Ulu sözə salam olsun!

Kamil Vəli Nərimanoğlu

“Hədəf” nəşrlər evi düz 15 il bundan əvvəl “Atilla” nəşriyyatında çap olunmuş “Dörd şair, qırx dua” kitabını yeni tərtibatda Azərbycan oxucusuna təqdim edib. Kitab görkəmli Azərbaycan alimi, professor Kamil Vəli Nərimanoğlunun ön sözü ilə çap olunub.  Kitabda toplanan şeirlər əslində Tanrıya oxunan dualardır – dörd şairin qırx duası. Bu dualardan hansı Tanrıya çatacaq, hansı göy üzündə itib batacaq. Bunu bir Tanrı bilir. Hər halda bu şeirlər duadır. Tanrıya yetsə də, yetməsə də.  Çiyin-çiyinə, omuz-omuza dörd şair – XX yüzilliyin bizə tanıtdığı dörd böyük söz ustası – Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Önər, Rüstəm Behrudi.

Təbiətin minlərlə rənginin dörd ümumi mənzərəsi var. Dörd mənzərə dörd fəsildir: yaz, yaz, payız, qış. Yaz – oyanış, yay – yetişmə, payız – bərərkət, qış – müdriklikdir. Bu bir yozumdur. Əslində insanın hər anı dörd fəsli birdən yaşaya bilər. Bəzənsə illərlə bir fəsildə məskən salır. Dəyişən insan dəyişən təbiətin özü kimidir.

Bu dörd fəsil yaddaşımda dörd Azərbaycan Türk şairini bir daha canlandırdı.

Qarşımda şeirlər var. Bu tale şeirləri çoxdan mənim ürəyimdə, tərcümeyi-halımda, canımda, qanımdadır. Ancaq indi anladım ki, bu dörd şair bir yerdə tamam başqa bir mənzərə imiş. Çiyin-çiyinə, omuz-omuza dörd şair – XX yüzilliyin bizə tanıtdığı dörd böyük söz ustası – Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı Önər, Rüstəm Behrudi.

Bunların hansı qışdı, hansı yaz, hansı payız, hansı yay… Yox! Bu şairlər bir fəslə sığmaz. Bu şairləri sıraya qoymaq da yanlış. Şeir idman zalı deyil ki!…

…Gecənin bir vaxtında oyanırsan. Aylı bir yaz gecəsində dünyanın gözəlliyi içərisində əriyirsən və səni Ramiz Rövşənin şeirləri alıb özü ilə aparır və yavaşca pıçıldayır: “Bu yaz gecəsində ölməyə nə var…”

…Dərd içində boğulursan. Içində buram-buram qaynayan kədər içini yeyir. “Millət, dövlət zirvəsindən insana enmək vaxtıdır” deyən Vaqif Səmədoğlu pənahına çatır. Əlindən tutub dərdsizliyin Vətəni dərd ölkəsinə aparır. Səni özündən xilas edir. 

…Unudulursan. Kimsəsizləşirsən. Dünya öləziyən işıq kimi qeyb olur. Rənglərin itdiyi, səslərin öldüyü bir məqamda yaşıl köynəkli oğlan gözəl gözləri ilə sənə baxır. Sənə dualarını oxuyur. “Dünya söndükcə sən görünürsən, Ilahi” deyəndə gözünü açırsan. “Şükür Allahım” deyib – göz yaşını silən arıq barmaqları görürsən.

…Vətəndə vətənsiz qalarsan. Itirdiyin torpaq itirdiyin can kimi səni yanım-yanım yandırar. Doğmaların əlçatmaz, ünyetməz qəbri səni özünə çağırar. “Bu qosqoca şəhərdə, ruhum”, yaltaqlar, satqınlar içində özünə ölüm hökmü kəsərsən, “Şaman duası”nı eşidərsən. “Dar ağacı” səni bu dünyanın əzabındn qurtarar. Gözünü açarsan göylərə baxarsan. Göy üzündə Rüstəm Behrudinin Sözün görərsən. 

Şeirin bir adı da xilasdır. Bir adi həyatdan, bir adi ölümdən xilas. Insan adi ölümdən xilas olduğu kimi, adi həyatdan da xilas olur. Insan düşməndən xilas olduğu kimi, dostdan da xilas olur. Insanın xilas olmadığı tək Varlıq, tək Zaman və tək Məkan Allahın özüdür. Bütün yollar Allahla başlayır, Allahla bitir.

Və Allah özü şairlərdə dincəlir. Tanrı şairlərdə öz zərrəsini tapır. Tapdığına sevinir. 

***

…Çağdaş Azərbaycan şeirinin Füzulidən gələn yolu Füzuliyə gedir. Titrək şamın işığında bu yolun ucu-bucağı görünmür. Uzaq və qərib yolun dörd şairi bizim müasirimizdir. Bu dünyada dörd şairin dörd Sözü qalacaq.

…Vaqif Səmədoğlu şeiri yenə gündəlik kimi yazacaq. Hər kəsin gördüyünü heç kəsin yaza bilməyəcəyi dildə yazacaq. Gecə boyu yazılan şeirlər sabah üçün duadır.

…Ramiz Rövşən Sözünü Allahla böləcək. Allahın göydə dediyinə yerdə cavab verəcək. Allahın yerdə dediyini göydə dinləyəcək.

…Vaqif Bayatlı Önərin dupduru gözlərinin dilində yazdığı müqəddəs sözlər tənhalığın, yalqızlığın duası kimi yaşayacaq.

…Rüstəm Behrudinin Tanrının özünə də müxalif olan şeirləri Tanrıya bakirə sevginin özü kimi qalacaq.

***

Sözün urvatdan düşdüyü bir zamanda yaşayırıq. Vətən qürbət olub, doğmalar yad. Sözün ucuzlaşdığı, sözün satıldığı, qul kimi bazara çıxarıldığı bu ağır dövrdə Allahın bizə yazığı gəlib. Millətin çörəklə, ocaq həsrəti ilə sınağa çəkildiyi bu ağır günlərdə Tanrı bizə təsəlli kimi, xilas kimi Söz verib, Dua verib. Bu müqəddəs sözü, bu ilahi Duanı söyləyən Vaqif Səmədoğlunu, Ramiz Rövşəni, Vaqif Bayatlı Önəri, Rüstəm Behrudini verib. Tanrı onları vermədiklərinin əvəzinə verib.

Ilin dörd fəsli, Azərbycanın dörd şairi var. Şükür ki, var!

XX yüzilliyin, ikinci minilliyin sonuna sanalı günlər qaldı. Nə isə bitəcək. Nələrsə başlayacaq, nələrsə sona çatacaq.  Söz qalacaq. Söz yaşayacaq. Ilkin Söz olub, son ucda da Söz olacaq.