Rəsmi mətbuat Ilham Əliyevin sözlərini niyə unudur?
Benzinin qiymətinin 2 qəpik artırılması cəmiyyətdə birmənalı qarşılanmadı. Tarif Şurasının bu qərarı ölkə mətbuatının gündəmini zəbt etdi, sosial şəbəkələrdə etirazlara səbəb oldu. Hətta bu qərara ironik yanaşıb, hakimiyyətin izahatını gülüş hədəfinə çevirənlər də oldu. Bundan sonra hakimiyyət özü də başa düşdü ki, olduqca biabırçı addım atıb və sığorta üçün “Ilham Əliyevin humanizmi” ssenarisi cızıldı.
Ötən yazımızda baş verənlərlə bağlı geniş şərh vermişdik və faktlarla izah etmişdik ki, ölkə başçısı Ilham Əliyev “2 qəpik şou”sundan xəbərsiz ola bilməzdi. Sadəcə olaraq “prezidentin xəbəri yox imiş” ənənəsi davam etdirildi və Ilham Əliyevin tapşırığı ilə qiymət əvvəlki vəziyyətinə qayıtdı.
“Hökumətin benzin şousunun pərdəarxası” məqaləsində bu proqnozu da vermişdik ki, hakimiyyət baş verənləri Ilham Əliyevin humanizmi kimi təqdim edəcək və bütün resurslardan istifadə edərək Ilham Əliyevin “qayğıkeş prezident” obrazını yaratmağa çalışacaqlar. Dediyimiz kimi də oldu. “Azərbaycan”, “Yeni Azərbaycan” kimi hakimiyətin sözçüsü rolunda çıxış edən qəzetlər “Prezident Ilham Əliyevdən növbəti humanist addım: Tarif Şurasının benzinin və dizelin qiymətinin artımı ilə bağlı qəbul etdiyi qərar ləğv edildi” başlıqlı məqalələr dərc etdi. 2 qəpiklik artımın ləğvi vətəndaş mənafeyinin güdülməsi, xalqa xidmətin yüksək zirvəsi, əhalinin qayğılarına biganə qalmamaq kimi təqdim edildi. Sanki Ilham Əliyev vətəndaşları işıq, qaz, su pulundan azad edib. Sanki bank faizləri aşağı salınıb, əmək haqları 100 faiz artırılıb, ödənişli təhsil ləğv olunub.
Əslində, belə bir hadisənin üzərində prezidentin piarının qurulması absurd və cılız gedişdi. Bir gün öncə benzin hansı qiymətə idisə, bugün də həmin qiymətdir. Yəni Ilham Əliyev benzinin qiymətini aşağı salmayıb, süni qaldırılmış qiyməti əvvəlki vəziyyətinə qaytarıb.
Məsələnin ikinci tərəfi daha önəmlidir və “humanist addım” təbliğatını darmadağın edir. Belə ki, 2007-ci ilin 22 yanvar tarixində Ilham Əliyev deyir: “Bəzi müxalifət mətbuatında bunu siyasiləşdirmək, bundan siyasi dividendlər əldə etmək istəyirlər. Guya ki, Tarif Şurası heç kimdən soruşmadan bunu edibdir. Hamısı boş şeylərdir. Tarif Şurası özbaşına deyildir. Bir daha deyirəm ki, bu məsələ artıq son 5 il ərzində müzakirə edilirdi və gec-tez bu, olmalı idi. Mən hesab edirəm ki, bu qərarın qəbulunda heç bir səhvə yol verilməyib”.
O zaman Tarif Şurası elektrik enerjisinin qiymətini qaldırmışdı və Ilham Əliyev bəyan etdi ki, bu artımdan xəbərdardı.
Yəni 2 qəpiklik artım da Ilham Əliyevin razılığı əsasında reallaşmışdı və prezident özü etiraf edir ki, Tarif Şurası ondan xəbərsiz belə bir addım ata bilməz.
Ona görə də baş verənləri humanizm kimi yox, səhvin düzəldilməsi kimi təqdim etmək lazımdır.
Belə bir sual da meydana çıxır. Niyə prezidentin humanizmi yalnız 2 qəpiklə məhdudlaşır? Humanist addım atıb monopoliyaları ləğv edib, bütün məhsulların qiymətini aşağı salmaq olmazmı?
Akif


