Azər Quliyev: «Açıq göründü ki, yaxınlarımız arıqlayıblar, onlara əzəb verilir»
14 saylı Cəzaçəkmə Müəssisəsindən Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə(“Tubzon”) köçürülən məhkumların yaxınları onlarla görüşüblər. Görüşdə iştirak edən hazırda məhkumluq həyatı yaşayan jurnalist Araz Quliyevin qardaşı Azər Quliyev qəzetimizə açıqlamasında deyib ki, qardaşının vəziyyəti pisdir: “Təxminən yarım saatlıq görüş oldu. Görüşdə Araz bizdən metr yarım aralıda, stolun arxasında oturmuşdu. Səsini güclə eşidirdik.
Əziyyətlə oturmuşdu. Onun başının üstündə, ətrafında 5 nəfər nəzarətçi dayanmışdı. Suallarımıza konkret cavab vermirdi. Danışığı ləng idi. Bilinirdi ki, Arazın vəziyyəti ağırdır. Ona çox əziyyət verilib. Suallarımıza ümumi sözlərlə cavab verirdi. Başqa söz deyə bilmirdi. Bizə onun bədəninə baxmağa imkan vermədilər. Elə deyirdilər ki, narahat olmayın, hər şey yaxşıdır. Belə nəticəyə gəldik ki, çox təzyiqə məruz qalıb. Başı ilə mənə işarə etdi ki, anamı görüşdə çox saxlamayım və anam onun bu vəziyyətini görməsin”.ÿ
A.Quliyev dedi ki, “Tubzon”un rəisi Nizami Quliyevlə də görüşüblər: “O dedi ki, 10 günə Araz və başqa məhkumların hara köçürüləcəyi bilinəcək. Sual verdik ki, uşaqlar vərəmdir. Dedilər ki, vərəm deyil”.ÿ
A.Quliyev dedi ki, məhkumlar Anar Qasımlı və Isa Yaqubov da yaxınları ilə görüşə biliblər. Onlara söz verilib ki, bir həftə sonra yenidən yaxınları ilə görüşə bilərlər. Amma məhbusların yaxınları bu cür görüşün təkrarlanmasına etiraz edirlər. Çünki onlar yaxınlarının real durumu barədə məlumat ala bilmirlər. “Biz yenidən bu qaydada görüşün keçirilməsinə etiraz edirik. Açıq göründü ki, yaxınlarımız arıqlayıblar, onlara əzəb verilir. Isa Yaqubovun anası da görüb ki, oğlunun əlində cızıq izləri var. Axsaya-axsaya gedir”,- deyə A.Quliyev vurğuladı.
Rəsmi açıqlanmasa da M.Quliyevin işgəncələrə cavab bəzi zabitləri cəzalandırdığı barədə mətbuat da informasiya yayılıb. Hələlik rəsmi orqanlar bununla bağlı açıqlama vermirlər. Yayılan informasiya barədə məlumatının olub-olmadığını A.Quliyevdən soruşduq. O bildirdi ki, bu barədə məlumatı yoxdur. Amma məhbus ailələri işgəncələrə cavabdeh şəxslərin cəzalandırılmasını istəyir: “On dörd saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Ibrahimovun və onun zabitlərinin cəzalandırılmasını istəyirik. Çünki onlar Elşad Babayevi döyüb, öldürüblər. Eyni zamanda bizim yaxınlarımızın da döyülməsində rol oynayıblar. Bundan başqa, ”Tubzon”un rəisi Nizami Quliyevin də cəzalandırılması gərəkdir. Çünki o, məhbuslara işgəncə verir”.
Hikmət


