İctimai Palatanı sevənlər də, dağıtmaq istəyənlər də oxusun!
28 May – Respublika Gününün fotoları sosial şəbəkələrdə dolaşmaqdadır. Ictimai Palatanın bu ziyarət tədbiri bir çox məqamlarıyla bizi vadar etdi ki, bəzi məsələləri oxucularla və yeri gəlmişkən, mövqeyimizə opponentlik edənlərlə bölüşək.
Beləliklə, başlayaq ondan ki, bu tədbir əvvəlcədən təşkil edilmiş mitinq deyildi. Bu mənada heç bir xüsusi çağırış və təbliğat aparılmırdı. Əlbəttə, ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə təbliğat yazıları olsa da, bu da respublika dəyərlərinə xalqın qeyri-siyasi hissəsindən gələn dəstək sayıla bilərdi. Amma hər hansı siyasi partiya və ya bu tədbirin əsas təşkilatçısı olan Ictimai Palata xüsusi çağırış etməmişdi. Bu da bir daha göstərdi ki, son aylarda hakimiyyətin “müxalifəti minlərlə insan tərk edib” kimi əks-təbliğatı cəfəngiyatdan başqa bir şey deyilmiş.
Bu, həm də telekanallarda veteran YAP-çılara müxalifət partiyalarının “bilet”lərini cırdırmağın bumeranq effekti və praktik iflası idi. Bir sözlə, hakimiyyət 2 apreldən sonra başladığı böyük bir kampaniyanın real nəticələri ilə üz-üzə qaldı və bu nəticələr onu göstərdi ki, “yel qayadan heç nə aparmayıb”.
İctimai Palata: alternativi yoxdur, alternativdir
Novxanı tədbiri onu da sübut elədi ki, Ictimai Palata hakimiyyətin bütün repressiyalarına nəinki dözüb, hətta ötən müddətdə özünü ciddi reabilitasiya edə bilib. Bu mənada təşkilatdaxili immunitetin gücünün kifayət qədər olduğu da ortaya çıxdı. Burada təkcə hakimiyyətin deyil, eyni zamanda Ictimai Palatanın müstəqil tənqidçilərinin də görməli olduqları müəyyən reallıqlar var ki, onlar dərk olunarsa, inkişafın dinc və davamlı olmasına ciddi təkan verə bilər.
Birinci reallıq odur ki, Ictimai Palata əsas alternativ olaraq qalır. 17 aprel aksiyasından sonra Ictimai Palatanın yeni yol seçməli olduğuna dair elə də geniş yayılmayan, amma gəzməkdə olan nəzəri mülahizələrin cavabı kimi, 28 may tədbiri tam yerinə düşdü. Eyni zamanda, bu vaxt ərzində hər hansı üçüncü və ya n-ci qüvvə də meydana çıxmaq cəhdində bulunmadı. Açıq göründü ki, meydanda çoxluğu Ictimai Palata əhatə edə bilib.
Ikincisi, yarandığı gündən bəri konseptual proqramları və inkişaf sənədləri ilə bütün sahələri əhatə edə bilib. Hələlik bu səviyyədə həm intellektual, həm də sosial gücü ortaya qoya bilən heç bir real alternativ də yoxdur.
Beləliklə, biz o qənaətə gəlirik ki, Ictimai Palata yeganə alternativdir ki, alternativi hələlik yoxdur. Bu baxımdan Ictimai Palatanı istər daxildən, istərsə də xaricdən sarsıtmaq istəyən qüvvələr, fərdlər düşünməlidirlər ki, onların ən güclü opponenti siyasət peşəsinin reallıq silləsi olacaq. Bu reallıq isə hələlik odur ki, yalnız hakimiyyət səmimi şəkildə Ictimai Palatanı dağıtmaq istəyir.
Xalq Cəbhəsinin möhürünü aldılarmı?
Mətbuatdan da oxuduq ki, AXCP-nin möhürü qanunsuz şəkildə mənimsənilib. Hakimiyyət guya bu yolla partiyaya ziyan vurmaq fikrindədir. Amma 28 may günü AXCP-nin möhtəşəm yürüş kalonu onu sübut elədi ki, hakimiyyətin bu partiyaya xüsusi münasibətinin elə xüsusi də səbəbi varmış. Yəni, hakimiyyət cəbhənin kağızlara vurduğu möhürü mənimsəyə bilsə də, cəbhəçilərin tarixə vurduğu möhürü mənimsəyə bilməyib. Heç bir ofis, mənzil-qərargah imkanı olmadan belə, bir potensialın ortaya qoyulması indiki şəraitdə imkansızı bacarmağa bərabər addımdır.
19 iyun mitinqi enerjisini aldı…
28 mayda, hətta Bibiheybətdən də uzaqda bu cür kütləviliyi təmin edən və bunu heç bir xüsusi çağırış etmədən bacaran Ictimai Palata 19 iyunda təyin etdiyi mitinq üçün ciddi resurslarının olduğunu sübut etdi. Bu tədbir eyni zamanda onu göstərdi ki, xalq aldığı zədələri artıq sağaldıb. Hakimiyyət üçün aydın olmalı olan isə budur ki, həbslər və repressiyalarla məqsədinə çata bilməyib. Əksinə, aqressiv siyasət dinc mübarizəyə inamı daha da artırıb.
Beləliklə, 19 iyun mitinqinin əsas oksigen balonu sayıla biləcək 28 may aksiyası özünün elan olunmamış təbii məqsədinə çatdı. Bu təbii məqsəd eyni zamanda cəmiyyətin daxilindəki sonuncu tərəddüdləri sındırmaq idi. Artıq özündən arxayın, amma cəbhə yoldaşının əhval-ruhiyyəsindən əmin olmayan minlərlə insan gördü ki, heç bir itki və sınıq yoxdur. Hamı yerindədir, irəli getmək lazımdır.
Ardıcıllıq və cığallıq
Tamamilə aydın göründü ki, hakimiyyətin zor aparatı ilə mübarizədə kütləvi tədbirlər qədər soyuqqanlı məntiqin, vəziyyəti dəqiq analiz etməyin, zəif anında yaxalanmamağı bacarmağın çox ciddi üstünlükləri və sosial baxımdan dividendləri var. Bu baxımdan Ictimai Palatanın analitik resursları ilə sosial gücü arasındakı balans və əlaqəlilik son illərdə əldə edilmiş ən mühüm uğurlardandır. Bu formatın inkişafı barədə də düşüncələr ola bilər. Bu haqda isə növbəti yazıda…
Seymur Həzi