Vahid Ələkbərov neftin 25 dollara düşəcəyini deyir

Nemət Əliyev: «Belə bir iş adamının neftin qiymətinin 25 dollara düşəcəyini deməsini ciddiyə almaq lazımdır»

Səudiyyə Ərəbistanının və OPEK ölkələrinin hasilatı azaltmamaq planları nəzərə alındıqda dünya bazarında neftin qiyməti 25 dollara düşə bilər. Bunu “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov deyib. Ələkbərovun fikrincə, bu, qısamüddətli ucuzlaşma olacaq. Ancaq 2015-ci il ərzində neftin qiymətində əhəmiyyətli dəyişikliklər olacaq.

Əgər bir müddət əvvəl 50-60 dollarlıq hədd yaxın buraxılmırdısa, artıq hazırda durum başqa cürdür. Neftin qiyməti ilə bağlı proqnozlar heç də ürəkaçan deyil. 

Azərbaycan iqtisadiyyatının 95 faizi neftdən asılı vəziyyətdədir. Uzun illər ərzində qeyri-neft sektorunun inkişafında maraqlı olmayan hakimiyyət neftdən gələn milyardlar hesabına manevr edib. Neftdən asılı olan ölkələr üçün neftin qiymətdən düşməsi ağır zərbədir. Tendensiya onu göstərir ki, neftin qiymətinin düşməsi davam edəcək. Deməli, Azərbaycan bu mərhələdə ağır itkilərə məruz qalacaq. Amma ölkə başçısı Ilham Əliyev bunu inkar edir. Iqtisadçı ekspertlər isə real vəziyyətin acınacaqlı olduğunu söyləyirlər.

“Belə ki, büdcə sistemi haqqında” Qanuna görə, əmək haqqı, pensiya, sosial müavinətlər və ödəniş, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər müdafiə olunan xərclərdir və bu xərclərə büdcə ili ərzində ixtisar tətbiq oluna bilməz. Bu ildə bu xərclərin ümumi məbləği təxminən 6.3 milyard manatdır: Öz növbəsində əmək haqqı xərcləri 3.4 milyard manat, sosial müdafiə xərcləri 1.8 milyard manat, dövlət borclarının ödənilməsi ilə bağlı xərclər 1 milyard manat. Deməli, neftin ehtimal olunan ən aşağı qiyməti şəraitində belə hökumət 21.1 milyardlıq büdcə xərcinin 6.3 milyard manatını (30 faizi) mütləq maliyyələşdirməlidir.

Büdcə kəsri Neft Fondundan vəsaitlərin cəlbini məcbur edir, bu isə heç də ürəkaçan sonluq vəd etmir.

Eyni zamanda minlərlə insanın ixtisara düşməsi, tikintilərin dayandırılması, tikinti materialları bazarında alış-verişin dayanması, sürücülərin işsiz qalması və s. baş verə bilər. Bu isə o deməkdir ki, neftin qiymətinin ucuzlaşmasından ARDNF-in itkiləri yaxşı halda 6 milyard 348 milyon, pis halda isə 9 milyard 116 milyon ABŞ dolları ola bilər.

Iqtisadçı Nemət Əliyev hesab edir ki, V.Ələkbərov kimi bir iş adamı neftin qiymətinin 25 dollara düşəcəyini deyibsə, onu ciddiyə almaq lazımdır. V.Ələkbərovun neftin qiymətinin aşağı düşmə səbəbini gözəl bildiyini deyən N.Əliyev vurğuladı ki, neftin qiymətinin aşağı düşməsi Rusiyanı cilovlamağa hesablanıb: “Rusiya aqressiv siyasətindən əl çəkməyənə qədər Qərbin koordinasiya olunmuş şəkildə təzyiqləri davam edəcək. Vahid Ələkbərov da güman ki, Rusiya rəsmilərinin indiki münasibətindən xəbərdardır. Ona görə də neftin qiymətinin bundan sonra aşağı düşməklə bağlı davamlı olacağını güman edir”.

Neftin qiymətinin aşağı düşməsinin neft ixrac edən ölkələr üçün böyük itki olduğunu deyən N.Əliyev bildirdi ki, amma Azərbaycanın payı bu itkilərdə daha böyük olacaq: “Azərbaycanda qeyri-neft sektoru inkişaf etməyib, ölkə əhalisinin əksəriyyətinin çalışdığı sektorlarda vəziyyət gərgindir. Kənd təsərrüfatı bərbad durumdadır. Vaxtilə əhalinin sosial durumunu yaxşılaşdıra bilməyiblər ki, böhranlı durumda əhali ağır təzyiqlərə dözsün”.

Xəyal