Ərdoğanla Əliyev nəyi müzakirə edib?

Ölkə başçılarının bir-birinə dosyelər təqdim etdiyi bildirilir 

Azərbaycanın dövlət başçısı Ilham Əliyevin Türkiyəyə səfəri davam edir. Səfərin ilk günü Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşən Əliyev dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Səfərdən öncə yayılan rəsmi məlumatlarda bildirilirdi ki, Əliyev-Ərdoğan görüşündə regional və beynəlxalq məsələlər, həmçinin iki ölkə arasında münasibətlər müzakirə olunacaq.

Lakin belə mülahizələr var idi ki, görüşdə son vaxtlar yenidən Türkiyədə gündəmə gələn “paralel yapı”nın Azərbaycanla bağlantıları da müzakirə mövzusu olacaq.

Dünən Yenicag.az məlumat yayıb ki, Ərdoğan-Əliyev ikili görüşməsində və geniş tərkibli Türkiyə-Azərbaycan Yüksək Səviyyədə Strateji Əməkdaşlıq Şurasının 5-ci toplantısının gündəmində Gülən Şəbəkəsinin Azərbaycan ayağı da geniş müzakirə olunacaq. Azərbaycanda fəaliyyət göstərən Fətullah Gülənə bağlı biznes sturkurları, onlara dəstək verən hökumət içindəki qaynaqlar barədə müfəssəl hesabat Azərbaycan tərəfinə təqdim olunacaqdır. Mənbə bildirib ki, Şuranın iclasında sadəcə Milli Təhlükəsizlik Təşkilatı (MIT) deyil, Ordu, xarici və daxili işlər nazirliklərinin xüsusi xidmət qurumlarının da mövzu üzrə bilgiləri Azərbaycan tərəfinə təqdim ediləcək.

Eyni zamanda Azərbaycanın da bu görüşməyə əliboş getmədiyi,  “erməni dosyası”nı türkiyəli həmkarına təqdim edəcəyi bildirilir. Belə ki, 2014-cü ildən başlayaraq, ermənilərin yenidən sərhəd açdırmaq cəhdləri və iki ölkə arasında münasibləri gərginləşdirməklə bağlı digər planları ilə bağlı Azərbaycan tərəfinin hazırladığı dosyeni təqdim edəcək. Dosyedə planlarla yanaşı bu işdə aktiv fəaliyyət göstərən qurum və şəxslərin adları da mövcuddur.

Tərəflərin Paralel Şəbəkə və Erməni məsələlərində ortaq hərəkəti bundan sonra da davam etdirəcəkləri də bildirilir.

Xüsusilə, Ərdoğanın Əliyevə verəcəyi dosyenin 2015-ci il parlament seçkiləri zamanı iqtidar namizədlərinin seçimi zamanı ciddi rol oynayacağı bildirilir. Eyni zamanda məhkəmə tərəfindən terror təşkilatı lideri ittihamı ilə axtarışa verilən Gülənin şəbəkəsinə bu ilin ilk altı ayında ciddi zərbə vurulacaq. Qarşı tərəfin də buna cavabsız qalmayacağı bəlli olduğu üçün Ərdoğanın bu məsələdə Əliyevdən ciddi dəstək istəyəcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün öncə Əhməd Davudoğlu da Paralel məsələsində Azərbaycan və digər dost ölkələrlə əməkdaşlığın davam etdiyini və Gülən Şəbəkəsinin bu oyunu poza bilməyəcəyini qeyd etmişdi.