Kozlariçin neft mesajı nəyə hesablanmışdı?

Fuad Qəhrəmanlı: «Azərbaycanın xarici siyasətindəki balans siyasəti daha çox qlobal güclərin münasibətlərindəki tarazlıqla bağlı idi»

ABŞ-la Azərbaycan arasındakı gərginlik artan xətlə davam edir. Ekspertlərin fikrincə, getdikcə geniş miqyas alan proseslər Azərbaycana yaxşı heç nə vəd etmir. ABŞ-ın Azərbaycandakı keçmiş səfri Riçard Kozlariçin ölkəmizlə bağlı son açıqlaması buna misaldır. Heydər Əliyevin erasının artıq başa çatdığının vurğulandığı məqalədə bir neçə məqam diqqət çəkir. Müəllif yazır ki, 2014-cü il dekabrın 3-də Azərbaycanda Heydər Əliyev erası bitdi.

Birləşmiş Ştatlarla Azərbaycan arasında yaxın siyasi münasibətlər də bununla getdi: “Heydər Əliyevin yürütdüyü xarici siyasət Qərblə enerji münasibətlərini, Birləşmiş Ştatlar, ATƏT, Avropa Şurası, Avropa Birliyi və NATO ilə siyasi və təhlükəsizlik əməkdaşlığını önə çəkirdi. Ancaq oğlu və varisi, Azərbaycanın indiki prezidenti Ilham Əliyev getdikcə atasının yolundan çıxıb, indi isə keçmişlə tamamilə üzülüşdüyü görünür”.ÿ

RiçardÿKozlariç sonun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsi ilə gəldiyini yazır. Kozlariçə görə, indi ABŞ-Azərbaycan münasibətləri yeni – Ramiz Mehdiyevin dekabrın 3-də qoyduğu reallığa əsaslanmalıdır. Yəni bu ikitərəfli münasibət daha normal və praktik, “strateji” münasibət axtarmaq öhdəliyindən azad ola bilər. Kozlariçin xüsusilə ABŞ-ın Azərbaycanla enerji sahəsindəki əməkdaşlığının siyasi deyil, ticari məsələ olduğunu dilə gətirməsi birmənalı dəyərləndirilmir: “Qlobal enerji bazarında baş verənlər fonunda Azərbaycan enerjisi 20 il öncəki kimi münasibətlərdə əsas qüvvə deyil. Enerji siyasi deyil, ticarət məsələsi olmalıdır. Iranla nüvə sazişi perspektivi isə Azərbaycanın regional əhəmiyyətini də azaltmış olar”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Kozlariçin məqaləsində hazırkı hakimiyyətin H.Əliyev kursundan imtina etdiyinin vurğulanması təsadüfi deyil. Bir vaxtlar Azərbaycanın xarici siyasətinin məhz balans prinsipinə əsaslandığı ilə bağlı hakimiyyətin geniş təbliğat aparmasını xatırladan F.Qəhrəmanlı bildirdi: “Amma həmin dövrdə də aydın idi ki, xarici siyasətdəki balans prinsipi Azərbaycanın iradəsinə bağlı olan məsələ deyil. Azərbaycanın xarici siyasətindəki balans siyasəti daha çox qlobal güclərin münasibətlərindəki tarazlıqla bağlı olan məsələ idi. Yəni Heydər Əliyev dövründə Rusiya ilə Qərb arasında tarazlı bir münasibət var idi və Azərbaycandan konkret olaraq heç bir seçim tələb olunmurdu. Azərbaycan Qərblə Rusiya arasındakı münasibətlərdən istifadə edərək xarici siyasətdə müəyyən balans yarada bilmişdi. Amma əks maraqlar meydana çıxanda, geosiyasi ziddiyyətlər yarananda Azərbaycanın xarici siyasətində balansın pozulması onu göstərdi ki, yürüdülən siyasət Azərbaycanın iradəsindən kənar imiş”.

F.Qəhrəmanlının sözlərinə görə, bu baxımdan xüsusilə Ukrayna böhranından sonra R.Mehdiyevin məqaləsində açıq şəkildə Rusiyaya meylin qabardılması onu göstərir ki, Azərbaycanın seçim imkanı olanda Bakı antiQərb kursuna üstünlük verir. F.Qəhrəmanlının qənaətincə, Kozlariçin R.Mehdiyevin məqaləsinə istinad etməsi təsadüfi deyildi: “Ramiz Mehdiyev məqaləsində ABŞ-ı, Qərbi Azərbaycanın dövlət maraqları üçün potensial təhdid adlandırmışdı. Bu mövqe hazırda Putin hakimiyyətinin Qərbə ritorikası ilə səsləşir. Kozlariçin Azərbaycanın xarici siyasətdə Heydər Əliyev erasından uzaqlaşdığını iddia etməsi reallığa söykənir”.

Azərbaycanın enerji məsələsindəki önəmi ilə bağlı Kozlariçin məqaləsində vurğulananlara gəlincə, F.Qəhrəmanlı bildirdi ki, əvvəllər Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm yer tuturdu. Ona görə də Azərbaycana önəm verilirdi. Amma enerji bazarında baş verənlər Azərbaycanın bu bazardakı önəmini aşağı salıb: “Azərbaycanın neft erası bitmək üzrədir. Azərbaycanın neft sahəsindəki önəmi azalıb. Bu həm neftin qiymətinin enməsi, həm də dünya enerji bazarına yeni mənbələrin daxil olması ilə bağlıdır. Azərbaycanın enerji bazarındakı önəmini artıra biləcək bir faktor qaz ixracı məsələsi idi. Amma qaz ixracında da yeni oyunçuların bazara daxil olması, Avropanın Azərbaycanın alternativ qaz dəhlizinə ehtiyacını azaldır. Bu baxımdan artıq Azərbaycanın karbohidrogen resursları siyasi məsələ olmaqdan daha çox ticari məsələyə çevrilib”.

F.Qəhrəmanlı vurğuladı ki, Azərbaycanın həlledici məqamda Rusiyanın yanında yer alması ölkəmizin Avropanın enerji təminatında sabit ticari partnyor olmaq imkanını da aradan qaldırır. “Ona görə Azərbaycan öz enerji resursunu siyasi kapitala çevirmək imkanından da məhrum olur”, deyə F.Qəhrəmanlı vurğuladı.

Xəyal