Məhəmməd Talıblı
III Hissə
Bu konsepsiya haqqında düşüncə qeydlərim
Elm adamının portreti necə olmalıdır?
Hər birimiz necə görünmək və başqalarını necə görmək dünyagörüşünə və zövqünə malikik. Elm zövqü qəbul etmir. Zövqlər isə heç zaman dartışılmaz. Amma elmi dünyagörüşlər dartışılma predmeti ola bilər və olmalıdır. Biz cəmiyyət olaraq elm adamının mənəvi-psixoloji, intellektual və şəxsiyyət kimliyini necə görmək istəyirik? Hansı elm adamları bizim elmi elitanı təmsil edə bilər? Əslində isə bizim elmi elitanın təmsilçisi hansı kriteriyaya cavab verməlidir? Hansı elmi elita bizim millətin “sifəti” ola bilər? Elmi elitanı təmsil edən şəxsin portreti fikrimcə belə olmalıdır.
Elm adamı hətta ən xöşagəlməz sözləri yaxşı ifadə etmək qabiliyyətinə malik olmalıdır. Onun çıxışı və düşüncə sistemi kreativ təsir bağışlamalıdır. Eyni fikri digər sahənin söyləyəndə bir başqa, alim söyləyəndə isə tamam başqa effekt doğrumalıdır. Necə deyərlər, kəlmələri deyil, onları danışan ağızların önəmi onun təsir gücünü şərtləndirməlidir.
Elm adamı üçün davamlılıq prinsipi və daimi çalışqanlıq peşə vərdişinə çevrilməlidir. Elmi axtarış və araşdırma müəyyən bir zaman kəsiyində elmi ad almaq üçün edilən cəhdlər olmalı deyil. O, permamant prosesə çevrilməlidir. O yolda olmaq daimi axtarış və nəticəli tədqiqat tələb edir. Elmi ad almaq üçün aparılan tədqiqat qarşımızda olan 40 qapının açılması üçün cəmi bircə dəfə edilən cəhddir. Amma davamlı elmi araşdırma isə 1 qapıya 40 dəfə müxtəlif bucaqlardan yanaşma tələb edir. Ona görə qarşımızda sual yaranır: Əgər qarşımızda qırx bağlı qapı olsaydı, bir qapını qırx dəfə döyərdiniz, yoxsa qırx qapının hər birini bir dəfə? Bir qapını qırx dəfə döyəndə elmin dar ixtisaslaşmasını təmin etmiş oluruq. Türkiyədə fiskal siyasət üzrə ixtisaslaşmış bir iqtisadçıdan monetar siyasətə dair sual versəz, o, sizə məsləhət görəcək ki, bununla bağlı bu sahəni daha dərindən bilən başqa bir iqtisadçıya müraciət edəsiz. Bu baxımdan elm adamı təvazökar, özünün həddini və yerini bilən olanda nümunəyə çevrilməlidir.
Elm adamının geniş mütailə qabiliyyəti və zəngin mənbələri olmalıdır. Bizdə elə elmi dərəcəsi olanlar vardır ki, sonuncu hansı ildə oxuduğu elmi əsəri özü də unudub. Çünki, çoxları üçün oxumaq yalnız elmi ad alana qədərdir. Elmi ad alandan sonra sanki bəziləri uzun müddətli fasiləyə çıxır. Sonradan vəzifə işlərinin çoxluğu, şəxsi həyatına çox yer ayırmaları və bu kimi hallar əsas yaradıcılıq işlərini kölgədə saxlayır. Halbuki, dünyada oxuduğu əsərlərin sayına görə qibtə olunası alimlər və siyasətçilər var. Dahi Eynşteyni biz nisbilik nəzəriyyəsinə görə tanıyırıq. Amma ondan sonra böyük alim 148 məqalə yazmışdı. Aristotel bütün ömrün boyu 400 kitab yazmışdı. Atatürk kimi savaş adamı və mübarizə insanı o qədər vaxt azlığına baxmayaraq 3937 kitab oxumuşdu. Oxumaq vərdişi və ehtiyacı dayandısa, daha ondan sonra alimin davamlı elmi uğurlarından və elmi inkişafından danışmaq da mümkün olmayacaq. Ona görə əsl elm fədaisi daha çox oxumaq nümunəsini cəmiyyətə ötürən seçilmiş insan olmalıdır.
Gerçək elm adamı özünün ləyaqət anlayışının yüksəkliyinə daim sadiq qalmalıdır. Əsl alim vəzifə səlahiyyyəti olan övladı yaşda olanların qabağına qaçmalı deyil. O, elm sərkərdəsi olaraq özünün dönməz xarakteri və möhtəşəmliyi ilə əqidə insanı olmalıdır. O, anlamalıdır ki, gerçək elm adamının hakimiyyətə yox, hakimiyyətlərin ona ehtiyacı vardır. Elm adamı ölkənin elmi nailiyyətləri haqqında vəzifə sahibindən sitat gətirməli deyil, vəzifə sahibləri elmi yeniliklər barədə ondan məsləhət almalıdır. O vəzifə sahibinin köməkçisi olmalı deyil, vəzifə sahiblərinin məsləhətçisi olmalıdır. Elə etməliyik ki, gerçək elm adamı vəzifəlinin qabağına qaçaraq özünün və ya övladının şəxsi xahişi üçün qamətini əyməsin. Əksinə bütün məğrur duruşu və qüruru ilə bütün vətəndaşaların gözündə azad və asılı yaşamamağın örnəyini yarada bilsin.
Alimin amalı elmi həqiqətdən ayırmamaqdır. Alimin elmi prinsipləri olduğu kimi həyati prinsipləri də formalaşmalıdır. O, prinsipial olmalı və ədalətin yanında durmağı bacarmalıdır. Elmi həqiqətə xidmət sahəsinə çevirməliyik. Elmi həqiqətdən uzaqlaşdırmaqla onu yararsız fəaliyyətsferasına çevirmək olmaz. Elm həqiqətə xidmət səviyyəsinə gətirməliyik. Elm həqiqətə istinad edəndə dəyər qazanmalıdır. Onun mayasında həqiqətə çatma hədəfi dayanmalıdır. Gerçək elm adamı üzgörən və elmdə güzəşti qəbul etməyən olmalıdır. Azərbaycanın elmi elitasında belə nümunəvi şəxslər az olmayıb. Onlardan ən parlağı kimi tərəddüdsüz olaraq akademik Azad Mirzəcanzadənin adın çəkmək olar. O böyük insana idi. Onun kimi prinsipial və əsl elm adamının uğurları hesabına çoxlu vəzifəli şəxslərin “diplomlaşma” prosesinin müəyyən mənada qarşısını ala bilmişdi. Ona edilən vəzifəli şəxslərin telefon zəngləri və tapşırıqları əksər hallarda özünün müsbət həllini tapmırdı. Çünki, o elmin keşiyində durmağı vətənin keşiyində durmaqla eyniləşdirirdi. O böyük insan olduğu üçün məsuliyyətini anlayırdı. Azad müəllim bilirdi ki, onun elmi ad verib cəmiyyətə təqdim etdiyi şəxs cəmiyyətin həm bəlasına, həm də baş ucalığına səbəb ola bilər. Ona görə elmə uzaqdan aidiyyatı olanlarla, gerçək elm adamlarının fərqini dəqiq bilirdi. Biz alim deyəndə həqiqətin carçısı və ədalətin dostunu başa düşməliyik. Doğru sözdən söz düşəndə ilk olaraq göz önünə alimlərimiz gəlməlidir.
Elm adamı cəmiyyətdə layiqli yerini tutmalı, yuxarı başda əyləşməli və söz sahibi olmalıdır. Sadə vətəndaş ilk növbədə alimini, sonra digər sənət adamlarını tanımalıdır. Mügənnini alim tanımalı deyil, mügənni alimi tanımalıdır. Bu sahədə yerli televiziyaların rolu əvəzsizdir. Çox təəsüf ki, bizdə elektron media bu işin öhdəsindən layiqincə gəlmir. Elektron mediada televiziyaların işi daha çox qəbul olunmazdır. Elektron medianın bir nözü olan internet televiziyaları bu boşluğu müəyyən qədər doldurur. Ona görə həm dövlətin siyasətində, həm də rəsmi televiziyalarda müğənni və aktyorlara olan isti münasibət gerçək elm adamları ilə əvəzlənməlidir.
Elmi elita qaba və təkəbbürlü insanlardan yox, mədəni və yüksək əxlaqlı insanlardan formalaşmalıdır. Hamımızın son illər elmi ad aldığı elə insanları tanıyırıq ki, onların hər sözü cəmiyyətdə çoxdan ironiya predmetinə çevrilib. Hətta “iki daş arasında” elmi dərəcə alanlar vardır ki, parlament tribunasından çıxışlarında belə hər cümləsində təhqir, söyüş elementləri zəngindir. Onların sabah vəzifələri olmayanda sığınacaq yeri kimi elmə yuvarlanacaqlar. Özü də həmin şəxslər imtiyazlara malik olduqları dövrlərdə yüksək elmi dərəcə ilə “mükafatlandırılıblar”. Bir anlığa təsəvvür edək ki, son illər elmi dərəcə almış belə insanlar elmi “uğurları” hesabına ölkənin elmi elitasını formalaşdırırlar. Onda biz bir millət olaraq kənardan necə görünəcəyik? Faciələrimiz qapını döyməmiş gərək bu haqda da düşünək.
Bu yaxınlarda hörmətli professor Qulu Məhərrəmlinin bu sahədəki vəziyyətlə bağlı çıxışını oxudum. Dəyərli ziyalımız Qulu Məhərrəmli Famil Mehdinin yubileyində etdiyi çıxışda maraqlı və eyni zamanda cəsarətli fikri ilə haqqındakı haqqında danışdığım mövzunu çox yaxşı ifadə edib: “Professorları güdürlər, harada nə danışdı, nə dedi.. Prinsipcə heç nə dəyişməyib. Ola bilər ki, dilənməyin formaları dəyişib. Yəni küçədə oturub qarşına papaq, ya şlyapa qoymursan, amma dilənmə formaları dəyişib. Çünki professorlarla bağlı heç bir dəyişiklik yoxdur, yəni söhbət maddiyyatdan gedir. Yəni professorlar da azalıb, diplomların sayı çoxalıb, qalstuklu professorların sayı artıb, amma Azərbaycan elmi o inkişafa nail olmayıb.” Bizə belə elm adamlarının artımı yox, elmə səs salacaq intelekt sahiblərinin çoxluğu lazımdır. Yəni, alimlərin sayının artması hələ elmin inkişafı deyil. Elmi elita təmsilçilərimiz səs-küysüz və mədəni olmaqla yanaşı, ən gurultulu düşüncə dərəcəsinə malik olmalıdırlar.
Elmi elitanın siması aydın olmaqla fəxr mənbəyimizə çevrilməlidir. Elmi elita elə təmsilçilik imkanına malik olmalıdır ki, onunla hər addımda fəxr edə bilək. Hər yeni elmi yeniliklər sırasında bizim alimlərin səsi eşidilsin. Xarici tədqiqatçılar bizim alimlərə istinad edə bilsin. Dünyanın özünün danışdığı “dildə” yüksək hazırlıq imkanları və rəqabətə davamlılıq keyfiyyətləri ilə danışa bilək. Qlobal səviyyədə innovativ ideya və inkubasiyalar bizim alimlərin adı ilə assosasiya olunsun. Biz “neft ölkəsi” yarlığını “alimlər ölkəsi” ifadəsi ilə əvəzləndirə bilməliyik.
Nədən və haradan başlamalı? Konseptual olaraq universal yanaşmamız elmə verdiyi tövhə və innovasiya sahəsindəki nailiyyətlərə görə olmalıdır. Elm adamlarımız haqqında yüksək mükafatlar və təşviq mexanizmləri haqda düşünməliyik. Bunun üçün bir neçə addımlarımızda korrektələr etməyimizə ehtiyac var:
Elmin maliyyələşməsi mənbələri kimi 2 kanalı genişləndirilməliyik. Elm xərclərinin artırılması sadəcə kəmiyyət artımı kimi xarakteriza olunmamalıdır. Onu elmi əsaslar və fiskal imkanlar nəzərə alınmaqla etməliyik. Azad Mirzəcanzadə özünün əsərində elmin məhsuldarlığını hesablanmasında Q.M.Dobrovun özünün qaydalarına istinad edərək maraqlı məqamlara toxunur. Dobrovun qənaətinə görə, elmin məhsuldarlığını 2 dəfə artırmaq üçün məlumat bolluğunu 8, alimlərin sayını 16 dəfə, sərf olunan xərcləri isə 32 dəfə artırmaq lazımdır.
Birinci kanal. Azərbaycan reallığında büdcə vasitəsilə elm xərclərinin artırılmasına nail olmalıyıq. İldən-ilə simvolik artımla və büdcənin hər 100 manatının 70 qəpiyini elm xərclərini elmə yönəltməklə bu problemi həll etmək real görünmür. Bu məbləğ ölkənin ÜDM-nin hətta 0,3%-də deyil. Halbuki, inkişaf etmiş ölkələrdə bu məbləğ ÜDM-in 2-3% səviyyəsində olanda “elm siqanalları” çalınmağa başlayır. Bu baxımdan bu elm xərclərinin bir neçə dəfə artırılmasına nail olmaq vacibdir. Bunun isə əksəriyyəti əməkhaqqı və mükafatlandırma fonduna aid olmalıdır.
Bunun üçün dövlət ilk olaraq elmi-tədqiqat xərclərini artırmaqla, özəl sektoru da bu istiqiqamətdə təşviq alətlərini gücləndirməlidir. Məsələn, Yaponiyada elm, tədqiqat xərclərini (R&D) daha çox özəl sektor tərəfindən (80 faiz) dəstəklədiyi halda, ABŞ-da əsas güc dövlət investisiyalarından asılıdır. ABŞ və AB ölkələrində də dövlətin birbaşa dəstəyi 40 faizdən çox olduğu halda, əlavə olaraq özəl sektorun ayırdığı vəsaitin 25 faizi də dövlətin sahibi olduğu layihələrdən gəlir. Demək, elmi-tədqiqat layihələrinin maliyyələşməsində dövlət və özəl sektorun dəstəyini gücləndirmək haqqında mexanizmlər haqda düşünməliyik.
İkinci kanal. Elm Fondunun büdcəsini bir neçə dəfə artırmaq lazımdır. Elm Fondu vasitəsilə verilən qrantların siyahısı və nəticələri ciddi təhlil olunmalıdır. Bu mənbə elmi nailiyyətlərin reallaşmasında çox ciddi maliyyə alətidir. Bu artımlar sadəcə olaraq 3 milyon manatı 15 milyon manatla əvəz etmək kimi kəmiyyət artımlarını özündə ehtiva etməməlidir. Onun büdcəsinin şəffaflığı, səmərəliliyi və hesabatlılığı diqqət mərkəzində olmalıdır. Həmçinin elmi layihələrin büdcəsi fonunda tədqiqat keyfiyyətlərinin artırılmasına nail olmamız lazımdır.
Üçüncü: Akademik azadlıqların təmin olunmaması . Elm adamı düşünmə, hərəkət və ideya təşəbbüsü azadlığından məhrumdursa, onun elmi nəticələri ciddi sual altına düşəcək. Akademik azadlıqlar olmayan yerdə akademik uğurlarda ola bilməz. Akademik azadlıqların coğrafiyası nə qədər genişlənirsə, həmin elm ocağının yetirmələri bir o qədər də “Nobel” mükafatına yaxınlaşırlar. Akademik azadlıqlardan məhrum elmi-tədqiqat dairələr divarından kənara çıxmayan məzarı xatırladır. Onun “divarları” sərhəd tanımamalıdır. Çünki, onun uğurları “divardan” kənardadır. Ona görə, elmi nailiyyətlərimizi əngəlləyən akademik azadlıqların necə genişləndirilməsi haqqında da dərindən düşünməliyik.
Dördüncü: Elmi tədqiqatların satış imkanı və bazarda ona tələbin formalaşması siyasətini təşviq etməliyik. Elmi nəticələri və təhsil uğurlarını əmtəəyə çevrilməsinə nail olmaq çox mühümdür. Elm teoloji və empirik məzmunda olmalı deyil, onun nəzəri bazası praktik nəticələrlə möhkəmlənməlidir. Elmi uğurlar əlavə dəyər yaratmaqla gəlir gətirməlidir ki, elmi nailiyyətlər davamlı olsun. Elmi-akademik çevrələrin tədqiqatlarını satmaq və müxtəlif layihələrə çıxış imkanları təşviq olunmalıdır. Elmi nailiyyətlərə bir mal və xidmət sferası kimi baxmaqla onun bazar dəyəri müəyyənləşməlidir. Onun istehsalçısı özünün məhsulunu realiza edə bilmək fürsətlərinə sahib olmalıdır.
Xüsusuilə biznesin elmi layihələri maliyyələşdirməklə onların birgə və əməkdaşlıq mexanizmləri təkmilləşdirilməli və biznesə əlavə stimullar (vergi güzəştləri və s.) haqqında düşünülməlidir. Yəni, biznes elmi innovasiyalara sərmayə qoymaqda maraqlı olmaqla, elmi potensial da onlar üçün yeni bazar axtarışlarının ortada olduqlarını hiss etməlidir. Elmi ehtiyaclar və bazar tələbləri nəzərə almadan həyata keçirilən istənilən sahənin uğurları keçicidir. Ona görə dar ixtisaslaşma və elmi ehtiyaclar düzgün prioritetləşdirilməldir. Biz çox zaman qarşımıza maksimalist hədəflər qoyub, onlara çata bilməyəndə sonradan onları xırdalamaqla daha çox vaxt vaxtımızı itiririk. Kiçik addımlarla böyük hədəflərə yaxınlaşmağı da çox zaman unuduruq. Biz hər dəfə elmi konsepsiyalarımızı elə bu cür formalaşdıranda təkrar səhvlərə yol verərək yolayrıcında qalırıq. Məşhur Əhməd Şərif İzgörənin “İş həyatında 100 kenquru” kitabında bəyəndiyim bir fikir var idi: “Tarlanın iyirmi yerinin hər birini bir metr qazsanız su tapa bilməzsiniz. Bir yerini iyirmi metr qazın.” Bizim elmi konsepsiyamız bu fəlsəfəyə söykənərsə, o zaman irəliləyərək addım-addım dünyanın rəqabətədavamlı elm mərkəzlərinə çevrilə bilərik.


