Davudoğlunun Ermənistana çağırışı nəyə hesablanıb?

Razi Nurullayev: «Ankara dünyaya onu göstərməyə çalışır ki, Türkiyə münasibətləri bərpa etməyə çalışsa da, Yerevan buna qarşı çıxır»

Türkiyənin baş naziri Əhməd Davudoğlu Istanbulda erməni dilində nəşr olunan “Agos” qəzetinin baş redaktoru Qrant Dinkin öldürülməsinin 8-ci ildönümü ilə əlaqədar açıqlama verib. Ə.Davudoğlu Q.Dinki həm erməni kökənindən, həm də Türkiyəyə bağlılığından vaz keçmədən türklər və ermənilərin ortaq gələcəklərini inşa etməyin yollarını arayan dəyərli bir Anadolu ziyalısı adlandırıb: “Biz köklü acıların aşılması və tarixi birliyin xatırlanması üçün ürəyini və ağlını ortaya qoyan, türk-erməni dostluğunu özündə birləşdirən Dinkin dostluq yoluna tutduğu məşəlin işığında zehinlərdə və könüllərdə qapılar açmaq istəyirik”.

Ə.Davudoğlu türk-erməni dostluğuna inanan hər kəsi yeni bir başlanğıca dəvət edib və bütün ermənilərə səslənib: “Müharibə şərtlərində məcburi yer dəyişdirmə siyasətinin 1915-ci il hadisələri də daxil olmaqla, qeyri-insani nəticələr doğurduğunu daha öncə də açıqlayan Türkiyə ermənilərin acılarını paylaşır və iki xalq arasında yenidən birgə duyğuların yaranması üçün səbr və qərarlılıqla cəhdlər göstərir. Qarşılıqlı münasibətlərimizi əsir alan düşmənçiliyin aradan qaldırılması üçün başda dialoq qurulması olmaqla, hansı addımları atmağın lazım gəldiyini göstərən Türkiyə baş nazirinin 23 aprel 2014-cü il tarixli başsağlığı mesajı bu cəhdlərin ən bariz ifadəsidir. Zamanı 1915-ci ildə donduran böyük travmanı geridə buraxmağın yolu tabuların yıxılması ilə başlaya bilər. Türkiyə bu nöqtəni aşıb və keçmişdən qalan basmaqəlib sözləri, bəyanatları geridə qoyub”.

Türkiyənin Ermənistana növbəti jesti heç də birmənalı qiymətləndirilmir. Artıq bununla necənci dəfədir ki, rəsmi Ankara Ermənistanla münasibətlərin normalaşdırılmasına çalışır.

Bəs son təşəbbüs nəticə verə bilərmi? Bu addımlarla Türkiyə nəyə nail olmağa çalışır?

AXCP sədrinin müavini Razi Nurullayev vurğuladı ki, Türkiyə həmişə Ermənistanla bağlı ehtiyatlı addım atır. R.Nurullayevin sözlərinə görə, bu da erməni lobbisinin və Qərbin Türkiyəyə təzyiqi ilə bağlıdır: “Türkiyə Ermənistanın qarşısından qaçdıqca, geri çəkildikcə bu, Ankaranın gözlədiyi effekti verə bilməz. Bundan öncə Abdulla Gül Ermənistan istiqamətində daha çox addımlar atmışdı. Hətta o, Sərkisyanla futbol oyununu da seyr etmişdi. Amma sonra Ermənistan Türkiyənin üzərinə daha çox gəlməyə başladı. Düşünürəm ki, Türkiyənin özü də gözəl anlayır ki, bu effekt verməyəcək. Bu cür çağırışlar daha çox beynəlxalq aləmin Türkiyəni anlaması üçün atılır. Yəni Ankara dünyaya onu göstərməyə çalışır ki, Türkiyə Ermənistanla münasibətləri bərpa etməyə çalışsa da, Yerevan buna əhəmiyyət vermir”.

Xəyal