Azərbaycan hakimiyyəti Qərbə savaş açdı

Novruz Məmmədov: «Dünya ölkələri sabitliyi, təhlükəsizliyi,  təmin etmək istəyirlərsə, onda bu iddialardan bir qədər çəkinməlidirlər»

Fuad Qəhrəmanlı: «Novruz Məmmədovun fikirlərində həm də Qərbə bazarlıq təklifi var»

Azərbaycan hakimiyyətinin sivil dünya ilə münasibətləri getdikcə daha da kəskinləşir və bu prosesin dayandırılması üçün heç bir addım atılmır. Əksinə, hakimiyyət nəzarətində olan bütün vasitələrlə Qərbi ittiham etməyə, ABŞ-a qarşı kampaniya aparmağa davam edir. Bütün bu münasibətlərin pozulması isə demokratiya və insan haqları tələblərinə görədir. Yəni, Azərbaycan hakimiyyəti vətəndaşa hörmət etməmək, demokratik islahatlar aparmamaq üçün bütün dünya ilə düşmən olmağa hazırdır. 

Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri  Novruz Məmmədov isə son müsahibəsində dünya ölkələrini şantaj etməkdən də çəkinməyib:

“Biz bu müstəqillik illərində 23 ildən artıq müddətdə öz siyasi kursumuzu seçmişik və ona sadiqik, bu istiqamətdə də gedirik. Lakin bir şeyə diqqət yetirmək lazımdır ki, indiki beynəlxalq münasibətlərdə hansı proseslər hökm sürür və niyə? Hər bir dövlət öz maraqlarını ortaya qoyub onun həyata keçirilməsini tələb edəcəksə, bu dünya doğrudan da indiki vəziyyətə gəlib çıxacaq. Dünyada indi yaranan gərginliyin əsas səbəbi nədir? Bu Azərbaycandan asılı deyil ki. Azərbaycan bunun səbəbi deyil ki. Bu gün dünyada baş verən proseslər, əsasən, böyük dövlətlərdən asılıdır. Doğrudan da bunlar sabitliyi, təhlükəsizliyi, təmin etmək istəyirlərsə, onda bu iddialardan bir qədər çəkinməlidirlər”- deyə Novruz Məmmədov bildirib.

PA rəsmisi açıq şəkildə dünya ölkələrini hədələyir. Belə çıxır ki, dünya ölkələri demokratiya, insan haqları tələblərindən vaz keçməsələr, Azərbaycan hakimiyyəti ölkə daxilində iğtişaşlar yaratmağa da, müharibəni alovlandırmağa da start verə bilər.

PA rəsmisi onu da bildirib ki, Azərbaycan siyasi islahatlar sahəsində postsovet məkanından, eləcə də digər dövlətlərin heç birindən geri qalmır: “Buradakı vəziyyət onların böyük əksəriyyətindən daha yaxşıdır. Biz bütün dövlətlərin maraqlarına hörmət edirik və bütün dövlətlərdən də tələbimiz ondan ibarətdir ki, onlar da bizim maraqlarımıza hörmət etsinlər. Yəni bu əlaqələr qarşılıqlı surətdə faydalı olmazsa, qarşılıqlı hörmət üzərində qurulmazsa, onda nəticə indiki vəziyyətə gətirib çıxaracaq. Bizim bütün dövlətlərlə ilk illərdən qurduğumuz əməkdaşlığı davam etdirmək üçün qapılarımız açıqdır. Sadəcə olaraq, böyük dövlətlərdə belə bir iddia yaranıb ki, ”mən nə dedimsə, beynəlxalq hüquq da bu olmalıdır. Biz öz yolumuza sadiqik, gedirik. Bunu necə başa düşüb qiymətləndirirlərsə, eyni münasibəti də görürlər”.

Göründüyü kimi Azərbaycan hakimiyyəti öz yanlış siyasətindən imtina etmək əvəzinə, dünyanı bəşəri dəyərlərdən imtinaya çağırır. Novruz Məmmədovun fikirlərində həm də bu mesaj var ki, Qərb ölkələri Azərbaycan hakimiyyətinini olduğu kimi qəbul etsə, əvvəlki münasibətləri davam etdirməyə hazırdılar. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Novruz Məmmədovun fikirlərində Qərbə bazarlıq təklifi açıq hiss olunur: “ABŞ prezidenti Barak Obama bir müddət əvvəl Azərbaycan da daxil olmaqla bir çox irticaçı rejimlərin varlığının ABŞ-n milli təhlükəsizliyi üçün təhdid yaratdığını bildirmişdi. Bu o demək idi ki, ABŞ və onun partnyorları demokratiya məsələsini heç bir ölkənin daxili işi hesab etmirlər və bunu milli təhlükəsizlik maraqları kimi qəbul edirlər. Məhz Azərbaycanla ABŞ arasında münasibətlərin indiki böhran həddinə çatmasının səbəbi, ABŞ və Qərb ölkələrinin ölkəmizdə insan haqları və demokratiyanın boğulmasına etiraz etmələri oldu. Ona görə də  Azərbaycandan beynəlxalq öhdəliklərə əməl etmək tələb edilir. Növruz Məmmədov əslində onu demək istəyir ki, Azərbaycan demokratiya məsləsində Qərbin loyal yanaşması müqabilində hər cür əməkdaşlığa hazırdır. Bu bir növ Qərbə bazarlıq təklifidir”.

Ekspert onu da əlavə etdi ki, hakimiyyətin bu taktikası özünü doğrultmayacaq: “Rusiyanın mövqeyi zəiflədikcə iqtidar Qərblə qarşıdurmanın ona yaxşı sonluq vəd etmədiyini görüb, yenidən əvvəlki kursa qayıtmaq istəyir. Hakimiyyətdə   anlayırlar ki, ABŞ-la şantaj dilində danışmaq, sərt ritorika ilə cavab vermək taktikası nəinki özünü doğrultmur, əks nəticələr verir. Ancaq Qərbin loyallığı hesabına münasibətləri yenidən bərpa etmək mümkün deyil. Çünki Qərb artıq demokratiya və insan haqları məsləsində ghzəştə getmək niyyətində olmadığını dəfələrlə nümayiş etdirib. Problemin həlli yalnız Azərbaycan iqtidarının represiyalardan imtina etməsi, demokratik islahatlara başlaması ilə mümkündür. Azərbaycan həm də xarici siyasətdə Rusiya meylli kurs seçməklə etibarlı və sabit tərəfdaş olmadığını da göstərdi. Belə nəticə çıxır ki, ABŞ və onun müttəfiqləri üçün Azərbaycanla münasibətlərdə əsas problem məhz hazırkı rejimin özüdür. Bu baxımdan Novruz Məmmədovun dili ilə Qərbə ünvanlanan bazarlıq təklifləri artıq elə bir əhəmiyyət daşımır”.

Akif