Əhmədinejaddan Xamneyiyə qadağa

Prezident dini liderin 390 milyon dollarına blok qoydu

Iran prezidenti Mahmud Əhmədinejad ölkənin ali dini lideri Ayətullah Əli Xamneyi və tərəfdaşlarının Qum şəhərinə səfəri üçün dövlət büdcəsindən ayrılacaq 390 milyon dollara blok qoydurub.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dini liderə yaxın çevrələr prezidentin bu addımını “qəsb” kimi xarakterizə ediblər. Prezidentin mətbuat xidmətindən isə bildirilib ki, Qum şəhərinə məsafənin qısa olduğunu nəzərə alaraq, hansı səbəbdən bu qədər çox pula ehtiyac duyulduğunu Xamneyidən soruşmaq məqsədilə blok qoyulub.
Qeyd edək ki, dini liderlə prezident arasında gərginlik aprel ayında kəşfiyyat nazirinin istefası ilə başlayıb. Belə ki, nazirin istefasını Əhmədinejad qəbul etdiyi halda, Xamneyi nazirin vəzifəsində qalmasını istəmişdi. Dini lider bazar günü dövlət televiziyasına verdiyi açıqlamada isə Əhmədinejadla aralarında gərginlik olmadığını söyləyib.