İxtisarlar “Azəriqaz”a da çatdı

Bir çox rayonlarda əməkdaşlara işdən çıxarılma haqda xəbərdarlıq edilib

Ixtisarlar dalğası Dövlət Neft Şirkətinin “Azəriqaz” Istehsalat Birliyinə də çatdı. “Azəriqaz”ın regional idarələrində çalışanların ixtisara salınması prosesinə start verilib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyevin məlumatına görə, regional idarələrin yaranmasıyla əlaqədar bütün işçilərə iki ay vaxt verilmişdi. Artıq Yardımlı və Göyçayda ixtisarlar başlanıb. Işçilərə bildiriblər ki, onlar öz ərizələri ilə işdən çıxacaqları təqdirdə kompensasiya ala biləcəklər: “Iki aylıq əməkhaqqı almaqla, onlarla müqaviləyə xitam verilə bilər. Təşkilatımıza hər gün ”Azəriqaz”dan şikayətlər daxil olur. Işçilərə Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan qaydada rəsmi xəbərdarlıq verilib. Əmək Məcəlləsinin bu maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda 70-ci maddənin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Amma işçilər bilməlidilər ki, bir ay üçün orta əməkhaqqıdan az olmamaqla, işdənçıxarma müavinəti, işdən çıxarıldığınız gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əməkhaqqı ödənilməlidir. Xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”.

Vəkil Dövlət Neft Şirkətinin “Neftqaztikintitresti”ndə də ixtisarlar aparıldığını qeyd edib. Ilkin mərhələdə hər iki müəssisədən 100-dən çox işçi çıxarılacağı deyilir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı da “Azadlıq”a açıqlamasında ixtisarların artacağını istisna etməyib. Onun sözlərinə görə, Zaqatalada ixtisarlar artıq başa çatıb və orada beş rayonu birləşdirərək regional qaz idarəsi yaradırlar. Hüquq müdafiəçisi qeyd edir ki, bu sektorda işləyənlər prosesin elə də effektli olmayacağını deyir: “Çünki əksəriyyəti köhnə qaz borularıdır. Onlar yeni yaradılan qəsəbə və rayon deyil ki, daha yaxşı avadanlıqlar təklif etsinlər. Buna görə də belə bir fikir var ki, bu proses əlverişli olmayacaq.  Hazırda Yardımlıda bu işlər aparılır. Orada təkcə qaz idarəsində deyil, sahələrdə də az işçi saxlayırlar.  Ixtisarlar aparılır və proses daha sonra Bakıda, Abşeronda aparılacaq”.

Mirvari Qəhrəmanlının sözlərinə görə, ixtisarların neçə rayonu əhatə edəcəyini konkret söyləmək mümkün deyil: “Bir çox rayonlarda proses gedir və işi mərkəzləşdirməyə doğru aparırlar”.

Nigar