Mir Cəlal küçəsi

Bu mövzuda «Səs» qəzeti də yaza bilərdi…  

Iqtidara yaxın mətbu orqanlarında, demək olar, tənqidin yoxluğu bizim işimizi bir qədər çətinləşdirir. Etiraf edirəm, şəxsən mənim bir çox yazılarım var ki, orada toxunulan problemlər həmin mətbu orqanları üçün “təhlükəsiz” sayıla bilər. Burada nə iqtidar-müxalifət qarşıdurmasından, nə inkişaf adı altında gedən talandan, nə də sadə vətəndaşların həyatını zəhrimara çevirən məqamlardan söhbət açılır. 

Birbaşa “iqtidar bulağı”ndan qidalanan qəzetlər var ki, orada bir icra başçısını, bələdiyyə sədrini, məhkəmə hakimini tənqid etməyə qarşı dəhşətli fobiya var. Onların işi yalnız keçmiş və vurulmaqda olan məmurlarladır ki, bunu daha çox ehtiyatla edirlər, loru dildə desək, suyu üfürə – üfürə içirlər. Məntiq belədir, filankəs bu postdadırsa, deməli, dalında duranı var, öz növbəsində himayəçinin yekə bir arxası var və s. Beləcə adi bir məmur haqqında tənqidin mümkün “fəsad”ları nəzərə alınır və vaz keçilir. Içindəki mənfi enerjini götürmək istəyirsənsə, buyur, müxalifətə saldır və necə deyərlər, kir-pasını təmizlə. Zaman-zaman başqa mövzular da tapılır, məsələn…

Keçənlərdə rejimin ianəsi ilə buraxılan bir sayt rəhbərinin (səhv etmirəmsə, adı Qabil idi – Ə.X.) Sabirabadda “uçan ələm”lə bağlı bir yazısını oxumuşdum. Çox radikal yazmışdı. Mövhumata və bu biabırçılığa son qoyulmasına çağırırdı. Sırf ələmə həsr edilən yazıdan belə məlum olurdu ki, ölkənin bir nömrəli problemi “uçan ələm”dir, o uçmasa, ölkədə sabitlik və inkişaf qanad açıb uçar, ədalət bərqərar olar. Adam bir illərdən yığılan enerjisini bu bədbəxt mövzuya tökmüşdü. Nə isə keçək, əsas məsələyə… 

Bakıya beş santimetr qalınlığında qar düşəndə, yaxud da bir neçə saat aramsız yağış yağanda vəziyyətin necə olduğunu hamınız yaxşı bilirsiniz və bu fəlakəti hamınız yaşamısınız. Ildə bir neçə dəfə təbiət “Azərbaycan inkişafı”na bu cür münasibət bildirir. Qar əriyir, yağış kəsir və… günəşlə bərabər Bakının icra başçısı Hacıbala müəllim da çıxıb deyir ki, Bakıda hərəkəti bərpa etmişik, çıxın şəhərə gəzin və s.

Bakının elə küçələri var ki, qar və yağışdan asılı olmayaraq, ilin 365 günü fəlakət içindədir. 

Bakının Nəsimi və Binəqədi rayonunu ayıran, eyni zamanda birləşdirən Mir Cəlal küçəsi… bu siyahının başında gəlir. Səkiləri və küçənin yarısını zəbt etmiş iri supermarketlər, şadlıq sarayları, özəl tibb mərkəzləri və s. obyektlər yol boyu əbədi tıxac yaradıb. Əvvəllər belə deyildi, burada hər şey gözəl idi… 

Bəri başdan qeyd edim ki, küçəyə Azərbaycanın görkəmli yazıçısı və ziyalısı Mir Cəlal Paşayevin adı veriləndə nə Azərbaycan müstəqil idi, nə də Azərbaycanın indiki iqtidarı hakimiyyətdəydi. Normal, yaşıl və geniş bir küçə idi.  

Küçə Əliyevlərin hakimiyyəti zamanı dözülməz hala gətirildi. Bu gün də yaşıllıqlar məhv edilir, küçə boyunca şadlıq sarayı və iaşə obyektləri salınır. Bu ərazidə yaşayanların bir qisminin rahat şəkildə küçəyə çıxmaq şansları çox azdır. Yol kənarı ilə kifayətlənməyən məmurlar hazırda evlərin arasında olan yaşıllıq zonalarını satırlar. 

Küçədəki təxminən 10-a yaxın(!) şadlıq evindən çıxan kabab tüstüsü ekoloji tarazlığı pozmaqla, buranın minlərlə kasıb, sadə əhalisi üçün əzabdır desəm, yəqin ki, yanılmaram. Biçarə valideynlər yayın istisində belə uşaqları bu iydən uzaq tutmaq üçün mücadilə verirlər. 

Mir Cəlal küçəsində yerləşən “Elmed” tibb mərkəzi isə,  tamah və “bespredel”liyin simvoludur. Səkinin üzərində(!) yerləşməsi bir yana, yolun yarısını da personal və bura gələnlərin maşınları zəbt edir. Kimlərinsə gəlir yeri olan bu tibb mərkəzi piyadalar və sürücülər üçün təhlükə mənbəyidir.  

Bakının ən böyük marketi olan “Favorit” market də bu küçədə yerləşir. Küçənin səkisi “parkovka”dır, normal hərəkət yalnız market bağlanandan sonra, gecə saat 11-də bərpa olunur. 

Bir-birinə yaxın 10 şadlıq evi də küçəyə açılır, onlar da səki və yolun yarısını təxminən 5 saat məşğul edir. 

Maraqlıdır ki, onlardan yalnız biri, hələ sovet dövründən fəaliyyət göstərən “Leyla” şadlıq evi yoldan xeyli aralıdır… 

Ümidvaram ki, bir gün gələcək və biz Mir Cəlal Paşayevin adını daşıyan küçəni də sahmana sala biləcəyik…