“Sendviç”in tərəfləri loyallaşmağa başlayacaq
AXCP sədrinin müavini Razi Nurullayev öz “facebook” səhifəsində prezidentin Almaniya səfərini şərh edib. Statusu olduğu kimi təqdim edirik.
Ölkə başçısı İlham Əliyevin Almaniyaya səfəri və kansler Angela Merkellə görüşü hər kəsi müxtəlif rakursdan düşündürməkdədir. Bunu faciə kimi qələmə vermək olmaz. Almaniya Azərbaycanda insan haqları və demokratiyanın pozulduğunu, vəziyyətin günü-gündən pisləşdiyini etiraf edən ölkələrdəndir.
Görüş o anlama gəlmir ki, Almaniya Azərbaycanın bir demokratik ölkə olduğunu etiraf edib və indiki iqtidara dəstəyini ifadə edib. Əminliklə demək olar ki, bağlı qapılar arxasında ciddi danışıqlar gedib və kansler narahatlıqlarını mümkün qədər açıq şəkildə Azərbaycanın dövlət başçısının nəzərinə çatdırıb. Ondan demokratik açılım etməyi və siyasi məhbusların azad edilməsinin mümkünlüyünü götür-qoy etməyi istəyib.
Bu görüş, əslində Azərbaycan iqtidarına Avropanın növbəti xoşməramlı jestidir və əvəzində mütləq ki, istənilən böyük tələblər var. Bu tələblərdən biri də həbsdə saxlanılan məhbusların azad edilməsidir.
Dostlar, Almaniya Azərbaycandan qaçan siyasi məhbuslara ən çox mühacir hüququ verən ölkələrdəndir. Belə olan halda, o indiki iqtidara necə dəstək verə bilər? Məntiq budur.
Ukrayna məsələsi hazırda Avropanı çox məşğul edib. Təbii ki, Rusiyadan da Azərbaycana təzyiq var. Ukrayna məsələsində irəliləyiş olan kimi Azərbaycana diqqətlər daha ciddi və sərt şəkildə yönələcək. İndiki məqamda bizim hakimiyyət Rusiya faktorundan həm də bəhanə kimi istifadə edir. Rusiyada bahalaşma 150 faizə çatıb. Putin mütləq geri çəkilməlidir. Çəkilən zaman da xarizması sınacaq. Bu zaman Azərbaycan iqtidarı “sendviç”in bir tərəfindən qurtulacaq. İranla da Qərbin münasibətləri normallaşır və “sendviç”in digər tərəfi də loyallaşır. Bəhanələr əldən gedir.
Dövlət başçısının 90 faiz reytinqinə gəlincə, bu onun göstəricisidir ki, danışıqlar gərgin olub. Bu məsələlər dartışılıb. İlham Əliyev bir daha bunu mətbuat qarşısında vurğulamağı özünə borc bilib. Çünki, ciddi narahatlıq keçirib.
Qərb Azərbaycanı özündən də yaxşı tanıyır. Azərbaycandakı siyasi problemlərlə bağlı həmişə açıqlamalar verir, əlaqədar komissarlar və Avropanın bütün institutları nəinki narahatlıq ifadə edib, hətta sanksiyalar barədə danışmağa başlayıb.
Görüşmək və müzakirə aparmaq, dost və müttəfiq olmaq demək deyil. Boksçular da rinqdə bir-birinə zərbə endirməmişdən öncə bir-biri ilə tokalaşırlar.
Müxtəsər, Avropa hələ ki, Azərbaycana dözüm göstərir. Çünki, ciddi geopolitik və iqtisadi səbəblər var. Bunlar isə aradan qalxacaq və o zaman kartlar açıq oynanılacaq.


