Nehrəm kabusu

Hər zaman zülmə etiraz edən, haqsızlıqla barışmayan üç-dörd kəndimizdən biridir Nehrəm.Həmkəndlilərim də daxil, kimsə inciməsin, Nehrəmdəki passionar insanların sayı digər kəndlərdəkindən çoxdur. Və mənfi tiplərin sayı da çox azdır.
Azərbaycanda bir nehrəmli obrazı var.
Bu kənd dəfələrlə rejimə qarşı öz sözünü deyib. 
Özü də elliklə.

Heç bir siyasi qüvvənin və xarici ölkənin dəstəyi yoxdur nehrəmlilərə.
Ancaq bu kəndin camaatının qanına hopmuş düzlük, mərdlik və birlik elementləri zalımların yuxusuna haram qatır.Hələ ötən əsrin əvvəllərində nehrəmlilər ər kimi erməni qaniçəni, tayqulaq Andronikin dəstəsinin burnunu ovdu və düşmənlə savaşda cümlə naxçıvanlılara nümunə göstərdi.Məhz bu savaş nehrəmlilərin xarakterinin mərd və kişi kimi formalaşmasında mühüm rol oynayıb.

Bunu naxçıvanlılar da etiraf edər, bu gün vilayətə rəhbərlik edənlərin ən çox çəkindiyi, ehtiyatlandığı nehrəmlilərdir.Elə buna görə də Muxtar Respublikanı feodal üsullarla idarə edənlər kənd camaatının sosial problemlərə rəğmən etiraz aksiyasından çox ciddi əndişə keçirirlər.Vilayəti sərsəm ideyaların təcrübə meydanına çevirənlər sadəcə, hamının susmasını istəyirlər.

Ağrıyan dişə üstdən qovrulmuş duz qoymaqla dişin ağrısını kəsənlər anlamırlar ki, ciddi islahatlar aparıb insanların rifahını yaxşılaşdırmaq əvəzinə QORXU silahından yararlanmaqla özlərinə qarşı nifrəti daha da artırırlar.Çox yox, vilayətdə 5 kəndin camaatı Nehrəm əhli kimi hərəkət etsə, onlar kimi haqqı desə, Naxçıvanın idarə edilməsi barədə dolaşan təəccüblü söz-söhbətə son qoyular.

Heç bir naxçıvanlı dəli olmayıb ki, isti ocağını, komfort şəraitini qoyub iş üçün Bakıya, Türkiyə şəhərlərinə gedib kirayə evdə məskunlaşsın.Deyin, ağlı başında olan bir kəs kənddə şərait olduğu halda məktəb yaşlı uşaqlarını təhsildən yayındırıb özü ilə bərabər Türkiyə fabriklərində fəhlə işlədərmi?  

Yüz illərdir kənd camaatı çayxanalara toplanır, dərd-sərini bölüşür. Naxçıvanda çayxanaları sökənlər hansı məntiqlə bunu etdiklərini açıqlaya bilərmi?Ata öz oğlunu qorxu içində yaşatsa, ac, sərgərdan saxlasa baş verəcəklər məlumdur. Ilk fürsətdən oğul evdən qaçacaq, atadan üz döndərəcək.Siz bu zalımların məntiqinə bir diqqət edin, istəyirlər ki, məşəqqət içində yaşatdıqları onlara təzim etsin, çəpik çalsın.Pul elə bir zəhrimardır ki, adamın öncə ağlını başından alır, gözlərini kor edir.

Naxçıvanda səliqə-sahman yaratmaq təqdirəlayiqdir. Balkondan paltar asmağa qoyulan yasaq da, taksi, avtobus  sürücülərinin vətəndaşlarla mədəni rəftarı da, yaşıllaşdırma kampaniyaları da alqışa layiqdir.Fəqət ən birinci, INSAN faktoruna, onun hüquqlarına, özgürlüyünə hörmət edilməlidir, axı.

Bu təzahür etmirsə, camaatın işi yoxdursa, azad fikrə sadəcə, tüpürülürsə, lap belə vilayətin küçələrini fransız şampunu ilə yusunlar, əhalini məcbur etsinlər ki, evdən qalstuksuz çıxmasınlar, sonucda narazılıq yüksələcək.

Bu gün Azərbaycanın bütün yaşayış məntəqələrində QORXU gücünə insanlar susdurulur.Insanları daimi qorxu altında yaşatmaq kimsəyə müyəssər olmayıb, olmayacaq da.Və bir gün o QORXU bumeranq effektində təzahür edəcək.Nə yazıq ki, beyni piylənmiş rejim bu barədə düşünmək iqtidarında deyil.Nehrəm camaatı mərd camaatdır, haqqı-nahaqdan seçməyi bacarır.Insanlıq da, kişilik də, mərdlik də haqqı deməkdədir.