«Dağıstanda baş verənlər Azərbaycana növbəti təzyiqdir və etnik zəminə yuvarlana bilər»
Dağıstanda baş verənlərə muxtar respublikanın rəhbərliyi münasibət bildirib. Rusiya Federasiyasının Dağıstan Respublikası rəhbərinin administrasiyası və hökumətinin mətbuat katibi Dağıstan və Azərbaycan xalqlarının münasibətləri ilə bağlı bəyanat yayıb. Bəyanatda diqqət çəkən məqam ondan ibarətdir ki, son zaman Nizami Gəncəvinin heykəlinə qarşı edilən təxribata, qədim Azərbaycan qəbiristanlığına edilən hörmətsizliyə görə Dərbəndin keçmiş rəhbəri Qurban Qurbanov günahkar bilinir.
Bəyanatda deyilir ki, son vaxtlar Azərbaycan və Dağıstan xalqları arasında inamsızlıq və şübhə yaratmaq məqsədilə bəzi qüvvələrin müxtəlif vasitələrə əl atdığı müşahidə olunur.
Baş verənlərin fonunda məşhur amerikalı politoloq Pol Qoblun cərəyan edən hadisələrə yanaşması da maraq doğurur. Onun sözlərinə görə, Dağıstanın Dərbənd şəhərində etnik zəmində qarşıdurmalar ola bilər. O bunu onunla əlaqələndirib ki, bir müddət əvvəl Nizami Gəncəvinin oradakı heykəlinin vandalizmə məruz qalması buna gətirib çıxara bilər.ÿ
P.Qobl eyni zamanda vurğulayıb ki, Dərbənddə baş verən Rusiyanın Azərbaycana qarşı təzyiqi kimi dəyərləndirilməlidir. Təzyiqin səbəbi isə Azərbaycanın Avrasiya və Gömrük Ittifaqlarına daxil olmaqdan imtinasıdır. Bu üzdən Rusiya öz mesajlarını məhz bu yolla çatdırır.
Politoloq Vəfa Quluzadənin fikrincə, Dağıstanda baş verənlər həqiqətən də Azərbaycana növbəti təzyiqdir. Rusiyanın yürütdüyü siyasəti qəbul etməyənlərlə bu cür davrandığını xatırladan V.Quluzadə ötən il də Kremlin müxtəlif təzyiqlərinin şahidi olduğumuzu deyir: “Gah Xəzərdə Rusiya donanması aktivlik etməyə başladı, gah da Dağıstanda azərbaycanlılara qarşı təxribata yol verildi. Rusiyanın planları hələ ki, dəyişməyib. Rusiya Avrasiya və Gömrük Ittifaqı vasitəsilə keçmiş SSRI-ni bərpa etməyə çalışır. Hələlik sanksiyaların da, neftin ucuzlaşmasının da Rusiyaya böyük zərbələr vurmasına baxmayaraq, Kreml siyasətini dəyişmək istəmir”.
Dağıstanda atılan addımların yeni başladığını deyən V.Quluzadə bildirdi ki, prosesin nəzarətdən çıxması, etnik zəminə yuvarlanması Rusiya üçün yaxşı heç nə vəd etmir.
Xəyal