Azərbaycanda məhkəmələr hüquqa söykənmir

«Hakimiyyətdəki bəzi şəxslərin mənə qarşı qisasçılığı elə bir səviyyədədir ki…»
 

 
Milli Şuranın komissiya sədri, keçmiş deputat Gültəkin Hacıbəyliyə qarşı keçmiş həyat yoldaşı və baldızının xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə təxminən il yarımdır ki, davam edən məhkəmə prosesi bu gün yekunlaşacaq. Xatırladaq ki, bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə insan alveri və əməyin istismarı kimi cinayətlərə görə məhkum edilən Aynur Mehdiyeva iddia edir ki, Gültəkin Hacıbəyli Daxili Işlər Nazirliyinin onun saxlanıldığı haqda yaydığı, qəzetlərdə, saytlarda çap olunmuş xəbəri öz müsahibəsində dilə gətirməklə onun şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb. Ona görə də Gültəkin Hacıbəylinin CM-nin 147 və 148-ci maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
Gültəkin Hacıbəyli ilə söhbətləşib, ondan məhkəmədən gözləntiləri, həmçinin prosesin gedişilə bağlı fikirlərini öyrəndik:
– “Azadlıq” olaraq, bu məhkəmə prosesini əvvəldən izləmişik və orada baş verənləri oxuculara çatdırmışıq. Bu prosesdən sizin gözləntiniz nədir?
– Mən Azərbaycan məhkəmələrindən hər şey gözləyirəm. Konstitusiya hüququ nəzəriyyəsində belə bir deyim var ki, qeyri-məhdud səlahiyyətlərə malik Böyük Britaniya parlamenti istənilən məsələ ilə bağlı qərarlar qəbul edə bilər. Bacarmadığı iş təkcə kişini qadına və qadını kişiyə çevirməkdir. Azərbaycan məhkəmələri isə Böyük Britaniya parlamentindən fərqli olaraq, bunu da bacarır. Bu baxımdan, proqnoz vermək çətindir, çünki Azərbaycanda məhkəmə qərarları hüquqa, qanuna söykənmir və konkret mənim məsələmin siyasi kampaniya olması şübhəsizdir.
– Mahmud Mehdiyevin əleyhinizə keçirdiyi mətbuat konfransında ünvanınıza səslənən təhqir və böhtanlar televiziya və qəzetlər vasitəsilə ölkə boyu yayıldı. Lakin məhkəmə həmin təhqir böhtanların yayılmasına görə məsuliyyəti Mehdiyevin yox, medianın üzərinə qoydu. Aynur Mehdiyeva isə bir müddət əvvəl iki ağır cinayətə görə məhkum edildi. Sizcə bu adamların tələbilə barənizdə ittiham hökmü çıxaracaqlar?
– Onlar kimdir ki? Onlar, sadəcə, hakimiyyətin siyasi sifarişlərini icra edirlər. Mahmud Mehdiyevi hakimiyyət mətbuat konfransına özü göndərmişdi. Bunun əvəzində baş prokuror Zakir Qaralovu məcbur etdilər ki, özünə, öz imzasına hörmətsizlik edib, dörd il əvvəl prokurorluq orqanı əməkdaşına yaraşmayan hərəkətlərə və hərbi xidmətdən yayınmağa görə işdən qovduğu Mahmud Mehdiyevi Xətai prokurorluğunun müstəntiqi vəzifəsinə təyin etsin. Bununla da baş prokuror özü “Prokurorluq haqqında” Qanunun 29-cu maddəsini pozdu. Daha sonra Azərbaycan məhkəmə tarixində ilk dəfə dövlət ittihamçısı məhkəmədən insan alveri və əməyin istismarı kimi iki ağır cinayət törətmiş Aynur Mehdiyevaya 9 il 4 ay həbs cəzasının bir il sınaq müddətilə şərti verilməsini istədi. Mahmud Mehdiyevin mənə qarşı törətdiyi xuliqanlıq əməli ötən ilin aprel ayından Bakı şəhər prokurorluğu tərəfindən ört-basdır edilir. Bakı şəhər prokurorluğu aciz durumda qalıb, qəbul etmədiyi qərarı, təbii ki, verə bilmir. Iddia qaldırdığım 1 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsi Mahmud Mehdiyevə qarşı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı mənə təqdim etmək haqqında qətnamə qəbul etmək əvəzinə, məsuliyyəti Səbail rayon məhkəməsinin, Səbail məhkəməsi isə Inzibatı-Iqtisadi Məhkəmənin üzərinə atır. Həmin işlə bağlı məhkəmə nəzarəti qaydasında şikayətlə yanaşı mülki iddia da qaldırmışam. Yəqin sonunda pozulmuş hüququmun bərpası üçün Azərbaycan məhkəmələri məni Mozambik xalq məhkəməsinə göndərəcəklər. Mahmud Mehdiyevə bəraət hökmü çıxaran Yasamal rayon məhkəməsi onun səsləndirdiyi böhtan və təhqirlərin məsuliyyətini mətbuat konfransını işıqlandıran jurnalistlərin üzərinə atır. Mahmud Mehdiyevin bəraət hökmündən apelyasiya şikayətimizə baxılarkən məhkəməyə jurnalistlərin dəvət edilməsi haqqında vəsatət verdik, lakin vəsatətimiz təmin edilmədi. Biz də həmin jurnalisləri xüsusi ittiham qaydasında məhkəməyə verməli olduq. Yəqin ki, bu dəfə məhkəmə hakimiyyətin tapşırığı ilə mənə qarşı çirkli böhtan kampaniyasında iştirak edən jurnalistləri vəziyyətdən çıxarmaq üçün böhtan və təhqirlərin müəllifinin “müqəddəs ruh” olması haqqında qərar verəcək. Beləcə, bütün məhkəmə sistemi, prokurorluq işfa olunur, nüfuzdan düşür, gülünc vəziyyət yaranır. Lakin hakimiyyətdəki bəzi şəxslərin mənə qarşı qisasçılığı elə bir səviyyədədir ki, bütün bunları gözə alıb davam edirlər. Buna tibdə uşaq neqativizmi deyilir. Nə olursa olsun, nəyin bahasına olursa olsun, istədiyinə nail olmaq.
– Hakimiyyət bütün bunlardan sonra barənizdə ittiham hökmü çıxarmaqla nəyə nail olmaq istəyir? Sizi hətta övladınızla da sınağa çəkdilər, siyasi mövqeyinizdən geri çəkilmədiniz. Hələ qarşıda Avropa Məhkəməsi var. Yəni, hakimiyyətin qazancı nədir bütün bunlardan?
– Əslində, mən bu işin Avropa Məhkəməsinə getməsində maraqlıyam. Aynur Mehdiyeva məhkəmədə dəfələrlə işin mahiyyəti üzrə zərərçəkən qismində yalan ifadə verib. Bu, birmənalı olaraq cinayət məsuliyyəti yaradır. Üzərində 8 il 6 ay şərti həbs cəzası olan bir şəxslə bağlı mütləq məhkəmə xüsusi qərardad çıxarmalı və o, mütləq həbs edilməlidir. Eyni sözlər məhkəmədə dəfələrlə yalan ifadə verən Mahmud Mehdiyevə də aiddir. Digər tərəfdən, xüsusi ittihamı Aynur Mehdiyeva imzalamayıb, şikayət ərizəsindəki hər iki imza Mahmud Mehdiyevə məxsusdur. Bunu adi gözlə də görmək asandır, müraciət etdiyimiz mütəxəssislər də təsdiq ediblər. Bu barədə iki vəsatətimiz məhkəmə tərəfindən rədd edilib. Həmin imzaları müstəqil ekspertiza üçün Londona göndərmişik. Digər tərəfdən, onlarla ictimaiyyət nümayəndəsinin gözü qarşısında hakim Sərdar Mehrəliyevin iş üzrə iki sübutdan birinə – diskə baxmadan işi icraata götürüb məhkəmə baxışına təqdim etdiyi bəlli oldu. Disk zədəli və ya boş olduğu üçün sübutların araşdırılması mərhələsinin sonunda xüsusi ittihamçı yeni sübut təqdim etdi və məhkəmə prosessual qanunvericiliyin tələblərini pozaraq sübutu qəbul etdi. Təsəvvür edin ki, məhkəmə sübutu görmədən işi ekspertizaya təyin edib və mənim Mahmud Mehdiyev tərəfindən təhrif olunmuş yarımçıq cümlələrim əsasında ekspertiza keçirilib. Aynur Mehdiyeva müsahibəmin mətnində işlətdiyim “cinayət” sözünü utanmadan “cinayətkar” kimi təqdim edir və məni onun təqsirsizlik prezumpsiyasını pozmaqda, ona böhtan atmaqda ittiham edir. Halbuki, cinayət işi 25 iyun 2013-cü ildə başlanmışdı və mən müsahibəmdə iki ay öncə Daxili Işlər Nazirliyi tərəfindən fakt üzrə açılmış həmin cinayət işindən danışmışam. Digər tərəfdən, məni insan alverçisinin, cinayətkarın törətdiyi cinayət barədə danışdığıma görə təqib edən Yasamal rayon məhkəməsi məni törətmədiyim dələduzluq, hədə-qorxu ilə külli miqdarda əmlak tələb etmə, rüşvət alma kimi ağır və xüsusilə ağır cinayətlərdə ittiham edən Mahmud Mehdiyevə necə bəraət verib? Məgər mənim təqsirsizlik prezumpsiyası hüququm yoxdur? Bu hüquq ancaq insan alverçilərinə, cinayətkarlara tanınır?! Aynur Mehdiyevadan fərqli olaraq, mən ümumiyyətlə, heç vaxt heç bir cinayət törətməmişəm! Böhtan kiminsə barəsində bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən yalan məlumat yaymaqdır. Məgər Aynur Mehdiyevanın insan alveri və əməyin istismarı cinayətləri törətməsi, buna görə məhkum olması yalandır? Bəlkə 2012-2013-cü ildə törətdiyi cinayətlərə görə onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü yalandır? Aynur Mehdiyeva insan alveri cinayətinə görə 8 il 6 ay şərti həbs cəzası alıb, cinayətkar kimi ifşa olunub, rüsvay olub, ancaq bunların yox, saxlanılması xəbərinin onun şərəf və ləyaqətini darmadağın etdiyini deyir. Bu, necə ekzotik “şərəf və ləyaqətdir”? Iki ağır cinayət törədən şəxs niyə, hansı müstəsna xidmətlərinə görə saxlanılmayıb? Bəlkə onun toxunulmazlıq statusu var? Saxlanılmayıbsa, Daxili Işlər Nazirliyinin mətbuat xidməti niyə KIV-lərə bu barədə məlumat verib? KIV rəhbərləri məhkəməyə təqdim etdikləri arayışlarla məlumatı nazirliyə istinadən yaydıqlarını təsdiqləyirlər, bəs mən nədən sorumluyam? Aynur Mehdiyeva hesab edir ki, Daxili Işlər Nazirliyi cəmiyyətdə yalnız yalan məlumatlar yayan orqan imici qazanıb, odur ki, bu nazirliyə istinadən medianın paylaşdığı xəbərlərin yalan olduğunu hamı apriori olaraq bilməlidir. O, həmçinin iddia edir ki, ağır cinayətlər törədə bilər, ancaq onu heç kim saxlaya bilməz.
Mahmud Mehdiyev isə Konstitusiya Məhkəməsinin, Apelyasiya və Yasamal rayon məhkəməsinin sədrlərini ağır vəzifə cinayətlərində ittiham etsə də, ona bəraət verilir. O zaman, prokurorluq orqanları hara baxır? Niyə bu orqan əməkdaşının ittihamlarına əsasən həmin məhkəmə sədrləri barəsində cinayət işinə başlamır? Axı bu ittihamlarla çıxış edən şəxs sıradan birisi deyil, Xətai rayon prokurorluğunun müstəntiqidir! Təsəvvür edirsinizmi, dövlətçilik maraqlarına sığınaraq mənə qarşı bu çirkli kampaniyanın arxasında duran insanlar əslində, özləri Azərbaycan dövlətçiliyini hansı acınacaqlı və komik duruma salırlar, məhkəmə, prokurorluq orqanlarını necə gülüş, rişxənd obyektinə çevirirlər?! Sağlam düşüncəyə, məntiqə söykənib dayanmaq, soyuqqanlı şəkildə rasional təhlil etmək, nəticə çıxarmaq ağıllarından belə keçmir. Çünki dayansalar, zəif görünəcəklərindən qorxurlar. Əslində isə unudurlar ki, zəifliyin birinci əlaməti aqressiya və impulsiv qəbul edilən qərarlardır.
Nigar