Rusiyanın çökən iqtisadiyyatı iğtişaşlar yarada bilər?

Rusiyanın baş naziri Dmitry Medvedev bazar ertəsi deyib ki, ölkəsinin İqtisadi durumu “ən azın kifayət qədər problemlidir.” Foreign Policy yazır ki, neftin qiymətinin və rublun dollara nisbətən sürətlə düşdüyü bir vaxtda bu sözlər yeni ilin xeyli təmkinli bəyanatı sayıla bilər. Foreign Policy yazır:
 
“İstehlak mallarının getdikcə qıtlaşmasının, rublun ucuzlaşmasının, bunun Rusiyanın daxili siyasətinə də ciddi təsirləri var. Yanvarın ilk həftəsindən Orta Asiya və Qafqazdan Rusiyaya əmək miqrasiyası ötən ilin eyni dövrü ilə müqayisədə 70 faiz azalıb.
 
Məlumatı Federal Miqrasiya Xidməti yayıb. Bu, ölkənin ksenofobik, bəzən də zorakı millətçi hərəkatı üçün bir stimul ola bilər, çünki onlar immiqrantların evlərinə qayıtmasını istəyirlər.”
 
Foreign Policy qeyd edir ki, 144 milyon əhalisi olan Rusiyada 11 milyon mühacir yaşayır. Çoxu da Moldova, Ukrayna, Özbəkistan və Tacikistandan gəlib. Miqrantlarla yerli əhali arasında toqquşmalar da az olmayıb. Sova Mərkəzinin məlumatına görə, 2014-cü ildə etnik hücumlarda 19 nəfər ölüb, 103 nəfər yaralanıb.
 
Müəllif qeyd edir ki, miqrantlar bütün bu çətinliklərə baxmayaraq iş dalınca Rusiyaya gəlirdilər. Məsələn, Orta Asiyanın iqtisadiyyatı Rusiyadan göndərilən pullardan çox asılıdır. Ancaq rublun dəyəri düşdükcə bu göndərişlər də iki dəfəyədək azalıb.
 
2012-ci ildə Rusiya Federal Miqrasiya Xidməti Federal Migration Service bildirirdi ki, ölkə əhalisi azaldığından mühacirlərin əməyinə ehtiyac var. Digər tərəfdən avtoritar Orta Asiya hökumətləri də fəhlələrin xaricə getməsinin tərəfdarıydı. Əmək miqrasiyasına sosial “təhlükəsizlik nəfəsliyi” kimi baxırdı, yəni bu yolla iqtisadi durğunluğu ertələməyə, siyasi sabitsizliyi önləməyə çalışırdı. 
 
Foreign Policy-də dərc olunmuş məqalədə daha sonra oxuyuruq:
 
“Orta Asiyaya daha çox miqrant qayıtdıqca, regionda siyasi sabitsizlik yarana bilər. Uzağa getməyək, 2010-cu il Qırğızıstan inqilabına baxaq. 2008-ci il iqtisadi böhranından sonra Rusiya iqtisadiyyatı zəiflədi. Daha çox kişilərdən ibarət miqrantlar Qırğızıstana qayıtdı. Opportunist siyasətçilərin dəstəyi ilə küçə etirazları başladı və nəhayət 2010-cu ilin aprelində prezident Kurmanbek Bakiyev devrildi.
 
İndi işsiz fəhlələrin yeni nəsli korrupsiyaya uğramış, iqtisadiyyatı durğun Orta Asiyaya qayıdır. Rusiya periferiyasında daha çox hökumətlər çökməyə başlasa, Medvedev digər “problemli” durumlardan narahat olmağa başlayacaq”. (azadliq.org)