İlqar Məmmədov
Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri
Siyasi məhbusları kimsə dövlət adına ələ almağa gələndə, söhbətə mütləq “suverenlik” sözünü dəyər kimi soxur. Guya bu şəxs və üzünə saxta şahid durdurulan məhkum hansısa dəyərlərə ortaqdırlar.
Hətta bu söhbətlərdən qabaq məni mat qoyan bir hadisəni danışım: on dəqiqə əvvəl saxta şahidi üzümə özü durdurub həbsimdə iştirak edən prokurorluq əməkdaşı sonrakı fasilədə mənə Azərbaycan türklərinin İrandan ayrılıb bizə birləşdirilməsi haqqında xəyalını bölüşürdü. Bəlkə də gözümdə hər ehtimala qarşı vətənpərvər görünmək istəyirdi. Adamdan soruşdum ki, birləşdirib güneylilərin üzlərinə də saxta şahidlər durduracaqsan? Sonda əlini mənə uzatsa da sıxmadım.
Doğrudanmı müstəqilliklə eyniləşdirilimiş o suverenlik bir əbədi dəyərdir, intellektual təməlini heç olmasa qismən bizə borcludur və onun naminə biz, məsələn, siyasilərimizə, jurnalistlərimizə, ictimai fəallarımıza böhtan atıb onları həbsxanalara atmalıyıq?
Heç də yox. Suverenlik 1648-ci ildə Vestfaliya sazişləri nəticəsində Avropada din və sülalə müharibələrinə son qoymuş, sonralar tədricən başqa xeyirli məqsədlərə xidmət məqsədilə inkişaf etdirilmiş, indi isə gələcəyə baxdıqda aktuallığını tədricən itirəcək bir məfhumdur.
İnsan cəmiyyətində “başqasının evinə müdaxilədən çəkin” qaydası da var, “başqasının evinə müdaxilə etməmək olmaz” qaydası da. Qonşuluqdakı evdən daim incidilən adamın iniltisi eşidilirsə, bir neçə xəbərdarlıqdan sonra qonşu ya da kənd o evin sahibinin dərsini verəcək. Bu, insanların ümumi məkanda yaşayışının təbiətindədir. Eynən beynəlxalq münasibətlərin təbiətindədir. Rabitə və nəqliyyat dünya məkanını daraltdıqca, fəlsəfi və etik dəyərlər təkamül yaşadıqca, bu təbiət 17-ci əsrdəkindən 400 illə ölçülən bir təcrübə yüksəkliyindədir.
Mənən geridəqalmış dövlətlərin əlində suverenliyin ideologiyaya çevrilməsi ilk dəfə deyil. Ənvər Hocanın Albaniyası, Çauşeskunun Rumıniyası Soyuq müharibə dövrünün Avropada ən müstəqil dövlətləri olmuşdular. Lakin, muharibədən daha da geridəqalmış halda çıxdılar. Şimali Koreyanın rəhbər ideologiyası da – Çuçxe – dilimizə tərcümədə elə təxminən “müstəqillik əbədidir” kimi bir şey deməkdir.
Suriyada Əsəd rejimi Holan Yüksəklikləri mövzusunu müstəqillik bağlantısında öz hakimiyyətinin qorunması üçün 30 il istismar etdi. Yerindən durub düz söz deyənin başına qapaz vururdu ki, “Bəs işğal altındakı Holan Yüksəklikləri?” “Bəs ərazi bütövlüyümüz? ”Axırı məlumdur – ölkə yoxdur, çünki qapaz vurmağın ustaları çoxdur və daim özlərinə qafası tunclaşmış yeni hədəf axtarırılar.
17-ci əsrdə suverenlik formulu Avropada ilk tapılanda, bu gün Azərbaycanda onun heyranlarına çevrilmişlərin ulu babaları qışlaq və yaylaqlarda nəyin peşində idilərsə – bunu onlardan bir çoxu öz yeniyetmə xatirələrinə dönüb fərz edə bilərlər. Amma Avropaya və Amerikaya indi xüsusi amansızlıqla suverenlik dərsi keçirlər, dollar və avro ilə ölçülən müvəqqəti nəğd pul ehtiyyatına güvənərək.
Klassik mənada müstəqilliyimiz əlbətdə ki, əbədi olmayacaq. Sual indi ondadır ki, öz müstəqilliyini bizimlə paylaşmağa hazır olan ölkələrlə müstəqilliyimizi insanlarımız və bəşəri tərəqqi naminə paylaşacağıq, yoxsa sonda kimsə gəlib həmin o müstəqilliyi əlimizdən zorla alıb, əvəzində heç nə verməyəcək?
Suverenliyin bütləşdirilməsi ikinci ssenarinin ehtimalını artırır. Qarabağı başqa səbəbə itirsək də, məhz müstəqillik mövzusuna yanlış yanaşma səbəbilə qaytara bilmirik.
Azərbaycan 20 ildir öz davranışı ilə dünyaya deyir ki, Qarabağı suveren mən həzrətlərinə qaytarın, mən orada özümüzdəki kimi rüşvətxor və siyasi motivli məhkəmələr quracam. Qarabağı mənə qaytarın və bizim oliqarxlar orada torpaqları və mülkləri zəbt edəcəklər. Oranı da rəqabətsiz siyasət və biznes inhisarları məkanına çevirəcəyik. Oranı da buranın hərtəfəli surətinə çevirəcəyik.
Ağıllı və qədim dünyadan cavabında eşidirik ki, oralar yuxarı-aşağı elə sizin gününüzdədir. Fərq yoxdursa, insan həyatı ya da əzabı bahasına nəyin nəylə dəyişdirilməsinə şərait yaradaq?
O qədər vaxt itirmişik ki, artıq bundan sonra demokratik cəmiyyət qursaq belə, dünyanın etibarını qazanmaq çox çətin olacaq.
Avropaya müstəqillik, dövlətçilik, idarəçılik dərsi keçmək cəhdləri bəzən lətifə qədər gülməli olur. Azərbaycan futbol yığması 6:0 hesabı ilə Avropa çempionatında uduzanda, baş məşqçı Berti Foqtsu dəyişdirirlər. İlham Əliyevin adam şərləyici komandası mənə Avropa Məhkəməsində əvvəlcə 7:0, dörd ay sonra isə 5:0 hesabı ilə uduzanda baş məşqçının yardımçısı Ramiz Mehdiyev çıxıb Azərbaycanda keyfiyyətli kadrların qıtlığından gileylənir. Əsl ikili standart budur.
“İkili standart” şüvəninə gəldikdə, o da bütləşdirilmiş müstəqillik ideologiyasına züy tutan ucuz təşviqat şüarıdır. Azərbaycana qarşı Qərbdə heç bir ikili standart yoxdur. Sadəcə Azərbaycan rəhbərliyi daxili və beynəlxalq hüquq təcrübəsindəki fərqi xalqdan bilə-bilə gizlətməyə çalışır.
Ölkədaxili qanunların işləməsini təmin etmək üçün hər yerdə dövlət vardır. Pis ya da yaxşı, onun işi həmin qanunların icrasıdır. Beynəlxalq münasibətlərdə isə, hüququn icrası dövlətin və onun müttəfiqlərinin əməli gücündən asılıdır.
Azərbaycan tərəfindən kimsə ucadan şikayətlənəndə ki, bəzi qətnamələr dərhal yerinə yetirilir, bəziləri isə 20 ildən artıq icrasız qalır – bu, uydurma, üçlü standart və saxtakarlıqdır. Bacarırsansa, ətrafına 20 dövlət yığıb BMT ya da başqa qurumun qətnaməsini icra et. Bacarmırsansa, onda xalqına cavab ver ki, niyə 20 ildə Azərbaycan özünə 20 güclü müttəfiq qazana bilməyib.
Cavabı əslində aydındır. Əgər kimsə öz hakimiyyətini milli maraqlardan üstün tutursa, ya da onları eyniləşdirirsə, deməli dünyada məhz belə ad çıxaracaq. Daxildə xalqı bir müddət aldatmaq olar. Ancaq dünya hər şeyə çox daha tez qiymət verir. Bir şəxsin rejiminin möhkəmlənməsi xatirinə heç kim Ermənistanın işğalçı siyasətini cəzalandırmaz. Beynəlxalq hüquq bunu heç kimdən tələb də eləmir. Nə rəsmən, nə də mənəvi borc şəkilində.
Ferguson hadisələrindən, Brüsseldə hansısa mitinqlərdən ilham almış Azərbaycan müəllimlərinin mühazirələrini eşitdik. Amma bu dərsdən bircə o nəticə çıxır ki, prezident Obama və onun başqa ölkələrdəki məlum həmkarları problem tanıyan və xalqa çözüm yolları təklif edən nadir liderlərdəndirlər. Geridəqalmış düşüncə hökm sürdüyü yerlərdə olduğu kimi “kənar qüvvələr”i ittiham etmirlər, qorxaq mövqeyə sığınmırlar.
Müqayisə üçün, Qubada 2012-ci ilin zorakı etirazları nəticəsində icra başçısını işdən qovmağa məcbur olmuş İlham Əliyev, 2013-cü il İsmayıllı hadisələrindən sonra icra başçısını heç bir halda əvəzləmək istəmirdi ki, kütləvi etirazla hakimiyyətin dəyişməsi təcrübəsi yayılmasın. Ancaq hadisələrdən beş gün sonra mən icra başçısının məlum yalanını sənədlərlə ifşa edəndə, o, həmin şəxsi vəzifəsindən çıxarmağa məcbur qaldı. Onu vəzifədən çıxarmaqdan bir neçə gün öncə məni şərləyib həbs etdirdi ki, ifşa mexanizmini söndürsün. Ancaq yerli idarəetmə böhranını durdurmaq olmaz. 2014-cü ildə Gəncədə insanlar toplaşıb rayon icra başçısını hətta döydülər. Çünki problem məndə deyil, bələdiyyəsizlikdədir. Yerlərdə hakimiyyət birmənalı şəkildə bələdiyyələrə, həqiqətən seçilmiş bələdiyyələrə verilməlidir. İcra başçısı mexanizmi artıq işləmir – bunu nə qədər neft pulu ilə örtüb-gizlədirsən ört-gizlət.
Doğrudur, 2013-cü ildə prezident seçkilərinin ənənəvi axarına imkan verməyəcəyimə görə onsuz da tutulmalı idim. İsmayıllı hadisələri sadəcə bəhanə oldu. Sonrakı dövrdə partiyalara və qeyri-hökümət sektoruna paranoik şübhələr əsasında edilən həbs və qadağa hücumları bunu bir daha təsdiq edir. Ara, bir neçə il ərzində 12 milyon manat xərcləyib fağır QHT tipajları vasitəsilə hər hansı dövləti dağıtmağı ya da zəiflətməyi kənardan kimsə mümkün sayırsa, demək o dövlət artıq dağılacaq görkəmdədir ki, bu rəqəm mövzusunda səs-küy salanlar (halbuki propaqandist rəqəmdən başqa ortalıqda onu tam əhatə edəcək məzmunlu bir şey yoxdur) ancaq problemlər qarşısında öz zehni yardımsızlığını soyundurub adam arasına çıxarırlar.
Müstəqillik mövzusunu son zamanlar gündəmdə saxlayan amil həm də insan haqları mövzusunda Bakının Vaşınqton və Brüssellə söz savaşına çıxmasıdır. Bəziləri bu savaşı sadəcə Moskvanın sayıqlığını yatırtmaq məqsədi güdən geosiyasi hiylə hesab edir, “axı” Qərb tərəfdən ortalıqda sözlərdən başqa heç nə yoxdur. Deyirlər guya qaz kəmərləri tikilən dövrdə Əliyevlə Qərb birləşib “rusu” aldadırlar. Çoxdan məlum həqiqətləri çox da təkrarlamaq istəməzdim, ancaq sözün yaratdığı ictimai dalğaların sonra çərçivəyə sığdırmağın çətinliyini Vaşınqtonda və Brüsseldə məncə hər kəs anlayar. Onların əməlsizliyi, ifrat söz güləşdirməsi bam-başqa və açıq oyunun qaydalarına uyğundur, nəinki taktiki fitnəyə.
Bu müsbət mənalı “oyun”un adı təəcüblü olsa da, yenə müstəqillikdir. Kütləvi “inilti” bu evdən eşidilməyincə, çətin ki dünyada kimsə sözdən əmələ keçsin. Azərbaycan ayrı bir ərazi və əhalidir – xəritədə qalacaqsa da, qalmayacaqsa da, məsuliyyətini burada yaşayan insanlar daşımalıdır. Qaz kəmərini Azərbaycan dövləti indi tikə bilər, lakin qazı son nəticədə Avropa Birliyinə başqa adlı bir dövlət satası olsa, heç kim “Azərbaycan” sözü və dövlətinin süqutuna və qeyb olmasına görə ağlamaz. Onlar sadəcə xoş məramla və təcrübə yüksəkliyi nöqtəsindən narahatçılıq səsləndirib xalqımıza xəbər verirlər ki, belə rejim gələcəkdə ölkəni ən azından silkələdəcək. Onda nəinki sanksiyalar olacaq, iş hətta Bakının küçələrində beynəlxalq silahlı qüvvələrin patrul xidmətindən gedəcək.
Bir il əvvəl Kiyevdə yüz minlərlə vətəndaş meydana Avropa Birliyi bayraqları altında axışmasaydı, dayanışma və qəhrəmanlıq göstərərək müstəqilliyin 19-cü əsrdəki anlamından 21-ci əsr yozumuna yürümək istəməsəydi, bəyəm Viktoriya Nuland və onun sevgilisi Brüssel Ukrayna xalqına bu yürüşdə həlledici kömək edərdilərmi? Heç də yox.
Bəzən “müstəqilik” demaqogiyası indiki rejimin ifasına lap gülünc çıxır. Müstəqilliyi bütləşdirmiş dövlətin rəhbərinə saxta seçkidə qələbə münasibətilə qeyri-təbrik məktubunda İngiltərə baş naziri yazmazdı ki, qaz kəməri haqda son qərarı verilsə, nazirimi açılış mərasiminə göndərərdim. Seçki bahasına minnətli müstəqillik!
Keçmişdə Azərbaycan Milli İstiqlal Partiyasını təmsil eləmiş bir şəxs kimi deyə bilərəm ki, müstəqilliyimiz həqiqətən tarixi nailiyyət olsa da, onun Çüçxe və s. kimi bütləşdirilməsi mütəşəkkil axmaqlığın təntənəsidir. Kəşflər və nailiyyətlər insan həyatını zaman və coğrafiya müqayisəsində potensialdan aşağıda saxlayırsa, deməli onlara şər qüvvələri sərəncam verməkdədir.
Suverenliyin qaçılmaz 21-22-ci əsr təcrübəsinə kor-koranə keçidin də əleyhinəyəm. Ancaq Azərbaycan dövləti ən əvvəldən səhv yoldadır. Suverenlik bəşər tarixində əbədi dəyər deyil, haçansa icad olunmuş və haçansa yox olacaq bir alətdir. İctimai və bəşəri idarəetmə alətləri insanları gözəllik, elm, tərəqqi harmoniyasına cəlb etməkdən ötrü təkamül tapır, üzəduranlara,“prokuror və hakim”lərə arxalanıb cinayət məsuliyyətinə cəlb etməkdən ötrü yox. Ölkəmiz geriçi ideologiyalı bu dövləti rədd etməli, insan sifətli dövlət qurmalıdır.


