28 May – Müstəqillik günü ibtidai sinfi bitirən uşaqları adambaşına 5 manatdan yığıb, gəzintiyə aparıblar. Əlbəttə, ağla ilk gələn o olur ki, çocuqları mütləq Novxanıya – Məhəmməd Əmin Rəsulzadənin abidəsinin önündə keçirilən törənə götürüblər. Çox da uyğun görünür. Düşünürsən, yəqin müəllimlər öz balaca şagirdlərini oraya aparmaqla onlara Dövlətin, Dövlət müstəqilliyinin, o Dövlətin qurucularından biri olan Məhəmməd Əmin bəyin kimliyini, törənə qatılan minlərlə insanın ona sevgisinin kökündə nə dayandığını izah eləmək istəyiblər. Nə gözəldi, elə deyilmi?
Gözəl olmağına gözəldi. Hətta gözəldən gözəldi. Niyə də uşaqlar bu yaşlarından başlayaraq dövlət qurmağın nə demək olduğunu, onu quranların necə sevgiylə anıldığını dərk eləməsinlər. Bu, layiqli bir görk olmazdımı…
Ama çox heyf! Həmin gün gəzinti heç də Novxanıya istiqamətlənməyib. Uşaqları Mərdəkana – bomboz Nəbatat bağına, oradan isə… Aman ya rəbbim! Oradan isə, elə gəlmişkən çıldağa aparıb, qorxu-ürkülərini götürtdürüblər. (Burada bir haşiyə çıxım ki, çıldağdan sonra da Ətağanın sərdabəsini ziyarətə getmək istəyi də olub, ancaq bəzi valideynlər qüsllü olmadığından gəzintinin bu hissəsi təxirə düşüb). Hə, buyurun, bu da bizə hicabı yasaq eləyən dünyəvi dövlətin mifoloji təhsil sistemi.
Bu gəzintiyə bir neçə rakursdan yanaşmaq olar. Hətta uşaqların Novxanıya aparılmamasını bir yana qoyaq. Hakimiyyətin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı xəstəcəsinə qısqanc siyasəti aydındı deyə, bu məsələnin üstünə getməyək. Elə olsaydı, onda bu ziyarəti təşkil eləyənlərin gözünü oyardılar ki, elə gedirdinizsə, Fəxri Xiyabana – ümummilli liderin qəbrini ziyarətə gedəydiniz.
Gəzinti mistik olduğuna görə, mistik də yanaşma tapmaq lazımdı. Bu çıldağın səbəbi nə ola bilər? Olsun ki, çağı dərindən dərinə anlayan, təhlil eləyən müəllimlər indiki çocuqların təpədən dırnağa nevrozla, stresslə dolu olduğunu, addımbaşı – evdə-bayırda şiddətlə qarşılaşdıqlarını nəzərə alıb gələcək nəsillərin də indikilər qədər qorxaq olmasının qarşısını almaq üçün bu addımı atıblar. Çünki o müəllimlər öz təcrübələrindən çağdaş Azərbaycan vətəndaşının necə gözüqıpıq, qorxaq, ürkək olduğunu öz təcrübələrində görürlər. Deməli, qorxaq ola-ola, səsini içinə sala-sala insanımız, xüsusən də ziyalımız anlayır ki, bu, heç də insana yaraşan hal deyil. Ona görə də Məhəmməd Əmin Rəsulzadəni tanıtmazdan qabaq uşaqların canındakı qorxunu, xofu çıxarmağı düşünüblər.
Başqa bir ehtimal o ola bilər ki, heç müəllimlər oraya qədər düşünə bilmirlər və uşaqları da çıldağa onlar yox, uşaqların valideynləri özləri aparıblar. Bəs niyə aparıblar? O uşaqlar nədən qorxub ki? Dördüncü sinfi qurtaran uşağın körpə kimi qorxaq olması, cindən-şeytandan, gecələr yatarkən hər çıqqıltıdan səksənmələri, səhərəcən yuxuda diksinmələri nədən asılı ola bilər? Məsələn, bu yaşda Avropa uşağı cindən qorxmur, cin otarır. Bizimkilər isə, hələ bu yaşda da gecələr anası yanında uzanmasa gözünə yuxu getmir. Səhərlər dərsə yollananda isə, həyəcandan boğazına su keçmir, ürəyi bulanır, sinif rəhbərinin zəhmindən bəzən dərsdəcə şalvarını batırır, ancaq tualetə getmək üçün izn almağa cəsarəti çatmır. Elə bil, bu uşaqları məktəbə yox, konslagerə yola salırsan.
Bu günəcən uşaqların dərsdən qayıdanda əlində, üzündə gördüyüm barmaq, çubuq izləri bu dediklərimi əsaslandırır. Bu uşaqlar bizim sabah üçün yetişdirdiyimiz Azərbaycan vətəndaşlarıdı. Başdan-ayağa diktatorların idarə elədiyi toplumda bundan artığını gözləmək sadəlövhlük olardı. Son 17 ildə Azərbaycan təhsili nə qədər bu cür gözüqıpıq insan yetişdirib – düşündükcə adamı ümidsizlik bürüyür. Bu gedişatı durdurmaq olmayacaqmı?