Dünən məktəblərdə son zəng idi. Hər kəsin bu günlə bağlı bir xatirəsi var. Təbii ki, keçmişə qapılanda acılar da içimi bürüyür. Itirdiyim müəllimlərimi, sinif yoldaşlarımı, o illərlə bağlı indi həyatda olmayan doğmalarımı hökmən acı ilə yada salıram. Amma yenə də son zəng mənim məktəb xatirələrimə qürur və xoşbəxtlik qatır. Son zəng qələbəliyini görəndə həmişə üzüm gülür. Bu, qətidir.
Niyə?..
Çünki mən məktəbə borclu adamam – ondan qazandıqlarıma görə. Məktəb mənim üçün təkcə böyümə illəri deyildi. Təəssüf ki, çoxları üçün orta məktəb bağça rolunu oynayır – böyük uşaqlar bağçası rolunu. Bilirsiniz ki, bağça öyrətməkdən çox, kiçik yaşlı uşağın vaxtını yola verən bir müəssisədir. Valideynlərə belə daha rahat olur, ya iş səbəbindən, ya digər səbəbdən.
Amma məktəb, təki uşağın başı qatışsın, burada ona baxsınlar, onu yola versinlər deyə gediləsi bir yer deyil. Onun ciddi bir missiyası var. Məktəb müasir adamın özü üçün də, onun yaşadığı cəmiyyət üçün də çox vacib vəzifələri həyata keçirməlidir. Bu səbəbdən onun son zəngi real həyatın, müstəqil həyatın ilk zəngidir. Əgər o məktəb doğrudan da məktəbdirsə…
Müasir adam təkcə əl-ayağı ilə sağlam ola bilməz. Əksinə, düzgün məktəb təhsili olmadan insanın bütövlüyü itir, nələrisə çatmır, bəzən şikəst olur. Övladına təhsil vermədən var-dövlət yığan valideynlərə isə bizim yazığımız gəlməlidir. Belə nadanlıq dözülməzdir. Deməli, o adam pulu, sərvəti də normal yolla qazanmayıb. Normal yolla pul qazanan adam təhsilin, məktəbin rolunu anlamaya bilməz.
Normal təhsilin, normal məktəbin rolunu təmin etməyən ölkə bəlalardan asan qurtula bilməz. Bizim ölkənin əsas dərdlərindən biri də budur. Yaxşı təhsil sistemi olan ölkədə Əliyevlər hakimiyyəti, onun yalan və cinayətləri bu qədər uzun sürməzdi. Biz indiki məktəbləri hakim rejimin repressiya sisteminin ilk səngəri saymaqla səhv etmərik. Burada gələcək nökərlər yetişdirilir. Burada toplumun ruhu qırılır. Burada insanlar yaşadığımız cəmiyyətə layiq-onun qüsurlarına uyğun yetişdirilir.
Bəli, istisnalar var, ailələrin təsiri də var, içində ədalətin ölmədiyi yeniyetmələr də var. Amma ümumən bu məktəblər əsl YAP məktəbləridir. Biz bu məktəblərin xeyri-dua zəngi ilə həyata atılanlardan narahat olmalıyıq. Həm özlərinə görə, həm özgələrinə görə…
Məktəb və asfalt
Azərbaycan hakimiyyəti son 5 ildə tikintiyə 19.8 milyard manat pul xərcləyib. Eyni illərdə ölkədə təhsilə 5.5 milyard, səhiyyəyə isə 2 milyard manat ayrılıb. Fərqi görün. “Səhiyyənin Inkişafı ilə bağlı Dövlət Proqramı” elan edilib. Həmin proqram üzrə son 5 ildə cəmi 200 milyon manat xərclənib. Dövlət Neft Şirkəti isə indi təxminən həmin qədər pula özünə yeni bir ofis binası tikdirir.
KIV-lərdə reklamlara diqqət yetirin. Səhiyyə ilə bağlı reklamların əksəriyyətində diqqət ona yönəldilir ki, filan klinikaya xarici həkim gəlib. Çünki insanlar yerli həkimlərə qədərincə inanmırlar. Niyə inanmırlar?
Digər tərəfdən, kimi dindirirsən uşağına xarici lisey axtarır. Ya da repititor. Görəsən, repititorlar da son zəng keçirirmi?!