Rektor BDU-da «islahat qalmaqalı»nın böyüyəcəyindən ehtiyat etdi
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov adı çəkilən təhsil ocağının 7 fakültəsində dekan seçkilərini təxirə salıb. Bunu rektor özü jurnalistlərə açıqlamasında bildirib. Seçkilərin keçirilməsi nəzərdə tutulan 15 fakültədən 8-də prosesin baş tutduğunu deyən rektorun sözlərinə görə, 7 fakültədə yaş senzi ilə əlaqədar olaraq, seçkilər müvəqqəti olaraq dayandırılıb: “Müsabiqə elan olunub və müraciətlərə baxılıb. Məsləhətləşmələrdən sonra seçkilərin qısa müddətdə saxlanılması qərara alınıb. Yaş senzi ilə bağlı müvafiq qərar qəbul ediləndən sonra, iyun ayı ərzində bu məsələyə baxılacaq”.
Bəzi məlumatlara görə isə dekan seçkilərinin təxirə salınması Abel Məhərrəmovun BDU-da apardığı kadr “islahatları”nın qalmaqalla müşahidə olunması ilə bağlıdır. Xatırladaq ki, rektorun 4 prorektoru və 8 dekanı dəyişməsi BDU-da müəyyən narazılıqlara səbəb olmuşdu və bu baxımdan Abel Məhərrəmov mətbuatın gündəminə gəlmişdi. Görünür, rektor “islahatlar”ın davam edəcəyi təqdirdə qalmaqalın daha da böyüyəcəyindən ehtiyatlanaraq, hələlik kadr dəyişikliklərinə ara vermək qərarına gəlib.
İnformasiya şöbəsi



