Hökumət dilemma qarşısında qaldı

Hökumət vaxtında qeyri-neft sektorunu inkişaf etdirmədiyindən indi çox ağır duruma düşüb

Yanvarın 14-də Maliyyə Nazirliyində kollegiya iclası keçirilib. Maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov çıxışında qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinə cəlb ediləcək vergi və rüsumların əhatə dairəsinin genişləndiriləcəyini, Vergi Məcəlləsinə dəyişikliklər nəticəsində əlavə yaranacaq vergilərin büdcəyə cəlb olunacağını deyib.

Bununla yanaşı, dövlət büdcəsinin sosial öhdəlikləri, təhlükəsizlik və müdafiə sahələrinin mühüm tələbatları, dövlət orqanlarının əsas ehtiyacları, xarici borc və beynəlxalq təşkilatlara üzvlük haqları, ölkədə keçiriləcək mühüm beynəlxalq tədbirlər üzrə öhdəliklər, ölkə daxilində və xaricində icrasına başlanılmış, prioritet hesab edilən investisiya layihələrinin yaratdığı öhdəliklərin təmin edilməsi xərclər üzrə qarşıda duran əsas vəzifələr hesab edilib.

Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində dövlət büdcəsinin gəlirlərinin formalaşdırlmasında yaranan problemləri həll etmək üçün qeyri-neft sektorunu inkişaf etdirmək vacibdir. Bu istiqamətdə müzakirələri normal hesab edən ekspert deyir ki, bu mövzuda həyəcan təbili çalmağın zamanı çoxdan keçib:

“Qeyri-neft sektorunu inkişaf etdirmək işini bir müddət əvvəl – ölkəmizin neft gəlirləri fontan vurduğu bir dövrdə etmək, imkanları bu sektorunun inkişafına yönəltmək lazım idi. Idman komplekslərinin tikilməsi müsbət olsa da, davamlı iqtisadi inkişaf üçün əsas yarada bilmir. Indi həmin komplekslər işə yarayırmı? Idman komplekslərinin gətirəcəyi gəlirlər əhaliyə zərrə qədər əl tutmaq qabiliyyətində  deyil. Deməli, zamanında qeyri-neft sektorunu inkişaf etdirmək lazım idi ki, indiki çətin məqamda itkiləri az da olsa, kompensasiya etmək mümkün olsun”.

Ekspertin sözlərinə görə, baş verənlərin, itkilərin bütün ağırlıqlarını əhali çəkir. Önləyici tədbirlər zamanında olmalıdır ki, xalq çətin vəziyyətdə qalmasın. Ötən ilin dövlət büdcəsi xərclərinin 20,1 milyard civarında təsdiq olunduğunu söyləyən ekspert, onun 1,3 milyard kəsirlə yerinə yetirildiyini bildirir: “2014-cü ilin dövlət büdcəsinin nəzərdə tutulan xərclər maddəsi yerinə yetirilməyib. Neft dünya bazarında 50 dollardan aşağı olacağı halda, itkilərin miqyası daha böyük olacaq. Aqrar sektorda da vəziyyət acınacaqlıdır. Irimiqyaslı problemlərin qarşısı necə alınacaq? Bu qədər çətinliklərin öhdəsindən hökumətin asanlıqla gələcəyini düşünmürəm”.

Nigar