Osman Gündüz: «Nazirin açıqlaması o deməkdir ki, bazarda azad, sərbəst rəqabət yoxdur»
Rabitə və yüksək informasiya texnologiyalar naziri Əli Abbasovun son açıqlaması maraq doğurur. ANS TV xəbər verir ki, nazir “Aztelekom” və Bakı Telefon Rabitə Istehsalat Birliklərinin (BTRIB)-in fəaliyyətini tənqid edib.
Stasionar telefon operatorlarının fəaliyyətini tənqid edən nazir Əli Abbasov mənzillərə telefon və internet xətlərinin çəkilişi zamanı bir sıra qanunsuzluqlara yol verlidiyini deyib. Nazir bildirib ki, vətəndaşlardan daxil olan şikayətlər əsasən rüşvətxorluq halları ilə bağlıdır. O hər bir kiçik hadisənin Baş Prokurorluğun Korrupsiya Idarəsi tərəfindən tənzimləndiyini bildirib.ÿ
Əli Abbasovun fikrincə, “Aztelekom” və BTRIB-nin fəaliyyətində digər çatışmazlıq geniş zolaqlı internetin çəkilişi prosesində özəl şirkətlərin fəaliyyətinin az olmasıdır. Bunun səbəbi isə sözügedən qurumların şirkətlər arasında ayrıseçkilik etməsidir. “Hansı şirkətlərsə ”Aztelekom” və BTRIB -in rəhbərliyi tərəfindən dəstəklənir. Hansısa maraqlara görə, bu şirkətlərə daha çox imkan yaradılır. O birisilərə isə yaradılmır. Bilmirəm. Mən sizə axırıncı dəfə deyirəm bu korrupsiya elementidir. Burada özgətirəlik olmamalıdır”, deyə Ə.Abbasov vurğulayıb.
Bəs, Ə.Abbasov hansı şirkətləri nəzərdə tutur və bu şirkətlər barədə hansı tədbirlər görülməlidir?
Bu sahənin eksperti Osman Gündüz hesab edir ki, Ə.Abbasovun söylədikləri ittihamlar kifayət qədər ciddidir. O.Gündüz vurğuladı ki, həqiqətən də Azərbaycanda telekomunikasiya sektorunda geniş səlahiyyətlərə malik qurumlar özlərinin infrastrukturlarından daha güzəştli şərtlərlə istifadə edən şirkətləri himayə edirlər: “Daha geniş səlahiyyətə malik olan qurumlar sırasında Bakı Telefon Istehsalat Birliyinin şirkətlərə qarşı ədalətsizlik etdiyi vurğulanır. Bəzilərinə yüngül, digərlərinə isə ağır şərtlər tətbiq edirlər. Nazirin açıqlaması o deməkdir ki, bazarda azad, sərbəst rəqabət yoxdur. Düşünürəm ki, bununla bağlı yaradılan komissiya yoxlamalardan sonra müəyyən nəticələr ortaya qoyacaq və bu nəticələrə əsaslanaraq addımlar atılacaq”.
Nazirin söylədiyi məqamlarla bağlı onlara da vaxtaşırı məlumatların daxil olduğunu deyən O.Gündüz bildirdi ki, konkret hansı şirkətlərə güzəştin edildiyini söyləmək çətindir. “Əgər nazir bəzi şeyləri etiraf edibsə, deməli bu istiqamətdə müəyyən bir problem var. Məsələn, mən çox eşitmişəm Bakı Telefon Istehsalat Birliyinə yaxın olan qurumlar var. Və bu qurumlara ”yaşıl işıq” yandırılır. Bu şirkətlər başqalarına nisbətən daha üstün şərtlərlə bazara daxil olurlar”.
Xəyal


