Əli Abdulla Salehin sarayı bombalandı; onun xalqa müraciəti gözlənilsə də, diktator gözə dəymədi
Yəməndə vətəndaş müharibəsi davam edir. Diktator Əli Abdulla Salehin aylarla davam edən xalq etirazlarına məhəl qoymayaraq hakimiyyətdən getməməsi ölkədəki gərginliyi daha da artırıb. Hökumət qüvvələri ilə tayfa üzvləri arasında silahlı qarşıdurmalar şiddətlənib. Minlərlə tayfa üzvü təhlükəsizlik qüvvələrinin müdafiə xəttini yararaq, paytaxt Sənaya daxil olub.
Salehə bağlı qüvvələrin “Əhmar” qəbiləsinə qarşı hərbi əməliyyatları gücləndirməsi paytaxtdakı qarşıdurmaları şiddətləndirib. Iyunun 3-nə keçən gecə Səna küçələrində 1 saata yaxın silahlı qarşıdurma yaşanıb. Insident zamanı raket və top səsləri eşidilib. Paytaxtın elektrik enerjisi tamamilə kəsilib.Hökumət qüvvələri “Əhmar” qəbiləsinin lideri Sadiq əl-Əhmarın qardaşı Həmid əl-Əhmarın evini top atəşinə tutub. Tayfa üzvləri Saleh qüvvələrinə top və raket zərbələrilə cavab verib. Tərəflər arasında 10 gündür davam edən qarşıdurmalar nəticəsində 150 nəfərdən çox insan həlak olub.
Dünən günün ikinci yarısında isə Yəmən diktatoru Əli Abdulla Salehə bağlı silahlılarla qəbilə üzvləri arasındakı qarşıdurmalar zamanı çoxlu sayda insan yaralanıb. Qəbilə üzvləri prezident sarayını bombalayıb. Sarayın ərazisində yerləşən məscidin partlaması nəticəsində Yəmənin baş naziri Əli Mühəmmər Mücavər və ölkə parlamentinin rəhbəri də yaralanıb.
“Əl-Ərəbiyyə” telekanalının verdiyi məlumata görə, prezident sarayının bombalanması nəticəsində Əli Abdulla Saleh də yaralanıb. Onun 4 mühafizəçisi isə həlak olub.
Əli Abdulla Salehin rəhbərlik etdiyi Ümumxalq Konqresi Partiyasının sözçüsü Tarık Şami məsciddə cümə namazı qılan prezident, baş nazir və parlament sədri ilə bir neçə dövlət rəsmisinin yaralandığını təsdiqləyib.
Onun sözlərinə görə, prezident və baş nazirin yaraları yüngül olsa da, onlar müalicə üçün hərbi hospitala yerləşdirilib. Parlament sədrinin durumu isə kritikdir. Sözçü olaya görə tayfa lideri Şeyx Sadiq əl-Əhmarı ittiham edib. Şeyx Sadiq isə prezident sarayı və məscidin bombalanmasına görə ona qarşı irəli sürülən ittihamları rədd edib.
Mətbuata açıqlama verən Yəmənin informasiya nazirinin müavini Abdi əl-Cənadi isə Salehin ölüm xəbərini təkzib edib. O, Yəmən prezidentinin səhhətinin normal olduğunu və xalqa müraciət edəcəyini söyləyib. Salehin hadisədən sonra xalqa müraciəti gözlənilsə də, gecə saatlarına qədər diktator ekranlarda görünməyib.Yəmən müxalifəti isə Əli Abdulla Salehin bombardman zamanı öldüyünü bildirib. Müxalifətə bağlı “Saheyl” kanalı da Yəmən diktatorunun ölüm xəbərini yayıb. Kanal hökumətdəki mənbəyə istinad edərək Əli Abdulla Salehin aldığı yaralardan öldüyünü vurğulayıb.
Informasiya şöbəsi


