Baş verənlər ABŞ-ın rəsmi mövqeyidir

ABŞ səfirliyinin «Azərbaycan» qəzetindəki məqaləyə münasibəti bunu bir daha təsdiqlədi

Rəsmi dövlət qəzeti “Azərbaycan”ın ötən saylarında ABŞ prezidenti Barak Obamanı hədəfə alan məqalə dərc edildi. “Barak Obamanın ikiüzlüyü” başlıqlı bu yazını bir neçə gün əvvəl ABŞ-ın nüfuzlu nəşrlərindən olan “New York Times” qəzetində “Azərbaycan prezidenti Ilham Əliyevin iki üzü” sərlövhəli məqaləyə cavab saymaq olar. Məlumat üçün deyək ki, “New York Times”da dərc edilən həmin məqalədə Ilham Əliyev kəskin tənqid olunub. Azərbaycanın dövlət başçısının üzdə Qərb dəyərlərini bölüşən şəxs kimi görünsə də, əslində avtoritar və korrupsioner mahiyyətli olduğu vurğulanıb. 

“Azərbaycan” qəzetinin cavab yazısında isə ABŞ və onun prezidenti Barak Obamanın ünvanına ənənəvi ittihamlar yer alır. Barak Obama Azərbaycana münasibətdə ikili standartda, ermənipərəstlikdə, inqilablarda, dövlət çevrilişlərində, müttəfiqlərinə qarşı qeyri-səmimilikdə ittiham olunur. 

Əslində, “Azərbaycan” qəzetində dərc olunmuş bu məqaləni hakimiyyətin növbəti ifşası da adlandırmaq olar. Çünki, bir neçə gün öncə PA rəsmisi Əli Həsənov “Bloomberg” agentliyinə  müsahibə vermişdi və iddia etmişdi ki, ABŞ-Azərbaycan münasibətləri olduqca yüksək səviyyədədir: “Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Mən bəzi  cəhdləri birbaşa ABŞ Prezidenti və onun Administrasiyası ilə əlaqələndirmək istəməzdim. Çünki istər Prezident B.Obama, istərsə də ABŞ-ın digər yüksək səviyyəli rəsmi şəxsləri müxtəlif vaxtlarda Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verdiklərini bildiriblər və biz bu fikirlərin səmimiliyinə inanırıq”- deyə Əli Həsənov bildirmişdi.

Yəni Əli Həsənov sübut etməyə çalışmışdı ki, baş verənlər ABŞ-Azərbaycan münasibətlərinin deyil, bəzi dairələrin qarşıdurmasıdır. “Azərbaycan” qəzeti isə bunun belə olmadığını məlum məqalə ilə ortaya qoydu.

Əslində, baş verənlərin ABŞ-ın rəsmi mövqeyi olması heç kimdə şübhə doğurmur. Sadəcə olaraq hakimiyyət təkzib etdiyi məqamları dərhal da təsdiqləməklə ziddiyyətli mövqe ortaya qoyur.

“Azərbaycan” qəzetindəki məqaləyə ən tutarlı cavab isə ABŞ-ın Azərbaycandakı səfirliyinin mövqeyində ifadə olundu

“Biz fərziyyə xarakteri daşıyan məsələlərə şərh verə bilmərik. Amerika Prezidentinin Administrasiyasının fəaliyyəti barədə daha çox məlumat əldə etmək üçün Ağ evin mətbuat xidməti ilə əlaqə saxlamağınızı xahiş edirik. Azərbaycan-ABŞ əlaqələrinə aid olan məsələlərə görə Azərbaycanın mövqeyini öyrənmək istəyirsinizsə, onda Azərbaycan prezidentinin mətbuat xidməti ilə əlaqə saxlamağınızı xahiş edirik”- deyə səfrilik qeyd edib.

Bəli, ABŞ səfirliyinin bu diplomatik cavabında xeyli suallara cavab var. Əvvəla məlum olur ki, “Azərbaycan” tipli qəzetlərdə yazılan məqalələr ölkə daxilində olduğu kimi, ölkə xaricində də fərziyyə kimi qəbul olunur. Yəni bu qəzetdə yazılanları qeyri-ciddi qəbul edirlər. Digər tərəfdən, səfirliyin mövqeyində açıq ifadə olunur ki, problem səfirliklər çərçivəsindən çıxıb. Məhz buna görə də “Ağ evin mətbuat xidməti və Azərbaycan prezidentinin mətbuat xidməti ilə əlaqə saxlayın” fikri ifadə olunur. Deməli, baş verənlər hansısa mərkəzlərin Azərbaycana qarşı qərəzi yox, ABŞ və Azərbaycan hökumətləri arasındakı münasibətdir. 

Məlum olur ki, Azərbaycan hakimiyyəti ABŞ-la bütün körpüləri  yandırıb və münasibətlər dönməz xarakter alıb.

Akif