədi. Sabiq baş nazir deputat olduğu dövrdə bu məsələni Milli Məclisdə qaldırdığını, hətta müvafiq orqanlara deputat sorğusu ilə müraciət etdiyini dedi. Pənah Hüseynin sözlərinə görə, bu məsələni qaldırması ilə YAP-çı deputatların basqısı ilə üzləşib. Xüsusilə vitse-spiker Ziyafət Əsgərov və YAP-çı deputat Siyavuş Novruzov bu məsələnin araşdırılmasına qarşı çıxıb.
AXC hakimiyyəti dövründən qalan qızılların aqibəti isə hələ də bəlli deyil. Onu da qeyd edək ki, Azərbaycan artıq bir neçə ildir ki, qızıl hasilatı həyata keçirir. Hətta bunu da nəzərə almasaq, ölkədə 1 ton 610 kiloqram qızılın taleyi barədə heç bir məlumat verilmir. Bu da indiki qiymətlərlə təxminən 69 milyon manat deməkdir. Görünür, Əliyev hakimiyyəti ölkənin digər sərvətləri kimi, qızılı da öz şəxsi malı hesab edir və onunla istədiyi kimi rəftar edir.
Iqtisadçı-ekspert Qubad Ibadoğlu Azərbaycanın dünya bazarına qızıl çıxardığını bildirib. Lakin ekspert ötən dövr ərzində ölkənin qızıl ehtiyatında bu qədər fərqin yaranmasının səbəbinin bəlli olmadığını deyib.
Q.Ibadoğlunun sözlərinə görə, bu, onu göstərir ki, həmin qızıl ehtiyatını müəyyən dairələr öz məqsədləri üçün istifadə edib. “Bu, kifayət qədər ciddi məsələdir və bununla bağlı əlaqədar orqanlar izahat verməlidir”, – deyə ekspert vurğulayıb.

Fizzə