Hakimiyyət özü niyə “Asan xidmət”ə keçmir?

Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədəki inkişafdan, yoxsulluğun azalmasından, iş yerlərinin açılmasından, qanunun aliliyindən danışır və bunu “analoqsuz inkişaf” kimi qələmə verir. Təbii ki, bu sadalananların həqiqət olmadığını hakimiyyət də bilir və bunun təsdiqi kimi ortaya konkret fakt qoya bilmirlər. Ona görə də konkret nəticə tələb ediləndə “Asan xidmət”dən yapışırlar. Bugün “Asan xidmət” hakimiyyətin qürur mənbəyinə çevrilib. Hansı mövzuda söhbət getməsindən asılı olmayaraq, hökumət təmsilçiləri “Asan xidmət”i nümunə gətirirlər və hakimiyyətin uğuru kimi təqdim edirlər.  

Əslində, bu həm də hakimiyyətin 21 illik fəaliyyətinin uğursuzluğunun göstəricisidir. Çünki, bu hakimiyyətin “Asan xidmət”dən başqa istinad edəcəyi nümunə yoxdur. Bu, məsələnin birinci tərəfi.  

Məsələnin ikinci tərəfi bundan ibarətdir ki, “Asan xidmət” in yaranması digər sahələrdəki korrupsiyaya, süründürməçiliyə müsbət təsir göstərməyib. Bütün sahələrdəki korrupsiya faktları rəsmi şəkildə etiraf olunur. Hesablama Palatasının hesabatında Kənd təsərrüfatından tutmuş, təhsil sahəsinə qədər bütün strukturlardakı korrupsiya halları öz əksini tapıb. Yəni hökumətin öz nəzarətində olan orqanlar da təsdiq edir ki, bütün sahələr yeyinti-mənimsəmə obyektinə çevrilib.

Daha geniş mənada götürsək, “Asan xidmət” hökumətin qeyri-səmimiliyinin etirafıdır. Çünki, korrupsiyanın tüğyan etdiyi əsas sahələr “Asan xidmət”ə verilməyib. Bugün gömrük sistemindən tutmuş, təhsil, səhiyyə, ordu strukturlarına qədər hər yerdə çirkli pullar “rəqs” edir. Hökumətin məqsədi həqiqətən də korrupsiyanın, qeyri-şəffaflığın qarşısını almaqdırsa, bütün ölkəni “Asan xidmət”ə çevirmək lazımdır. 

Yəni hakimiyyət ilk növbədə özündən başlamalıdı. Bugün mandat alveri, müxtəlif sahələrdəki monopoliyalar,  sahibkarları qeyri-rəsmi ödənişlərə məcbur etmə, dünyanın müxtəlif yerlərində milyonluq malikanələrin alınması kimi hallar hökumətin yuxarı təbəqəsinə aiddir. Ölkədə korrupsiyanın qarşısının alınması üçün hakimiyyət özü “Asan xidmət”ə keçməlidir. Yoxsa, aşağı strukturlarda sıravi bir həkimin, müəllimin, mühəndisin 100 manat rüşvət almasını ictimailəşdirmək, korrupsiyaya qarşı mübarizədə effekt verə bilməz.

Ümumi mənzərə onu göstərir ki, korrupsiyadan imtina etmək hakimiyyətin maraqlarına uyğun deyil. Əks halda həm hökumətin yuxarı pilləsində oturanlar bu mərəzə bulaşmazdı və bu sahədə köklü işlər aparılardı.

Deməli, “Asan xidmət” sadəcə əlçatan nümunə göstərmək üçündür. Böyük mənada isə vətəndaşın həyatını asanlaşdırmaq kimi bir siyasət yürüdülmür. 

“Asan xidmət” nümunəsi həm də onu göstərir ki, “rüşvət bizim qanımızdadır”, “bu ölkə düzələn deyil” kimi arqumentlər əsassızdır. Sadəcə olaraq siyasi iradə lazımdır və hakimiyyətin marağı olsa bu problemi az bir müddətdə həll etmək olar.

Akif