İham Əliyev Berlində etirazla qarşılandı FOTO VİDEO

Merkel insan haqlarına vurğu saldı; görüş yerinin önündə aksiya; mətbuat konfransında çətin suallar və çağırışlar… 
 

Ölkə başçısı İlham Əliyev yanvarın 21-də Berlində Almaniyanın kansleri Angela Merkellə görüşüb. Görüşdən sonra onlar birgə mətbuat konfransı keçiriblər.

İlham Əliyevin Berlinə səfər edəcəyi xəbəri yayılan kimi müxtəlif beynəlxalq təşkilatlar Angela Merkelə çağırış etdilər ki, onunla görüş zamanı Azərbaycanda insan haqlarının vəziyyətini qabartsın və bu istiqamətdə irəliləyiş üçün ona təsir göstərsin.

“Sərhədsiz reportyorlar” isə bəyan etmişdi ki, Angela Merkelin İlham Əliyevi qəbul edəcəyi iqamətgahın önündə etiraz aksiyası keçirəcəklər. Təşkilat vəd verdiyi kimi də edib. Görüş yerinin qarşısında Azərbaycan diasporunun və beynəlxalq təşkilatların təmsilçilərindən ibarət onlarla şəxs Azərbaycanda insan haqlarının pozulmasına etirazlarını bildiriblər. Etirazçılar əllərində azərbaycanlı siyasi məhbusların şəkillərini və onlara azadlıq təlləb edən şüarlar tutublar.

Aksiya barədə “BBC Azərbaycanca”ya məlumat verən niderlandlı jurnalist Bertus Bouman deyib ki, əsas şüar “Əliyev getsin, demokratiya gəlsin” (“Aliyev out, democracy in”) olub.
“İlham Əliyev gələndə yəqin ki, onları eşitmədi. Aksiya Əliyevin keçdiyi yerdən təxminən 100-200 metr məsafədə idi”, – deyə Bertus Bouman bildirib.

Aksiyaçılar eyni zamanda Almaniya hökumətini İlham Əliyevdən açıq tələblər etməyə çağırıblar. “Sərhədsiz reportyorlar”a görə, bağlı qapılar arxasında diplomatiya indiyədək heç bir təsir göstərməyib.

***

İlham Əliyevin Angela Merkellə birgə mətbuat konfransında da şüarlar səsləndirilib. Meydan TV-nin əməkdaşı, blogger Həbib Müntəzir mətbuat konfransında “Siyasi məhbuslara azadlıq”, “Mətbuata azadlıq” şüarları səsləndirib. Həbib Müntəzir “facebook” səhifəsində yazıb ki, mətbuat konfransında Ilham Əliyevə sualları olub. Lakin sual verməsi üçün ona şərait yaradılmayıb. O da şüarlar səsləndirməyə məcbur olub.

***

Mətbuat konfransına gəlincə, əvvəlcə Merkel və Əliyev müzakirə etdikləri məsələlər barədə açıqlama veriblər.

Angela Merkel deyib ki, Azərbaycan Almaniya üçün əhəmiyyətli tərəfdaşdır. Böyük potensiala, əsasən də neft və qaz kimi resurslara malikdir. Həm Almaniya, həm də digər Avropa ölkələrinin enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Almaniya kansleri “Cənub” qaz dəhlizi layihəsini dəstəklədiklərini də qeyd edib.

Kansler bildirib ki, Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə etdikləri xüsusi mövzu olub: “Müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq. Xüsusən də Azərbaycanda insan hüquqlarının vəziyyəti, həmçinin regionda baş verən geosiyasi vəziyyət haqqında danışdıq”.
Merkel Azərbaycanla Avropa Birliyi arasındakı münasibətləri də müzakirə etdiklərinə işarə vurub. Onun dediklərindən belə anlaşılıb ki, İlham Əliyev AB-yə inteqrasiya ilə bağlı ya ciddi vəd verib, ya da öhdəlik götürüb. “Azərbaycanın “Şərq tərəfdaşlığı” Proqramında iştirakı ilə bağlı da danışdıq. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməkdədir və “Şərq tərəfdaşlığı” Proqramına üzv olmaqla, bu layihəyə töhfəsini verəcək”, – deyə Merkel bildirib.

Yeri gəlmişkən, İlham Əliyev açıqlamasında bu məsələərin heç birinə toxunmayıb. O, müzakirə etdikləri mövzular kimi əsasən Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əlaqələr və qaz layihələrindən danışıb.
Dağlıq Qarabağ məsələsinə Merkel də açıqlamasında yer verib və bildirib ki, onun ölkəsi bu münaqişənin həllində vasitəçi olmaq istəyir, Azərbaycan isə bu istiqamətdə ona kömək etməyə söz verir: “Biz Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi apardıq. Almaniya da münaqişənin həllində vasitəçi olmaq istəyir. Düşünürük ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə bir təşəbbüslə çıxış edərək, münaqişənin həllinə müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparacaq”.

Nəhayət, Merkelin açıqlamasına görə,  Əliyevlə Rusiya-Ukrayna münaqişəsini də müzakirə ediblər.

***

Açıqlamalardan sonra ölkə rəhbərləri jurnalistlərin suallarına cavab veriblər. İlham Əliyevə ünvanlanan sualların hamısı Azərbaycanda insan haqları və siyasi həbslərlə bağlı olub. Məsələn, jurnalistlərdən biri soruşub: “Sizcə Azərbaycanda mətbuat azadlığı yenidən necə bərpa edilə bilər ki, Sizin reytinqiniz yaxşı olsun?”

İlham Əliyevin cavabı heç də səmimi təsir bağışlamayıb. O, deyib ki, reytinqində heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğular onun reytinqinin 90 faizə yaxın olduğunu göstərir. Bu da son illərdə Azərbaycanda aparılan islahatlarla bağlıdır.

“Azərbaycan son 11 ildə iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. İqtisadiyyat 3 dəfədən çox artmışdır, işsizlik 5 faiz səviyyəsindədir, yoxsulluq da 5 faiz səviyyəsindədir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbərin reytinqi yüksək olmalıdır.

O ki qaldı azadlıqlarla bağlı suala, deyə bilərəm ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Söz azadlığı 100 faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan çıxır. Eyni zamanda, Azərbaycanda internetə heç bir məhdudiyyət qoyulmur, internet azaddır, senzura yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə yaxındır. Yəni, heç bir problem yoxdur. Ona görə mətbuat azadlığı tam şəkildə təmin edilir.

Eyni mənzərə sərbəst toplaşmaq azadlığına da şamil edilə bilər. Azərbaycanda müxtəlif siyasi qrupların mütəmadi qaydada, azad şəkildə mitinqləri keçirilir, heç bir məhdudiyyət qoyulmur. Bütövlükdə, son illərdə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı böyük inkişaf var. Əlbəttə ki, bu, bizim üçün çox vacibdir. Çünki mən tam əminəm ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır. Ancaq bu təqdirdə ölkələr dayanıqlı uğura nail ola bilərlər”.

***

İlham Əliyevin öz reytinqi üçün Azərbaycanda keçirilən hansısa yalançı rəy sorğularına istinad etməsi əlbəttə ki, özünü aldatmaqdan başqa bir şey deyil. Çünki Azərbaycanda rəy sorğusu nədir, hətta seçkinin belə hansı miqyasda saxtalaşdırıldığı beynəlxalq müşahidəçilərin təsdiqləməsi ilə dünya ictimaiyyətinə çoxdan bəllidir.

İqtisadi inkişaf və insan haqlarının, söz azadlığının 100 faizlik təminatı barədə bəyanatlara da çətin ki, dünyada hansısa ciddi dairələri inandırmaq mümkün olsun. Hər halda İlham Əliyevin rəhbərlik etdiyi hökumətin sorağı ən müxtəlif hesabatlarda monopoliya və korrupsiyaya, insan haqlarının, söz azadlığının pozulmasına, qeyri-şəffaf və qapalı idarəetməyə görə ilk sıralardan gəlir. Bu ölkədə müxalifətdən bir nəfərin belə parlamentə buraxılmadığı, insanların siyasi baxışlarına, tənqidçi mövqelərinə görə həbs edildiyi, təqib olunduğu Avropa Şurası, Avropa Birliyi, ABŞ Dövlət Departamenti kimi mötəbər qurumların, ayrı-ayrı beynəlxalq təşkilatların bəyanat və qətnamələrində dəfələrlə əksini tapıb.

Bu minvalla ümumiləşdirmə aparsaq, deyə bilərik ki, ölkə başçısı Berlində təkcə etriazlarla qarşılanmayıb, həm də cavabı çətin birbaşa suallarla üzləşib və etiraz aksiyalarını görməzdən gəlməklə, suallara isə qeyri-səmimi, həqiqətdən kənar cavablar verməklə vəziyyətdən çıxmağa çalışıb.

azadliq.info