Anarın ittihamlarına cavab gəldi

Elnur Astanbəyli: «Bu ikiləşmə heç də qocalığın əlaməti deyil…»

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “kult.az” saytına müsahibəsində şair-publisist Elnur Astanbəyli haqqında sərt fikirlər səsləndirib. 

“O ”Azadlıq” qəzetində bir Elnur var, nədən yazır-yazsın mənə mütləq sataşmalıdır. Özü də tutuquşu kimi eyni sözləri deyir – “Xalqsız Xalq yazıçısı”. Yaxşı, gedək soruşaq xalqdan, görək xalq kimi oxuyur, kimi sevir, kimi tanıyır? Niyə mən xalqsız yazıçı olmalıyam ki? Bir az yekə çıxmasın, bütün ömrüm boyu özümü bu xalqa həsr eləmişəm, özümü bu xalqın mədəniyyətinə, ədəbiyyatına, dilinə həsr eləmişəm, qeyrətini çəkməyə həsr eləmişəm. Yazır ki, Anarın bütün yaradıcılığını Sarokinin bir hekayəsinə dəyişərəm. Bu, adama niyə təsir eləməsin? Təbii ki, təsir eləyir. Özü də təkcə məndən yazır. Adlar çəkir. Rəqsanə, kim, kim və Anar. Özü də həmişə “Anar Rzayev” yazır, guya bununla məni sancır. Bu nə səviyyədə yumordu? Bu yumor deyil, terrordu, özü də axmaq terrordu. Bunların heç biri ciddi qəbul olunası şeylər deyil. Elə-belə sataşsınlar, nə bilim, neyləyirlər eləsinlər. Amma təbii ki, yenə deyirəm, bu şeylər adama təsir eləyir” – Anar belə deyib.

E.Astanbəyli isə AYB sədrinin dediklərinə münasibət bildirərkən xalq yazıçısının Fransada satirik “Charlie Hebdo” jurnalına hücumla bağlı mövqeyini xatırladıb: “Anar Rzayev bir neçə gün əvvəl Parisdə baş verən teraktda öldürülənləri günahlandırıb terrorçulara haqq qazandırmışdı. Indi isə məni terrorda günahlandırır. Bu ikiləşmə heç də qocalığın əlaməti deyil, bizim əksər psevdo yazıçı-şairlər kimi Anarın da bütün ömrü məhz belə yaşanıb – hər situasiyaya uyğunlaşmaqla, özünütəkziblə, özlərinə necə sərf edirsə, elə danışmaqla, davranmaqla”.

E.Astanbəyli onun Anar haqqında “xalqsız xalq yazıçısı” yazmasına AYB sədrinin cavabını da gülməli adlandırıb: “Deyir gedək soruşaq xalqdan, görək xalq kimi oxuyur, kimi sevir, kimi tanıyır. Xalq Anarı tanıyır, etiraz etmirəm, amma xalq Səməd Səmədovu da tanıyır. Məgər bu nəyin göstəricisidir? Səməd Səmədovun həqiqətən xalq artisti olmasınınmı? Xalq kimi oxuyur məsələsi isə çox açıqdır. Hər halda xalq Anarı oxumur. Anarın milyonda biri qədər təbliğ olunmamış, tirajlanmamış yeni nəsil yazarlarının kitabları Anarın istənilən kitabından çox satılır. Onun istedadlı, azad yaradıcı gəncliyə nifrətinin səbəbi də budur. 30 ildir tutduğu vəzifəni də elə buna görə buraxmaq istəmir. Bilir ki, ”ədəbiyyat naziri” postundan getsə, tamamilə unudulacaq. Başa düşür ki, bu gün ədəbi mühitdə nüfuzu məhz həmin vəzifəyə, payladığı təaqüdlərə, mənzillərə, mükafatlara görədir. Bunlar olmadıqdan sonra hətta ələbaxanlarının tərifləri, tostları da olmayacaq”.  

E.Astanbəyli bildirib ki, son vaxtlar Anar Rzayev və digər psevdoyazıçıların daha da aqressivləşməsinin başqa bir səbəbi də var: “Bunlar yeni və azad ədəbi nəsili ciddiyə almırdılar, elə bilirdilər, onların sahib olduğu komfortdan, maddi imkanlardan tamamilə məhrum olan, ağır həyat şərtləri altında yaşayan bu nəsilin nümayəndələri qarşılarındakı əngəllərə, məşəqqətlərə dözə bilməyib meydandan çəkiləcəklər. Amma belə olmadı. Artıq ortada uğurlu əsərlər, maraqlı kitablar var. Ədəbi-ictimai fikirə vaxtilə bunların ”lümpen” dedikləri, qeyri-ciddi qəbul etdikləri imzalar diqtə edirlər. Ona görə də hər gün bir az da əsəbi və aqressiv olurlar, hər gün daha da miskin görünürlər”.