Şüşəqırmanın kəşfi

Istintaq 2 aprel mitinqi ilə bağlı açılan cinayət işi üçün şərlənənlərin həbs müddətini daha 2 ay artırır. Bir tərəfdən elan edirlər ki, sübutlar hazırdır, digər tərəfdən istintaqın müddətini daha 2 ay artırırlar. Nə uzun əhvalatdır bu şüşəqırma? Bəlkə şüşəqırmanı kəşf etməli olurlar bu istintaqçılar?Bir də gördük ki, Amerikanı kəşf edən Kolumbun da adı bu işdən çıxdı. Məlum olacaq ki, Kolumb Amerikanı-zadı açmayıb, bunun hamısı yalanmış. O, sadəcə 2 apreldə Bakının ortasında dükanların pəncərəsini sındıran bir zatdır. O da məlum olacaq ki, həmin gün şüşəni sındırıb qaçarkən videoya alınmış başıpapaqlı da həmin Xristofer Kolumb imiş. O, Amerikanı deyil, məhz şüşəqırmanı kəşf edib.

Amma əsl məzhəkə odur ki, bu işlə bağlı məhkəmə qarşısına çıxarılacaq bircə əsas da yoxdur. Elə bir əsas ki, ucundan yapışasan, onun üzərində həqiqət bir yana qalsın, heç olmasa bir yalan düzəldə biləsən. Istintaq ona görə uzanmır ki, həqiqət axtarırlar, ona görə uzanır ki, hətta yalan da düzəldə bilmirlər…Regionun geridə qalmış dövləti

Minimum əmək haqqının 85 manat olduğu Azərbaycanda ölkə başçısı Ilham Əliyev tez-tez öyünür ki, biz regionun lider dövlətiyik. Amma regionun geridə qalmış dövlətlərindən olan Rusiya minimum əmək haqqını artıraraq, 4611 rubla, yəni, 165 manata çatdırıb. Bizdəkindən iki dəfə çox edir bu. Bəs hanı bizim liderliyimiz?

Azərbaycanda orta aylıq əmək haqqı 2011-ci ilin mayın 1-ə 348,6 manat təşkil edib. Bu, Dövlət Statistika Komitəsindən verilən məlumatdır. Mən əminəm ki, bu rəqəm xeyli şişirdilib. Olsun. Bəs Rusiyada bu göstərici nə qədərdir? 2011-ci il mayın 25-ə olan məlumata görə, RF-da orta əmək haqqı 20 min 383 rubldur. Bu da 580 manat edir, bizdəkindən 231 manat çox.

Bununla belə, Rusiya mütəxəssisləri haray çəkir ki, orada orta əmək haqqından yuxarı maaş alanlar əhalinin az bir hissəsidir. Hər üç rusiyalıdan biri. Bu da ölkədə hökm sürən səfalət və kasıblıq kimi qiymətləndirilir. Bizdə də əhalinin az bir qisminin maaşı yuxarıdır. Üstəlik, onlar təkcə maaş almır, rüşvət və korrupsiya qazanından pay da alırlar. Amma böyük əksəriyyət səfalət sayılacaq maaşı alır və həm də bu puldan rüşvət verirlər. Bir qism isə… heç işləmir də, amma onlar da rüşvət verirlər.

Böyüklər günü

Hər il bizim mətbuatda uşaqlar günündə qəribə bir fikir səslənir. Uşaq təşkilatlarının fəalları etiraz edirlər ki, niyə ilin təkcə bir günündə uşaqları yada salırıq. Yalandır bu. Hökumət ilin bircə günündə də uşaqları yada salmır. Xalq isə hər gün uşaqlarladır. Bir qrup insan gül balaları naminə ölkəni talayıb məhv edirlər. Böyük əksəriyyət isə uşaqlarına çörək qazanmaq üçün həyat mücadiləsi verir, məşəqqətlər, zəhmətlər çəkir və bir an da uşaqlarını yaddan çıxarmırlar. Çünki onların taleyindən nigarandırlar, onların gələcəyini görmürlər bu ölkədə.

Bu ölkədə böyüyün qiyməti varmı ki, uşaqların da qiyməti olsun?! Uşaqlara qayğını böyüklər çəkməlidir. Amma böyüklərin nə səs hüququ var, nə də söz hüququ. Etiraz edəndə isə şüşəqıran kimi həbs edirlər. Böyüklər bu ölkədə nəyisə tələb etmək üçün, nəyinsə yaxşılaşdırılmasını istəmək üçün deyil, onlar təşəkkür etmək üçündür. Onlar hər şeyin yaxşı olduğunu deməlidir. Yaxşı olmasa belə. Bunun adı bizim ölkədə həm də uşaq saxlamaqdır. Yalana baş əyirsən, pisə yaxşı deyirsən, prezidenti tərifləyirsən, sonra da deyirsən ki, nə edə bilərəm, balalarım var. Deməli, uşağını saxlamaq naminə uşağına yaxşı bir şərait istəyə bilmirsən. Belə bir ziddiyyət var bizim ölkədə. Bilmirəm uşaqlar böyüyüb, bunu biləndə nə deyəcəklər biz böyüklərə.