Xəbəriniz varsa, biz çoxdandır gülüşü yadırğamış millətə çevrilmişik. Həyatımız, məişətimiz, maraqlarımız, üzümüzün cizgiləri belə dəyişib. Gülmək üçün səbəb qalmayıb sanki bu ölkədə. Gündəlik həyatımızda bunu görmək də o qədər asandır ki… Sadəcə, səhərlər metroya düşəndə, avtobusa minəndə, bazara-dükana çıxanda insanların üzündəki ifadəyə diqqət edin. Axşam evə dönəndə də gün ərzində qarşınıza çıxan neçə nəfərin gülümsədiyini xatırlayın. Elə özünüzün də. Son zamanlar, gülmək o yana qalsın, nə qədər gülümsədiyinizi yada salmağa çalışın. Əminəm ki, çoxunuz üçün xatırlamaq çətin olacaq…
Asan deyil, insan mütləq mənada yaşadığı mühitin təsiri altına düşür. Dərdli, qayğılı, kədərli çoxluğun arasında qal görüm, necə nikbin qalırsan. Ağlayan böyük xorun içində gül görüm, necə gülə bilirsən. Əslində, sən özün də o milyonlardan birisən axı. Guya onları sıxan, ağrıdan, boğan dərd-sər səndən yan keçir ki? Guya sən onlardan daha qayğısız və daha problemsizsən? Dünya gülüşünün simvolu Çarli Çaplin deyirdi ki, gerçəkdən gülə bilmək üçün acınızla oynaya bilməlisiniz. Deyəsən biz artıq bu oyuna öyrəncəli olmuşuq, lap belə oyunçu səviyyəsində. O üzdən daha böyük gülüş ustalarına da ehtiyac duymuruq. Heç artıq onlar yetişmir də. Biz artıq tamam başqa şeylərə gülürük. Biz həqiqi mənada acılarımıza gülməyi öyrənmişik çoxdan. Daha bizi güldürən şeylər sırasına absurd həbs motivləri, məhkəmə məzhəkələri, əhaliyə böyük lütf kimi sırınan maaş artımları, qiymət oyunları, əfv fərmanları daxil olub. Biz daha qələm sahibinin əlindəki plastik su qabının soyuq silah qismində cinayət törətməsinə, yolda öz-özünə söyüş söyən həmkarımızın polisə müqavimət maddəsi ilə saxlanmasına, ömründə siqaret qoxusu belə görməyən tələbə gənclərin narkotika maddəsi ilə şərlənməsinə gülməyi öyrənmişik çoxdan…
Xatırlayarsınız, bir zamanlar Şəki şəhərində Gülüş günü keçirilərdi. Deyilənə görə, formal olaraq yenə də qalır. Maraqlıdır, o gün kiminsə ürəkdən gülməsinə bəhanə verə bilir görəsən? Artıq Molla Nəsrəddinləri, Hacı dayıları belə xatırlayan yoxdur axı. Bilirsiniz, o müdrikliyin, hazırcavablığın, filosofluğun yerini yerli TV-ləri işğal etmiş düşük, əttökən, ucuz təlxəklər alıb. Onların auditoriyası da çox məhdud deyil heç. Gülüşümüz bu qədər dəyərsizləşdiyindən və arsızlaşdığından deyilmi, illərdir aramızda nə yaxşı komediya yazarları yetişir, nə satira və yumor ustaları, nə də güldürən ustad oyunçular. Nə bilim, bəlkə həm də nəyə və niyə güldüyünü unutmuş insanlar çoxdan yox olduğuna görə…
Bəlkə də… Səbəb o qədər çoxdur ki… Bir qoluzorlu Molla Nəsrəddinin evində olan nə varsa tutub əlindən almış. Evdə işə yarayacaq heç nə qalmamış. Günlərin birində Molla silib-süpürülmüş evdə ac-yalavac oturub “bir isti şorba olsa da, içsəm” deyə xəyal qururmuş öz-özünə. Bu məqamda həmin adam yenə gəlib qapını açıb deyir: “Bizim xanım xəstədir, şorba varsa, bir qab tök, ona aparım”. Molla da acıqla: “Əlimdə, evimdə nə var çəkib aldın, indi də xəyallarıma göz dikdin, Allah bəlanı versin” deyir. Deyəsən bizim indiki durumumuz tam da Mollanın o halını xatırladır. Bu ölkədə bizim maddi olan-qalanımızı deyil, gülümsədən xəyallarımızı da alıblar əlimizdən…