Cidanı çuvalda gizlədənlər …

Baş prokurorun keçmiş müavinindən ilginc açıqlamalar…

Baş prokurorun keçmiş müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli Moderator.az-a göndərdiyi yazısında gündəmin mövzusuna çevrilmiş bir olayla bağlı Penitensiar Xidməti sərt tənqid edib:

“Bu günlər sosial şəbəkələrdə, xüsusən də Moderator.az saytında  geniş müzakirə mövzularından biri  4 saylı cəzaçəkə müəssisəsində cəza çəkən Lamiyə Quliyevanın şəxsi həyatıdır. Onun əsassız yerə cəzasının artırılmasından daha çox qapalı müəssisədə uşaq dünyaya gətirməsi ciddi mübahisələrə səbəb olmuşdur. Daha doğrusu, L. Quliyevanın müəmmalı formada dünyaya uşaq  gətirməsi müzakirə tərəfdarlarını iki qütbə bölmüşdür. Bir qrup bu məsələnin araşdırılmasının tərəfdarı olsa da, digər tərəf bunun yolverilməz olduğunu,qanunun şəxsi həyata müdaxiləyə  yol vermədiyini  bildirir. Mənim üçün təəccüblü olan da dostlarımın- Əlövsət bəy Əliyevin  və Qurban bəy Məmmədovun  da bu mövqedən çıxış etməsidir.                                                                

Bəylər, əgər bu hadisə cəzaçəkmə yerində yox, çöldə baş versəydi və yaxud məhkum L. Quliyeva ailəli olsaydı, doğrudan da bu məsələ müzakirə mövzusu ola bilməzdi, ictimailəşməsi qəbahət hesab edilə bilərdi. Yazılanlara əsasən demək olar ki, cəzaçəkmə yerində  məhkum L.Quliyevaya qarşı, onun iradəsinə zidd münasibət olmamışdır. Əgər belə olsaydı, ən azından onun etirazı, şikayəti  gec-tez cəmiyyətə məlum  olardı.                                                                                                                                

Açığını deyim ki, İşgəncələrə Qarşı Mübarizə Komitəsinin sədri E.Behbudov bir çox hallarda iqtidarın mövqeyindən çıxış etdiyinə görə onun  fəaliyyəti çoxları kimi məni də qane etmir. Lakin nə yazıqlar ki, bu gün qanunsuz olaraq cəzaçəkmə müəssisələri cəmiyyətin üzünə qapanmışdır və orda baş verənləri işıqlandırmaq obyektiv hüquq müdafiəçilərinə, jurnalistlərə nəsib olmur. Çünki belə olardısa, orada baş verənlərə görə o sistemin  bir çox əməkdaşlarının yerı  zindan  olardı. Artıq bu dəfə pulyığan  vəzifəli şəxs kimi yox, məhkum kimi. Normal cəmiyyətdə məhkumların hüquqlarını müdafiə edən İctimai Komitə belə hallarda əsas rol oynaya bilərdi. Hakimiyyətin dəyirmanına su tökən indiki qondarma İctimai Komitə isə heç vaxt cəsarət edib belə məsələləri araşdıra bilməz.                                                                                                                             Müzakirə predmetinə çevrilmiş bu məsələ ilə bağlı fikrimcə, E.Behbudovu çox da qınamaq olmaz, onun dediklərində, şübhələrində həqiqət çalarları vardır ki, bunun sonuna da indiki  şəraitdə  hüquqşunaslardan  daha çox jurnalistlər çata bilər. Aydın görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi də bu məsələnin müzakirəsində səmimi deyil. Ən azından ona görə ki, əgər L.Ouliyeva keçən ilin oktyabr ayında dünyaya uşaq gətiribsə, bunun təfərrüatları cəzaçəkmə müəssisəsinin, Penitensiar Xidmətin, hətta Ədliyyə Nazirliyinin rəhbərliyinə çoxdan məlumdur. Belə olduğu halda Penitensiar Xidmətin cəmiyyəti aldadaraq, guya uşağın atasının kim olmasını araşdırması baş qatmaqdan başqa bir şey deyil.                                                                        
O fikirlər ki, guya məhkum L.Quliyeva  qohumları, dostları ilə uzunmüddətli görüşlərdə olmuşdur, fikrimizcə, izi itirməyə cəhddən başqa bir şey deyil. Əgər belə olsaydı, uşağın atası qohumlardan, dostlardan kimsə olsaydı,Penitensiar Xidmət şübhələri öz üzərindən atmaq üçün bu haqda cəmiyyətə  çoxdan məlumat vermişdi.                                                                                                                                       
Şübhələri artıran əsas amillərdən biri də cəzaçəkmə müəssisəsinin sabiq rəisi Müzəffər adlı şəxsin bir neçə dəfə ora gəlməsi, L.Quliyeva ilə görüşməsidir. Sabiq rəis ora niyə gəlmişdir, məhkumla niyə görüşmüşdür, ümumiyyətlə, hansı səbəblərə görə o işdən çıxarılmışdır? Sabiq rəisin əvvəlki iş yerinə gəlməsi, məhkumla görüşməsi həqiqətdirsə və şahidlərin dediyinə görə  bu həqiqətdir, Pentensiar Xidmət  ədliyyə sisteminə ağır zərbə olacaq bu rüsvayçı həqiqəti heç vaxt etiraf etməyəcək.                                                                                                                                   
Yaranmış  şübhələr deməyə  tam əsas verir ki, bu məsələni qapatmaq yox, onun üstünə gedilməli, qapalı yerdə baş verən hadisə tam araşdırılmalıdır. Əgər sabiq rəis günahkardırsa, vəzifə səlahiyyətlərini aşmışdırsa, ona qarşı ən sərt tədbirlər görülməli, o, eləcə də  cinayəti gizlədən  digər vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir.                                                                                                                            

Bu belə olmazsa, günahkarlar mundir xatirinə gizlədilərsə, gələcəkdə bu  hadisə çox pis nümunə ola bilər.”